Dörd il ərzində israilli gənc proqramçı Mayk Omer (Mike Omer) Federal Təhlükəsizlik Bürosunun (FTB) profayleri Zoi Bentlidən (Zoe Bentley) bəhs edən “Qatil ağlı” (“A Killer’s Mind”) romanı ilə “Amazon”-da bir nömrəli müəllifə çevrilib. 2018-ci ildə işıq üzü görən bestseller dərhal “The New York Post” nəşrinin tövsiyə siyahısına düşüb. Omer “Forbes Life” nəşrinin ədəbi şərhçisi Natalya Lomıkina ilə uğurunun sirrini bölüşüb.
FED.az müsahibəni ixtisarla təqdim edir:
2018-ci ilin iyul ayında 39 yaşlı Mayk Omer “Amazon”-un müəllif reytinqində Coan Roulinq (Joanne Rowling), Ceyms Patterson (James Patterson) və Stiven Kinqi (Stephen King) geridə qoymağı bacarıb. “Qatil ağlı” ötən il Rusiyada ən çox satılan kitab olub. Bestsellerin baş qəhrəmanı FTB profayleri, yəni xırda detallardan cinayətkarın profilini və tərzini qura bilən kriminal psixoloq-analitikdir. Çikaqo körpüsündə gənc və gözəl qadının meyitinin tapılması ilə başlayan araşdırmaya belə bir mütəxəssis lazım olur. Qatil qurbanını boğaraq xüsusi məhlulla bütün bədənini mumlayır. Bu da meyitin istənilən pozada sərgilənməsinə imkan yaradır. FTB kömək məqsədilə agent Tatum Qreyi (Tatum Gray) Çikaqoya göndərir. O da öz növbəsində Zoi Bentlini işə cəlb edir.
— Mayk, deyəsən, siz “bestseller kodu”nu tapan həmin yazıçısınız. Əlbəttə, biz də bunun qaydasını öyrənmək istəyirik.
— Yaxşı, ancaq söz verin ki, heç kimə deməyəcəksiniz.
—Sadəcə nəşr edəcəm. Beləliklə, 2018-ci ildə “Qatil ağlı” romanı işıq üzü gördükdən sonra siz “Amazon”-un ən uğurlu müəllifi oldunuz. Nə hiss edirdiniz?
— Əla hiss idi. Ən ağlasığmaz arzularımda belə, bu cür uğur qazanacağımı təsəvvür etmirdim. Nəzərə alın ki, yazıçıyam və xəyal qura bilirəm, özü də inandırıcı xəyallar. Bu, mənim üçün yüz faizlik uğurdur! Deyirlər, xoşbəxtlik gəldi-gedər hissdir, amma mən son iki ildir özümü daimi xoşbəxt hiss edirəm.
— Bu, nə qədər gözlənilən idi?
— Belə bir şey olacağını heç gözləmirdim. Əlbəttə, “Thomas and Mercer” nəşriyyatı ilə müqavilə bağlayanda mənə söz vermişdilər ki, “Amazon”-un ilk sıralarında olacam, ancaq bu, sadəcə proqnoz idi. Nə yalan deyim, böyük uğurun mümkün olduğunu düşünürdüm, ancaq buna necə nail olacağımı bilmirdim. Kitablarım satılsa da, dünya bazarında onlar barədə heç kim heç nə bilmirdi. Heç vaxt, ən cəsarətli arzularımda belə, tərcümələrlə, müəlliflik hüququnun satışı ilə bağlı belə bir uğur gözləmirdim. Əsərin tərcümə edilməsi beynəlxalq bazara yol açır. Bu hissi təsvir etməkdə çətinlik çəkirəm. Kitabının başqa dillərə tərcümə edilməsi uğurun zirvəsidir. Bütün bunlar məni qəfil yaxaladı və çox əla hissdir.
