Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri Həsənov İsa Tahar oğlunun müsahibəsi.
- İl ərzində Dövlət Məşğulluq Xidmətinə nə qədər şəxs iş üçün müraciət edir? İldən-ilə müraciət edənlərin statistikasında artma, yoxsa azalma olur?
- 2016-cı ildə Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına 204 283 nəfər müraciət edib. Onlardan 56 631 nəfərin işlə təmin olunmağına köməklik göstərilib.
2015-ci ildə isə bu rəqəm 59 mindən yuxarı olub. 2016-cı ildə isə müraciətlərin sayında xeyli artım olub. Bu artımın müəyyən obyektiv və subyektiv səbəbləri var idi. Məşğulluq xidmətinin təşviqi, müəyyən layihələrin həyata keçirilməsi insanlarda məşğulluq xidmətinə inamı artırıb.
2017-ci ilin birinci rübü ərzində xidmətə 52 694 nəfər iş üçün müraciət edib, 26 717 nəfər işlə təmin olunub. Bu ilin ötən dövründə müraciət edənlərin sayı 2016-cı ilin eyni dövrü ilə müqayisə etsək, azalma qeydə alınıb.
- Ən çox hansı sahə üzrə işlə təminat həyata keçirilir?
- Müxtəlif sahə üzrə işaxtaranlara kömək edilir.
Əvvəlcə onu qeyd edim ki, Dövlət Məşğulluq Xidmətinə müraciət edən vətəndaş kateqoriyası ilk növbədə himayəyə ehtiyacı olan, əmək bazarında rəqabət qabiliyyətsiz işçi qüvvəsidir. Onların sosial müdafiəsinin təmin edilməsinə ehtiyac var.
2016-cı ildə işə götürülən 56 631 nəfərin 35-40 faizi əsasən fəhlə peşələri üzrə işlə təmin olunub. Digər kateqoriyaların içərisində isə müraciət edənlər informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə: kompüter operatoru, kompüter mühəndisləri, mühasiblər, menecerlər, marketoloqlar və s. sahələr üzrə işlə təmin olunublar.
- Tələbə və məzunlar da Məşğulluq Xidmətinə müraciət edirmi?
- Tələbələr çox müraciət etmir, çünki onlar oxuyurlar, vaxtla əlaqədar problem yaranır. Əsasən məzunlar müraciət edir. Əlbəttə, burda işəgötürənlərlə onlar arasında müəyyən problemlər ortaya çıxır, çünki ali məktəbləri bitirən tələbələrin əksəriyyətinin iş təcrübələri olmur.
İxtisarla əlaqədar müraciət edənlər də olur, təbii ki, yüksək kateqoriyalı mütəxəssislər də xidmətə müraciət edir.
Amma ümumi götürdükdə bizə müraciət edənlərin çox faizi qeyri-rəqabət qabiliyyətli işçi qüvvəsidir. Müraciət edənlərin bəziləri uzun müddət dövlət idarələrində müxtəlif işlərdə çalışıblar, sonralar müxtəlif səbəblərdən işdən azad olunublar. Pensiya yaşı ilə bağlı iş tapa bilməyən vətəndaşlar, peşəsi, ixtisası olmayan insanlar, ali məktəbi bitirib uzun müddət ticarətlə məşğul olan və yenidən öz peşəsi ilə məşğul olmaq istəyən şəxslər də xidmətə müraciət edir, bu insanlar peşə və ixtisas vərdişlərini itirmiş adamlardır. Belə insanlara müvcud əmək bazarında müstəqil şəkildə iş tapmaq çətindir.
- Məzunların iş təcrübəsinin olmamağı normal haldır. Onlara təcrübə qazanmaqla bağlı hansı köməkliklər olunur, bu istiqamətdə hansısa proqramlar varmı?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bununla bağlı layihə həyata keçirilmişdi. Beynəlxalq Əmək Təşkilatının vasitəçiliyi ilə Dünya Bankı tərəfindən vəsait ayrılmışdı, işəgötürənlərlə danışıqlar aparılmışdı ki, 6 ay müddətində həmin şəxslərin əmək haqqı subsidiya vasitəsilə ödənilsin. Təcrübə qazandıqdan sonra, həmin şəxslərdən özünü təsdiqləyənlər işlə təmin olunublar.
