Bakı şəhəri Nəsimi rayonu Hüseyn Rəsulbəyov, Mehdi Mehdizadə və Qərib Babayev küçələrindəki mənzillərdə yaşayan bir qrup sakin elektron poçtumuza yazılı qaydada müraciət edib. Sakinlər qeyd edilən ünvanda boş ərazinin parka çevrilməsi, yaşıllıq zolaqlarının salınması, insanların mədəni istirahətinin, asudə vaxtlarının səmərəli keçirilməsi üçün burada mümkün şərait yaradılmasına köməklik göstərməyimizi xahiş ediblər.
Müraciət müəllifləri ərazidən çəkilmiş fotoları, məkanı təsdiq edən xəritəni də redaksiyamıza yollayıblar. Qeyd ediblər ki, sözügedən ərazidə park salınarsa, bu, paytaxtımızdakı Ağ Şəhər, Xocalı abidəsi, “Sevirəm”, Səməd Vurğun, Heydər Əliyev, “Qış parkı”, Hüseyn Cavid parklarını birləşdirən möhtəşəm layihə ola bilər. Sakinlərin iddiasına görə, yeni park planı yol, piyada və kommunikasiya infrastrukturuna, xüsusən də ekologiyaya müsbət təsir edə bilər. Biz də vətəndaşların yolladığı fotoları və irəli sürdükləri təklifləri həm Nəsimi Rayon İcra Hakimiyyətinə, həm də Nəsimi rayonundan Milli Məclisə seçilən deputata ünvanladıq. Sakinlərin müraciətinə dair hər iki tərəfin mövqeyini öyrənməyə çalışdıq.
Təəssüf ki, Nəsimi Rayon İcra Hakimiyyətindən hər hansı cavab ala bilmədik.
İnanmıram ki, kimsə orada özbaşına hansısa tikinti işləri aparsın
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə vətəndaşların təklifini müsbət qarşıladı. O, Bakı şəhəri ərazisində sürətli tikinti-quruculuq işlərinin getdiyini, müasir göydələnlərin ucaldığını xatırladaraq, bu çərçivədə park və xiyabanlara, paytaxt sakinlərin mədəni istirahətini təmin edəcək ərazilərə böyük tələbat yarandığını vurğuladı. Deputat M.İbrahimqızı Prezident İlham Əliyevin də bu məsələni diqqət mərkəzində saxladığını, dövlət başçısının iştirakı ilə Bakı şəhərində müasir parkların açılışı olduğunu söylədi: “Paytaxt ərazisində park və xiyabanların, yaşıllıq zolaqlarının sayının artması, əhatəsinin daha da genişlənməsi ölkə rəhbərliyinin daim nəzarətindədir. Bu mənada Nəsimi rayon sakinlərinin təşəbbüsünü mən də dəstəkləyirəm. Sakinlərin qeyd etdiyi ərazinin parka çevrilməsi, ağacların əkilməsi həm ekologiyaya müsbət təsir edər, havanı təmizləyər, şəhərimizin gözəlliyini artırar, həm də vətəndaşların asudə vaxtının səmərəli keçməsinə töhfə olar. Ətrafdakı binalarda yaşayan sakinlərin dincəlməsi, uşaqların oynaması, yaşlıların gəzintisi, sağlamlığı üçün də bu, çox vacibdir. Əminəm ki, bu, belə də olacaq. İnanmıram ki, kimsə orada özbaşına hansısa tikinti işləri aparsın. Burada gözəl bir guşə yaradılarsa, yaşıllıq sahələri salınarsa Bakı sakinlərinin rahatlığına, dincliyinə xidmət edəcək. İnanıram ki, məhz belə də olacaq”.
Qanunvericilik nə deyir?
Məlumat üçün bildirək ki, Azərbaycanda hələ 2019-cu ildən tikinti şirkətlərinin qarşısına yeni tələblər qoyulub. Çoxmərtəbəli bina inşa edən sahibkarlar, ərazinin 40, müstəsna hallarda 25-30 faizində yaşıllıq salmalıdırlar. Bu tələb "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" nda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində öz əksini tapsa da, tikinti maqnatları əksər hallarda buna əməl etmirlər.