— “Qatil ağlı” romanı ötən il “Forbes”-də ən çox satılan bədii kitablar siyahısına başçılıq edib. Bestseller kodunu bilmirəm, amma dəqiq bilirəm ki, siz yaxşı təhkiyəçisiniz. Əsəri axşam saat 11-də oxumağa başlamışdım. Fikirləşirdim ki, bir saat oxuyub yatacam. Lakin səhər saat 4-də yatmalı oldum. FTB profayleri Zoi Bentlinin hekayəsi marağımı cəlb etmişdi. Özü də detektiv əsərlər üzrə təcrübəli oxucuyam. Bununla yanaşı, ixtisasınız proqramçıdır. Nə vaxt peşəkar yazıçı olmaq qərarına gəldiniz və ədəbiyyat sahəsi üzrə təhsil almısınızmı?
— Məncə, peşəkar yazıçılığa 16 yaşımda başlamışam. Onda yazı-pozu ilə bağlı heç bir anlayışım yox idi və indi həmin kitabı oxuyanda bir az utanıram.
— Demək istəyirsiniz ki, 16 yaşınız olanda kitab yazmısınız və onu çap ediblər?
— Bəli! İsraildə yaşayıram, ona görə kitab da ivrit dilində çıxmışdı. Yumoristik fentezi janrında qələmə almışdım. Özü də, nəzərə alın ki, mən onu plansız yazmışdım. Sonluğun necə olacağını bilmədən başlamışdım, yəni qaydasız. Həmin əsəri qələmə alanda Terri Pratçett (Terry Pratchett) və Duqlas Adamsın (Douglas Noël Adams) təsiri altında idim. Onlar mənim böyük qəhrəmanlarımdır. Nə isə, Pratçett tərzində (mənə elə gəlirdi) fentezi yazdım, bir neçə nəşriyyata göndərdim və birinin həqiqətən xoşuna gəldi. Kitabı çap etdilər.
—Yəqin, 16 yaşında öz kitabını mağazada görmək əla hissdir.
— Hə…beyin partlayışı idi. Kitab “tutmadı”, təkrar nəşr etmədilər, amma onda bu, mənim heç vecimə deyildi. Bütün bunlar əhəmiyyət daşımırdı, çünki həmin an kitabımın kitab mağazasında olması – bu faktın özü artıq uğur idi.
Yazıçı kimi etdiyim bütün işlər analitik düşüncə qabiliyyətimlə əlaqədardır. Oxumağı sevirəm. Kitab xoşuma gələndə beynim onu “emal edir”, məni cəlb edən nüansları, ən çox xoşuma gələn məqamları təhlil etməyə çalışır. Odur ki, “təhsil”in böyük bir hissəsi çox oxumağım hesabına öz-özünə alınıb. Əlimə düşəni oxuyurdum, üstünlük verdiyim, sevdiyim xüsusi janr yox idi. Odur ki, beynimə hər yerdən çoxlu bədii priyom yığmışdım. Redaktorum bir dəfə “Qatil ağlı”nı şərh edəndə dedi ki, əsərin qəhrəmanı Zoi Bentlinin bəzi xüsusiyyətləri polis trillerindən daha çox romantik əsərə uyğun gəlir. Mən də cavab verdim ki, bəli-bəli, elədir ki var, bu, onun təbiətinin bir hissəsidir. Məndə bu cür hallar çox olur.
Ümumiyyətlə, detektiv yazmağa qərar verəndə artıq uğura fokuslanmışdım. Yaxşı satılan kitab yazmaq istəyirdim. İngilis dilində çap etdirdiyim ilk kitablarım “young adult” və qorxu janrında idi. Düzünü desəm, onlar kommersiya cəhətdən elə də uğurlu olmadılar. Sonra uğurlu detektivlərin müəllifi olan yoldaşımla görüşdüm. Nümunə kimi onun bir neçə kitabını oxumaq istədim. Satılan kitabı necə yazmaq lazımdır? Bunu başa düşməliydim. Getdim bir neçə kitab aldım və oxucunu cəlb edən tərəflərini təhlil etdim. Mən də belə etdim. Kitablarımı qələmə alarkən əsas götürdüyüm yazı şablonumu yaratdım.
— Strategiya mövzusuna geri qayıdaq. İlk kitabınız nəşr olunduqdan sonra texniki təhsil aldınız və yazıçılıq üzrə deyil, kompyuter elmləri üzrə ixtisaslaşdınız.