Xəzər və İqtisad universitetlərində virtual müəssisələr kabineti yaradılıb. Tələbələr həmin kabinetdə virtual şəkildə özlərinin oxuduqları ixtisas üzrə müəyyən təcrübələr qazanmaq imkanı əldə edirlər.
İşsiz gənclərin təcrübə yığması ilə bağlı cənab Prezident tərəfindən yeni 2016-cı ildə sərəncam imzalanıb. Bunun əsasında Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı üçtərəfli komissiya yaradıldı.
- Bəs işəgötürənlər tərəfindən edilən müraciətlərin sayı il ərzində nə qədər olur?
- Respublika üzrə işəgötürən qismində fəaliyyət göstərən təxminən 550-600 min hüquqi və fiziki şəxs var. Həmin işəgötürənlərdən yalnız 15-20 faizi Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına vakant yerlərlə bağlı məlumat verir.
İllər üzrə vakant yerlərin sayı fərqli olur. Ötən il 67 717 vakansiya haqqında məlumat daxil olub. 2015-ci ildə bu rəqəm 48 minə yaxın idi.
2017-ci ilin birinci rübündə 17-18 min yeni vakant yer haqqında xidmətə məlumat daxil olub. Ötən ildən isə 11 min boş vakansiya qalıb.
- İş üçün hansı bölgələrdən müraciətlər daha çox daxil olur?
- Dövlət Məşğuluq Xidmətinin bütün bölgələrdə mərkəzləri var. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 86 yerli Məşğulluq Mərkəzi var. Statistikaya gələndə təbii haldır ki, hansı regionda əhalinin sayı çoxdursa, söhbət əmək qabiliyyətli əhalidən gedir, həmin regionlarda müraciətlər daha çox olacaq. Nəzərə alsaq ki, ölkədə ən çox əhali Bakıda yaşadığı üçün müraciətlər də burda çox olacaq.
2017-ci ilin aprel ayı ərzində Bakı üzrə 2 608, Abşeron iqtisadi rayonu üzrə 760, Sumqayıt üzrə 512, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 214, Şəki Zaqatala üzrə 650, Lənkəran iqtisadi rayonu üzrə 498, Aran iqtisadi rayonu üzrə 1566 , Yuxarı Qarabağ 345 , Naxçıvan 375 nəfər xidmətə iş üçün müraciət edib.
- Əmək yarmarkaları il ərzində neçə dəfə keçirilir? Müraciət edənlər nə qədər olur? Ən çox hansı yaş aralığında müraciətlər olur?
- Əmək yarmarkasının vasitəsilə iş axtaran və işsiz vətəndaşlar birbaşa görüşürlər və özlərinə lazım olan məlumatlar toplayırlar. O cümlədən özlərinin əldə etdiyi peşə ixtisaslarının həmin təklif olunan tələbata uyğun olub olmamağını müəyyənləşdirirlər.
Bölgələr üzrə ildə bir dəfə hər rayonda əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub. Bakı şəhərinə gəlincə, paytaxtın bəzi rayonlarında bir yerdə yarmarkalar təşkil olunur. 2016-cı ildə Azərbaycanda 54 əmək yarımarkası keçirilib.
Bu yarmarkalarda on minlərlə adam iştirak edib, onlardan 4 045 nəfərinə göndərişlər verilib, 3 900-dən çox adam isə iş yerləri ilə təmin olunmasına köməklik edilib.
Əmək yarmarkaları vasitəsilə peşə hazırlığı kurslarına cəlb olunma, ictimai işlərə yönəltmə, peşə yönümlü məsləhətlərin verilməsi və s. tədbirlər həyata keçirilir.
- Əlillər üçün xüsusi vakant yerlər olurmu?
- Əlillər üçün bu gün müəyyən olunmuş kvota iş yerlərindən başqa xüsusiləşmiş vakant iş yerləri yoxdur.