Vətəndaşların tələbləri haqlıdır
Hüquqşünas Fərhad Nəcəfov deyir ki, “Şəhərsalma və Tikinti Məcəlləsi”nə əsasən, yaşayış məntəqələrində “Yaşayış Məntəqələrinin Yaşıllıqla təmin edilməsi Normaları”na uyğun olaraq, yaşıllıqlar salınmalıdır. Mütəxəssisin sözlərinə görə, həmin Məcəllədə yaşayış məntəqələrinin müfəssəl planı deyilən bir sənəd var: “Həmin planda yaşayış məntəqələrində yaşıllıq ərazilərinin salınması yerli icra hakimiyyətləri qarşısında qanunun tələbidir. Məcəllənin 68-ci maddəsində bu qeyd olunub. Bu norma məcburidir. İstənilən şirkət oradakı sahənin minimal olaraq 25 faizinin yaşıllıq ərazisinə aid olmasını icra etməlidir. Yəni ərazilərində park, yaşıllıq tələb edən vətəndaşlar haqlıdır. Məhkəmə qaydasında onlar tələblərini icra etdirə bilərlər”.
“Ekoloji baxımda binaların ərazilərində yaşıllıqların olması vacibdir”
Əmlak eksperti Elnur Fərzəliyev isə bildirir ki, 2018-ci ilə qədər yeni tikili, çoxmənzilli yaşayış binalarında icazələr və sərəncamları icra hakimiyyətləri verirdi. Bu zaman şəhərin ümumi baş planı pozuldu: “Pərakəndə şəkildə harada gəldi tikilən binalarda müəyyən olunan normativlər öz əksini tapmamışdı. Daha sonra 2018-ci ildə bu tikililərlə, çoxmənzilli yaşayış binaları ilə bağlı bütün səlahiyyətlər Şəhərsalma və Arxiktektura Komitəsinə verildi. Tikintilərlə bağlı yeni qəbul olunan normativə əsasən də, çoxmənzilli binaların inşası zamanı həyətyanı sahəsində yaşıllıqlar, parklar olmalıdır. Bu gün hətta sovetin vaxtından qalan həyətyanı sahələr, köhnə binalardakı ağaclar da artıq quruyub və baxımsız vəziyyətdə qalıb. Daha çox dekorativ ağaclar çəkilib. Ekoloji baxımdan binaların ərazilərində yaşıllıqların olması vacibdir”.
Ərazidə parkın salınması mütləqdir
Mütəxəssis vurğulayır ki, sakinlər tələblərində tam haqlıdırlar: “Parklar insanların dincəlməsi, yayda sərinləməsi üçün mütləqdir. Əvvəllər hər 5 mərtəbəli binanın ərazisində olan ağaclar əhalinin sayına uyğun nəzərdə tutulurdu. Amma indi bunlar sökülür, 15 mərtəbəli binalar tikilir, amma yaşıllıq, park nəzərə alınmır. Ərazidə parkın salınması mütləqdir”.
Nə qədər çox yaşayış ərazilərində parklar salınsa...
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də deyir ki, yaşıllıq zolaqlarının artırılması dünyada prioritet məsələdir: “Təsadüfi deyil ki, Bakı və Bakıətrafı ərazilərdə bu yaşıllaşdırma geniş plan şəklində həyata keçirilir, park zolaqları salınır. Atmosferin oksigenlə təchizatında yaşıllıq zolaqlarının müstəsna əhəmiyyəti var. Nə qədər çox yaşayış ərazilərində parklar salınsa, bir o qədər infrastruktur, məişət, xidmət obyektlərinin atmosferə vurduğu ziyanın, çirklənmənin qarşısı alınacaq, şəhərin oksigen təchizatını artacaq. Ekoloji cəhətdən yaşıllıq zolaqlarının çoxaldılması ciddi əhəmiyyətə malikdir”.
Vətəndaşların park salınmasını tələb etməsi, çox yaxşı nümunədir
Mütəxəssis deyir ki, Bakı şəhərini yeni tikililərlə bərbad vəziyyətə saldılar: “Şəhərin hər yerində bina tikiblər, parklar üçün yer saxlamayıblar. Vətəndaşların park salınmasını tələb etməsi çox yaxşı nümunədir. Sakinlər belə parklarda həm insanlar mədəni istirahət edir, həm idman edir, həm velosiped sürürlər. İnsanların rahat yaşamasının, sağlam olmasının təminatında parklar böyük rol oynayır”.
Sonda onu da xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxt Bakıda “Bizim həyət” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhərinin müxtəlif ünvanlarında binaların həyəti və ətraf ərazilər abadlaşdırılaraq sakinlərin ixtiyarına verilir. Redaksiyamıza müraciət edən sakinlərə tövsiyə edərdik ki, “Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və təşəbbüslərini İDEA İctimai Birliyinə də təqdim etsinlər.