— İsraildə cəmi səkkiz milyon insan yaşayır və yazıçı uğurlu olsa belə, kitab bazarı onun pul qazana biləcəyi qədər böyük deyil. Ən uğurlu yazıçılarımızın belə, əlavə gəlir mənbəyi var: mühazirələr, tərcümələr, ekran işləri ilə bağlı müəllif hüquqlarının satışı və sair və ilaxır. İsraildə yazıçılıq həmişə müstəqil peşə kimi qəbul edilməyib. Yazıçılıqla çörək pulu qazana biləcəyimi düşünmürdüm. Əvvəlcə jurnalist olmağı və bu yolla pul qazanmağı planlaşdırırdım, sonda qərara gəldim ki, IT-mütəxəssisi daha etibarlı peşədir.
— Kitaba yazdığınız epiqrafı nəzərə alsaq, həyat yoldaşınız sizə kömək edir. Müəllif kimi Zoi obrazı sizə nə qədər yaxındır və onu nə qədər yaxşı başa düşürsünüz? Axı hər kişi yazıçıda Floberin “madam Bovari elə mən özüməm” yüngüllüyü alınmır.
— Əlbəttə, həyat yoldaşım kömək edir. Əsasən ondan kitabdakı konkret məqamlar barədə soruşuram: müxtəlif vəziyyətlərdə necə hərəkət edərdi, bu yanaşmalardan hansı ona daha yaxındır. Bəzən birlikdə fikir alış-verişi edirik. Həmişə birinci qaralama bitən kimi ona oxumağa verirəm. O da həmcinslərinin düşüncələri ilə bağlı mənə ipucu verir. Odur ki, müəyyən informasiyanı birbaşa ondan alıram, yerdə qalanını – intuitiv şəkildə əldə edirəm, həyat yoldaşım, bacım, rəfiqələrim barədə düşünürəm, onların müxtəlif məsələlərlə bağlı fikirlərini yada salıram. Onlar çox vaxt mənə ideya verirlər, kiçik düzəlişlər edirlər, xüsusilə geyimlə əlaqədar.
Məncə, qulaq asaraq, müşahidə edərək və başqa qadın personajlar barədə oxuyaraq, onların necə fikir yürütdüyünü və necə reaksiya verdiyini izləyərək qalan məsələlərin öhdəsindən təkbaşına gələ bilirəm.
“Qatil ağlı” kitabının üz qabığı
— IT sahəsində fəaliyyətinizi davam etdirəcəksinizmi?
— Xeyr! “Hörümçək toru” (“Spider’s Web” – “Qlenmor Park” seriyasının birinci kitabı – red.) çapdan çıxdıqdan və satılmağa başladıqdan sonra direktoruma dedim ki, 30 gündən sonra işdən ayrılacam. Sanki, uçurumdan tullanırdım, çünki “başqa uğurlu kitab yaza biləcəmmi?” – bunu bilmirdim. O an necə oldusa, eyforiyaya qapıldım və kifayət qədər kitab sata biləcəyimi düşündüm. Lakin işdən ayrılanda məlum oldu ki, hər şey qat-qat çətin imiş. Elə olurdu ki, başımı qaşımağa belə vaxtım olmurdu — sadəcə tapşırığı alıb işləmək lazım gəlirdi. Ümid edirəm, bundan sonra həyatımda darıxdırıcı texniki tapşırıqlar olmayacaq.
—Görünən odur ki, siz bütün yumurtaları bir səbətə yığan müəlliflərdən deyilsiniz: müxtəlif seriyalar, müxtəlif oxucular.