- İşsizlik statusunun verilməsi ilə bağlı ötən il və bu il nə qədər müraciət daxil olub? Ən çox qadınlar, yoxsa kişilər müraciət edir? İşsizlik müavinətinin təyin edilməsi zamanı əsas şərtlər hansılardır?
- 2016-cı ildə 11 552 nəfərə işsiz statusu verilərək, işsizlik müavinətləri təyin edilib. 01.05.2017-ci il tarixinə Dövlət Məşğulluq Xidmətində qeydiyyata olan 35 854 nəfər isə işsiz statuslu şəxs var ki,onlardan da 13 390 nəfərini və yaxud 37 faizinı qadınlar təşkil edir.
2017-ci ilin may ayının 1-nə olan məlumata görə, ölkədə 5 495 nəfər işsizlik müavinəti alır. Onların içərisində 1 804 nəfəri qadındır.
İşsiz statusu qanunda olan müddəalara əsasən verilir. İşsiz statusu əsasən əmək bazarında münasib iş təklif edilə bilinməyən, yəni əgər məşğulluq xidməti həmin şəxsə münasib iş təklif edə bilmirsə, bu təqdirdə həmin vətəndaşlara digər məşğulluq tədbirləri də tətbiq olunduqdan sonra sonuncu olaraq işsizlik statusu verilir.
15 yaşına çatmayanlara,təhsilindən asılı olmayaraq ilk dəfə iş axtaranlara, pensiya hüququ qazanan vətəndaşlara (istisna hal ancaq ailə başçısını itirməyə görə pensiya alanlardır), məşğulluq xidmətində qeydiyyata alındıqdan sonra 10 gün müddətində munasib iş axtarmayanlara, iki munasib işdən imtina edənlərə işsiz statusu verilmir.
2016-cı ildə müavinət təyin edilənlərin içərisində 31.5 faizi, yəni 3636 nəfəri qadındır. 2017-ci ilin birinci rübündə isə müavinət təyin edilənlən 4444 nəfərdən 1437 nəfəri qadındır.
- Hazırda ölkədə nə qədər işsiz və neçə işsizlik müavinəti alan şəxs var?
- Ümumən bir var ki, işsiz statusu alan kimi qeydiyyatda olanlar, yəni işaxtaran kimi qeydiyyatdadırlar, amma işsiz statusları var, bir də var ki, cari il üzrə 1 may tarixinə işsizlik statusu alanların sayı, bunlar müxtəlifdir.
Yəni, işsiz statusu dedikdə müxtəlif dövrlərdə müraciət edənlərin hamısı nəzərdə tutulur, bunların içərisində bir dəfə və ya iki dəfə 6 aylıq işsizlik müavinəti alanlar var. Amma həmin adamlar iş tapmayıblarsa bu status onların üzərində qalır. Bəzən bunu qarışdırırlar ki, “Necə olur ki, Azərbaycanda mayın ayına 35 854 nəfər işsiz statusu alıb, amma müavinət alanlar azdır”... Bu məfhumları qarışdırmamaq lazımdır.
- Nazirlik bildirir ki, ölkədə işsizliyin səviyyəsi 5 faizdir, lakin bəzi ekspertlər bunun real rəqəm olmadığını deyir. Bu göstərici nəyə əsasən hesablanıb?
- Yeni iş yerlərinin yaradılması dövlətin məşğulluq strategiyasını həyata keçirən strateji məsələlərdən biridir. Yeni iş yerlərinin açılmasının nəticəsidir ki, Azərbaycanda işsizlik səviyyəsi 5 faiz səviyyəsindədir.
Doğrudur... Bəzən insanlar düşünür ki, mənim ətrafımda, qohumlarımın arasında nə qədər işləməyən adam var, bu, necə olur ki, Azərbaycanda işsizlik səviyyəsi bu qədər az göstərilir?... Bu rəqəm təsadüf nəticəsində ortaya çıxmayıb. Bu, Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun, “kim işsiz sayılır” anlayışına əsasən müəyyənləşdirilib.