— Hazırda istifadə etdiyim daha üç təxəllüsüm var. Təbii ki, əsas təxəllüsüm Mayk Omerdir. Bütün diqqətimi ona yönəltmişəm. Ancaq “Thomas and Mercer” nəşriyyatı ilə müqavilə imzalayanda kitabın təxminən bir il səkkiz aydan sonra işıq üzü görəcəyini dedilər. Kitablarını özü nəşr etdirməyə adət etmiş biri üçün bu, çox uzun bir müddət idi. Özün nəşr edəndə proses necə olur: kitabı bitirirsən, təxminən üç həftə redaktəyə gedir, sonra bir həftə düzəlişlərə – və hazırdır. Cəmi bir ay çəkir, nəşriyyatdan isə bir il səkkiz ay deyirdilər. Mən də öz-özümə dedim: “Yaxşı, amma mən də necəsə yaşamalıyam axı”. Ona görə yazıçı dostumla əlaqə saxladım və birlikdə şəhər fentezi seriyası yazmağı təklif etdim. Aleks Rivers (Alex Rivers) adı altında başqa bir təxəllüs yaratdım. Həmin təxəllüslə fentezi yazıram. Artıq yeddi kitab hazırdır. “Qatil ağlı”nın nəşrini gözləyənə qədər həmin kitablardan beşini çap etdirdim. Sadəcə pul qazanmaq məqsədilə. Odur ki, Aleks Rivers bir vaxtlar mənim əsas gəlir mənbəyim və ailəmin çörək ağacı olub. Sonra Mayk Omer adı altında çap olunmağa başladım və Aleks Rivers kənara çəkildi. Ona görə düz deyirsiniz, yumurtaların hamısını bir səbətə yığmamağa çalışıram.
— Bu ki, çox böyük bir işdir! Hər gün yazırsınız? Belə qısa müddət ərzində necə oldu ki, bu qədər kitab yaza bildiniz?
— Bəli, hər gün yazıram, mənim üçün bu, adi bir işdir. Səhər oyanıram, həyat yoldaşımla birlikdə uşaqları məktəbə yola salırıq və səhər 9:30-dan axşam 18: 30-a qədər (bəzən uşaqlara baxmalı olanda 16: 30-a qədər) yazıram. Bütün vaxtımı yazmağa sərf etmirəm. Təkcə qaralama üzərində işləyəndə hər gün 2000-2500 söz yazıram. Bunun sayəsində qaralamanı bir neçə aya bitirə bilirəm. Qalanı redaktə və düzəlişlərdir. Bəli, iş çoxdur. Lakin ona iş kimi baxanda, yükün öhdəsindən gəlmək olur.
Əlbəttə, ilhamla işləyən yazıçılar da var. Tamamilə normal yanaşmadır. Lakin mənim halımda ilham mənbəyi və ya yaradıcılıq həvəsini gözləmək alınmır. Ümumiyyətlə şiddətli həvəs hiss etmədən masa arxasına otura və nəsə yaza bilirəm. Bilirəm ki, mənasız şey alınır, ancaq onu sonra redaktə zamanı düzəltməyi də bacarıram. Hər şey qaydasındadır, bu, iş prosesinin bir hissəsidir.
— Şəxsi məsələ olsa da, bu işin maddi tərəfinə toxunmaq istəyirəm. Gəlirli müqavilə imzalamısınız. Bir halda ki, satış göstəricilərinə görə Coan Rolinqi geridə qoymusunuz, görünür, istədiyinizdən daha çox şey əldə etmisiniz. İlk növbədə nə etdiniz?
— Bu sual üçün maraqlı həmsöhbət deyiləm, çünki həmin vaxta kimi artıq evim var idi. Avtomobilimin markası mənim üçün əhəmiyyət daşımır… darıxdırıcı insanam! Uçmağa başladım — düzdür, biznes siniflə deyil, yaxşılaşdırılmış ekonom siniflə. Mənim üçün bu, doğrudan da, yeni pillədir.
Ən əsası bilirsiniz nədir? İndi istədiyim kitabı ala bilirəm. Bu vaxta qədər vəziyyət təqribi belə idi: kitabdan bir hissə oxuyurdum, həmin fraqment xoşuma gəlirdisə, kitabı alırdım. İndi isə qiymətinə baxmadan kitabı alıram. Pul mənə böyük seçim azadlığı verdi! Əslində çox az xərcləyirəm… Toyuq hini və beş toyuq aldım. Əvvəl belə bir şey almazdım, çünki artıq pulum yox idi.
— Lokdaun haqqında da mütləq sual verməliyəm. İsraildə əhalinin böyük əksəriyyəti artıq peyvəndlənib, bununla belə, lokdaun davam edir. İnsanların bu məsələyə münasibəti necədir? Bütün bunların tezliklə başa çatacağına dair bir hiss varmı?