Biz 35 min nəfərə rəsmi qaydada işsizlik statusu vermişik, amma respublikada 2017-ci ilin bir yanvar tarixinə Beynəlxalq Əmək Təşkilatının metadologiyasına uyğun 252.800 nəfər işsiz müəyyən edilib.
Azərbaycanda bilirsiz ki, torpaq islahatı aparılıb, bunun nəticəsində vətəndaşlara təqdim olunan torpaq sahələri, yəni şəhadətnamələr kimlərə verilmişdisə, onlar məşğulluq qanununda məşğul əhali kimi qeyd olunub. Bu da 1 600 000-dən çox insan deməkdir. Yəni, əmək resurslarını nəzərə alsaq həmin insanlar məşğul sayılır.
Digər tərəfdən, bu gün qeyri-formal məşğulluq mövcuddur. Məsələn, tikinti sahəsində, xidmət sahəsində işləyən insalar var ki, onlarla hər hansı əmək müqaviləsi bağlanılmayıb, bu insanlar ola bilsin desin ki, biz işsizik, amma onlar gəlir əldə edirlər və müəyyən əmək haqqı alırlar, bu da məşğulluğun bir növüdür. Yaxud ev qulluqçusudur, dayədir, xidmətçidir, yenə eyni...
Dövlət statistika komitəsi də, bizim nazirlik də çalışır ki, bu cür qeyri-formal işlər formallaşsın. Prezident də bununla bağlı tapşırıqlar verib ki, qeyri-formal məşğulluq formal məşğulluğa çevrilsin.
Yəni, biz deyə bilmərik ki, mən bir ayda üç gün işə çıxmışam, deməli mən işsizəm. İşsiz anlayışı bir az fərqlidir. Ona görə bəzən biz fikirləşəndə deyirik ki, Azərbaycanda işsizlik faizi çox böyükdür, ancaq belə deyil. İnsanlar mütləq nə iləsə məşğuldur, biri sənətkardır, biri ticarətçidir, ya qeyri-formal sahədə işləyir. Bunlar da işsizlik anlamına gəlmir.
Beynəlxalq təşkilatların yanaşması fərqlidir, onlar deyir, pul qazanırsansa deməli məşğulsan.
- Hazırda daha çox hansı sahələr üzrə işçi axtarılır?
- Rəqabət qabiliyyətli işçi qüvvəsi işi özü axtarır. Bu, bütün dünyada belədir. Təbii ki, mütəxəssislər arasından da məşğulluq xidmətinə müraciət edənlər olur.
Aqrar sahə üzrə mütəxəssislərə ehtiyac duyulur. Son dövrlərdə baytar həkimlərə, istixanalarda, neft və digər sahələrdə müəyyən vakansiyalar meydana çıxıb ki, onlar bizdə yoxdur. Həmin sahələr üzrə mütəxəssislər yetişdirməyə ehtiyac var.
Bəzən bizdə mütəxəssislər olmadığı üçün məcbur qalıb xaricdən mütəxəssis çağırırıq. Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb ki, həmin sahələr üzrə ölkədə mütəxəssizlər yetişdirsinlər. Məsələn, yeni karusellər, müasir texniki qurğular, işıqlandırma sistemləri quraşdırılır, bu işlər üçün xüsusi mütəxəssislər yetişdirilməlidir.
Xaricdən gələn mütəxəssislərə şərtlər qoyulur ki, burdakı işçiləri də həmin peşəni öyrətsinlər ki, onlar gedəndə yerlərində kimsə işləyə bilsin.
- Mövcud vakansiyalarda ən az və ən çox maaş nə qədərdir?
- Hazırda mövcud olan vakansiyalarda ən aşağı maaş 125 manatdır. 2000 manatdan yuxarı əmək haqqı olan vakansiyalar da mövcuddur.
- Yüksək maaşlı vakansiyalar hansılardır?
- İstehsalat sahə rəisi var, mühəndis, elektronçu və s...
- Ən az maaşlı işlər hansılardır? Bu maaşla Azərbaycanda bir ay təmin olunmaq mümkündürmü?
- Əmək haqlarının müəyyənləşdirilməsi iş yerləri üçün vahid sorğu kitabçaları nəticəsində müəyyənləşdirilir. Ən az maaşlı iş yerləri hər hansı bir bacarıq, təhsil, ixtisas və digər əlavə bacarıqlar tələb etmədiyi üçün, yəni aşağı səviyyəli iş sayıldığı üçün əmək haqqı da həmin peşəyə uyğundur. Bu gün Azərbaycanda minimum əmək haqqı müəyyən olunub ki, dövlət əmək haqqının müəyyənləşməsində minimum əmək haqqından aşağı olmaması prinsipini qoyub. Ən aşağı əmək haqqı 116 manatdır.
Digər əmək haqqı formalarının müəyyənləşdirilməsi bilavasitə işəgötürəndən asılıdır.
Maaşın az olmasına gəlincə bu sosial məsələ kimi qəbul olunandır. Təbii ki, aşağı maaşdır. Amma ki, o kateqoriyadan olan şəxslər üçün müəyyən olunmuş maaş budur.
- 50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər?
- Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi.
Bilirsiz ki, hazırda bazar iqtisadiyyatı dövrüdür. Bazar iqtisadiyyatının da əsas tələblərindən biri, şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır ki, rəqabətə dözə bilsin. Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır. İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdır.
- Həm məşğulluq, həm də sosial yardım məsələsində əvvəllər süründürməçilik olduğunu, ünvanlı sosial yardımın uzun müddətdən sonra almaq mümkün olduğunu bildirirdilər... İndi vəziyyət necədir?
- Bu məsələ ilə bağlı əvvəllər neqativ hallar çox idi. Vətəndaşlar bilavasitə məmurdan asılı idi. Sonradan bu sistem bütün elektronlaşdı, əvvəlki sistem bütün ləğv olundu. Onların işçilərinin yarısı məşğulluq xidmətinə, bir hissəsini isə Dövlət Sosial Müdafiə Fonduna verildi.
İndi hər bir vətəndaş özü haqqında məlumatları elektron göndərir, ona həmin formada da cavab verirlər. Yəni məmur-vətəndaş münasibəti ləğv olunub.
Bunu da nəzərə almalıyıq ki, ünvanlı sosial yardım müəyyən qədər ələ baxımlılığa öyrədən bir sistemdir. Bu yardımları alan şəxslər aktiv məşğulluq tədbirlərinə yönəlməlidirlər. Bu gün özünəməşğulluq proqramının həyata keçirilməsi elə bilavasitə yardım və müavinətlərdən qurtarmaq üçün nəzərdə tutulub. Hazırda “İşsizlikdən sosial sığorta haqqında qanun” Milli Məclisdə müzakirə olunur. Bu qanunun qəbul olunması nəticəsində, məşğulluq xidmətində müəyyən bir fond yaranacaq və ora xeyli vəsait daxil olacaq. Həmin vəsait vasitəsilə insanların özünəməşğulluğunun təmin olunması, peşə yönümü, peşə hazırlığı, bazara uyğunlaşdırma proseslərinin həyata keçirilməsində xeyli köməkliyi olacaq.
- Süpürgəçi yeri ilə bağlı vakansiyaları hansı qurumlar elan edir? Sizcə niyə Azərbaycanda süpürgəçilərin çoxu qadınlardır? Kişi süpürgəçilərə əsasən hansı sahələrdə rast gəlinir?
- Bu, çox maraqlı sualdır. Əgər insan varsa, həyat, yaşayış varsa küçələri təmizləyən insanlar da olmalıdır. Yəni insaların bir hissəsi də o sahə ilə məşğul olmalıdır.
İnsan öz alın təri ilə pul qazanırsa, bununla qürur duymalıdır, heç bir əziyyətlə görülən işdən utanmaq olmaz.
Bizdə ənənəvi şəkildə belədir ki, kommunal xidmətlər rayon kommunal xidmətinin tərkibindədir. Parklar, yollar, küçələr, müxtəlif yerlərin təmizlik işlərinə onlar baxırlar. Son dövrlərdə onların əmək haqqında xeyli irəliləyiş var. Əvvəl bu işlə məşğul olan qadınlar çox faizi təşkil edirdisə, indi baxsanız kişilərin sayı da çoxalıb.