— Eynilə. Məncə, nikbin əhval-ruhiyyə üstünlük təşkil edir, hərçənd lokdaunla bağlı qərəz də çoxdur. Çoxları bunu “siyasi lokdaun” adlandırır, çünki onun məqsədəuyğunluğu ilə bağlı çoxlu suallar meydana çıxır. Məsələnin dərininə gedib şəxsi fikrimi söyləməyəcəm. Bir onu deyəcəm ki, çoxları lokdauna görə hirslidir, elə mən də. Məncə, bütün bunları daha yaxşı təşkil etmək olardı. Ancaq yenə də peyvəndin tapıldığını və vaksinasiyanın davam etdiyini bilmək ürəkaçan xəbərdir. Deyəsən, həyatımda ilk dəfə İsraildə yaşadığım üçün insanlar mənə həsəd apardıqlarını etiraf edirlər. Əvvəl heç vaxt belə söz deyən olmamışdı.
Ruh yüksəkliyi hökm sürür. Ümumiyyətlə insanlar hiss edir ki, sonuncu lokdaunun da öhdəsindən gəldikmi – vəssəlam, yoluxma tempi aşağı düşəcək və hamımız ev dustaqlığından çıxacağıq. Belə bir hiss var ki, peyvənd sayəsində hər şey yaxşı olacaq.
— Bu vəziyyəti kitablarınızda əks etdirdinizmi?
— Xeyr. Hazırda üzərində işlədiyim kitabda hadisələr ABŞ-da cərəyan edir. Hətta dəqiq tarixi də söyləyəcəm: 7 yanvar 2020-ci il. Qəhrəmanların reallığında “COVID-19” hələ ki, Çinin problemidir, onlara gəlib çatmayıb.
— Əlbəttə, 2026-cı ildə 2020-ci il haqqında koronavirussuz kitab oxumaq qəribə olar.
— Yazıçıların çoxu narahatdır ki, maska, əlcək və dezinfektor təsvirləri ilə kitabları köhnəlmiş təsiri bağışlayacaq. Mən isə düşünmürəm ki, beş ildən sonra hər şey unudulacaq və köhnələcək. Pandemiya tezliklə unudulacaq və tarixi hadisə kimi qəbul ediləcək travmatik bir olaydır. Sadəcə dövrün əlamətlərini ötürmək lazımdır. Məncə, pandemiyanı süjetin mərkəzi etmək lazım deyil, amma onu fon kimi istifadə etmək lazımdır. Mən də belə etməyi planlaşdırıram.
— Sonuncu sualım: sərhədlər açılanda hara gedəcəksiniz?
— Triller müəlliflərinin hər il keçirilən konfransını səbirsizliklə gözləyirəm. Tədbir avqust ayında ABŞ-da keçirilməlidir. O vaxta kimi peyvənd olunsam, ilk işim ora getmək olacaq. Oğlum bu yaxınlarda bar-mitsva (yəduhi oğlanların və qızların dini cəhətdən yetkinlik yaşına çatdığını göstərmək üçün iudaizmdə istifadə olunan termin – red.) yaşına çatıb. Harasa getməyi düşünürük, hələlik dəqiqləşdirməmişik. Ona peyvənd vurulmayacaq, 13 yaşı var. Uşaqlar üçün vaksin hələlik testdən keçməyib. Koronavirusun olmadığı yerə getmək üçün, görünür, gözləməli olacağıq. Hələlik mənə də peyvənd vurulmayıb. Hazırda bizdə 60 yaşdan yuxarı insanlar peyvəndlənir. Müəllimlər, tibbi personal, psixoloqlar. Cəhd göstərib, artıq vaksin axtarışına çıxmaq olar: günün sonunda laboratoriyalarda artıq doza qalır ki, onu da elə həmin gün istifadə etmək lazımdır və israr etsəm, yəqin ki, bu cür peyvəndə düşmək mümkündür. Lakin qərara gəldim ki, bir halda ki evdən işləyirəm, növbəmi gözləyim. (mikroskopmedia.)