Xarici ölkələrə nəzər salsaq, orda təmizlik işləri ilə məşğul olan kişilərin sayı qadınlardan daha çoxdur. Bizdə indiyədək psixoloji, sosial ərazi yanaşması, mentalitet baxışı kişilərin təmizlik işləri ilə məşğul olmasına imkan verməyib. İnsanlar bunu qürur mənbəyi kimi bilib. Amma bu iş də digər işlərdən fərqlənmir, sən zəhmət çəkirsən və əmək haqqını qazanırsan. Son dövrlərdə ölkədə keçirilən idman oyunları, böyük tədbirlər zamanı çoxlu gənc oğlanlar da təmizlik işlərində işləyir. Yəni, son dövrlərdə təmizlik işlərində işləyən kişilərin sayı çoxalıb. Bu əmək haqqının əvvəlki illərə nisbətdə artmağından və insanların düşüncə tərzinin dəyişməsindən asılıdır.
Bir var evdə oturub heç bir iş görməyəsən, bir də var ki, bir işlə məşğul olub pul qazanasan. Kimdənsə asılı qalmaqdansa gedib hər hansı bir işdə işləmək daha yaxşıdır.
Məsələn hər hansı bir şəxs və ya mən gəlib kabinetdə oturmuşam, bu mənim işimdir. Ola bilsin sabah burdan çıxandan sonra bu cür iş tapa bilmədim, gedib süpürgəçi də işləyəcəm ki, heç kimdən asılı olmayım. İnsanda dünyagörüşü dəyişməlidir, hər kəs özünə hörmətlə yanaşmalıdır, hörmətin də ən vacibi işdə fərq qoymamaqdır. Ali təhsilli gənclər var ki, onların işlərinə münasib vakansiya olmayanda başqa işi qəbul etmirlər. Əgər sənin təcrübən yoxdursa, işin yoxdursa təklif olunan digər işləri də işləmək olar, nəinki gündə valideyndən pul istəmək əvəzinə.
Təbii ki gəncləri də anlayıram. Gənclərin işsizliyi bütün dünyada digər kateqoriyaya mənsub insanlardan qat-qat yüksəkdir. Söhbət xüsusən ali təhsilli gənclərdən gedir. Yadınızda saxlayın ki, nə qədər çətin yoldan keçsə də, son nəticədə udan həmişə bacarıqlı, savadlı, öz üzərində çalışan insanlar olur. Öz üzərində çalışmayan insanlara nə hazır stol, nə də çörək vermirlər. İnsanlarda sovet dövrü psixologiyası formalaşıb, düşünürlər ki, hər şeyi dövlət etməlidir. Bazar iqtisadiyyatı tərzi hələ də insanların düşüncəsinə yerləşməyib.
- Tanışlarınız, qohumlarınız işlə bağlı Sizə müraciət edirlərmi?
- Təbii ki... Azərbaycanda kimsə işləyirsə, digərləri fikirləşir ki, bu mənə iş tapmaqda kömək edə bilər. Bizə də olur, biz də Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına yönləndiririk ki, ora müraciət et və ya CV-lərini harasa yolla, nəyisə öyrənməyə çalış, biliyini çoxalt, dövlət qulluğuna müraciət et... Yəni, bir az əziyyət çəkmək lazımdır.
- Övladınız özü iş tapıb, yoxsa siz köməklik etmisiz?
- Oğlum ADNA-ni bitirib. Əsgərlikdən gələndən sonra ilk işlədiyi yerin əməkhaqqını bəyənmədiyi üçün, ona iş tapmaqda kömək etməyimi istədi. Mən də dedim ki, get özün tap ki, qədrini də biləsən. Təbii ki, böyük, valideyn övlada kömək edər, təkan verər. Ancaq insan özü təkana cəhd etmirsə, əlavə bilik öyrənmək, özünü inkişaf etdirmək istəmirsə, ona təkanın heç bir köməyi yoxdur.