Əksəriyyət uğurlu karyera dedikdə, vəzifənin daim yüksəlməsini başa düşür. Bu əslində işçi üçün yaxşı variant olsa da, işəgötürən üçün problem yaradır. Məsələ ondadır ki, heç də hamının vəzifəsini yüksəltmək mümkün deyil, «yuxarılarda» yer də hamıya çatan qədər deyil.
Eləcə də bax: Bayram günlərində növbəli iş rejimində işləyən işçiyə əməkhaqqı - NECƏ ÖDƏNMƏLİDİR?
Amma bir yerdə oturub qalmaq da qəbul edilməzdir və bəziləri buna görə əməyinin qiymətləndirilmədiyini hesab edib işini dəyişə bilər. Şirkət belələrini işdə saxlamaq üçün onlara karyeraları ilə bağlı fərqli nəsə təklif etməlidir.
FED.az xəbər verir ki, bu yollardan biri də karyeranın vertikal (yəni üzüyuxarı) deyil, horizontal (yəni digər istiqamətlərdə) inkişafıdır.
Bu o deməkdir ki, işçi öz yerində qalmaqla peşəkar biliklərini artırır, daha funksional olur, üzərinə daha mürəkkəb və geniş vəzifələr götürür. Bunun daha bir yaxşı cəhəti odur ki, vertikaldan fərqli olaraq horizontal genişlənmə üçün sərhəd yoxdur. Üstəlik, işçinin peşəkar vərdişləri artanda, onun həm statusu, həm də maaşı elə rəhbər şəxslərdə olduğu kimi yüksəlir.
Məsələn, investisiya şirkətində təcrübəli, aktivləri daha yaxşı idarə edən əməkdaş rəhbər vəzifə tutmasa da, onun qərarlarından çox şey asılıdır və o həm şirkətdə, həm də müştəriləri arasında xüsusi nüfuza malikdir. Digər misal olaraq İT sektoru göstərmək olar, bu sahədə çalışanların «öz dünyaları» var və onlar rəhbər olmaq arzusu ilə alışmırlar, yaxşı mütəxəssis olduqda daha yaxşı imkanlar yaranır.
İşçi nə istəyir? - Əvvəlcə səbəbi müəyyən edin
Şirkət əməkdaşı vəzifəsinin yüksəlməsi barədə danışanda rəhbərlik, əvvəlcə müəyyən etməlidir ki, o əslində nə istəyir – sadəcə maaş artımına görə vəzifəsinin yüksəlməsini, yoxsa, üzərinə əlavə öhdəliklər və məsuliyyət götürməyə hazır olduğunu? Bəzi hallarda əsas səbəb maaş artımı, bəzən isə yenilik axtarmaq olur. Bu o deməkdir ki, onların indiyədək məşğul olduğu iş onları artıq maraqlandırmır. İşçinin nə istədiyin bildikdə, ona uyğun variant tapmaq və bağlı qərar vermək daha rahat olur.
Vəzifəni yüksəltmədən karyeranın artımı variantları
1-ci variant: Layihə işi
İşçilərin əksəriyyəti işin maraqlı olmasını istəyir, hər halda Rusiya «Alfa-Kapital»ında aparılan sorğular göstərib ki, işçilərin 80%-i bu fikirdədir. Ona görə də şirkət belə əməkdaşlara daha maraqlı iş təklif etməlidir – layihə işləri bunlardan biridir. Layihə işi, əməkdaşa yeni komandada işləmək və ya müstəqil iş görmək imkanı yaradır. Bu yeni məhsulun yaradılması, hansısa daxili proseslərin təkmilləşdirilməsi və sair ola bilər. Layihə işi, əməkdaşı maraqlandırmaqla yanaşı, onlarda yeni vərdişlər yaradır, yeni alət və metodlarla işləməyi öyrədir.
2-ci variant: Ustadlıq etmək
Karyera baxımından, işçiyə müəllimlik statusunun yerilməsi onun əhəmiyyətini artırmaqdır. Müəllimlik etməyi adətən peşəkar, özünü təsdiqləmiş şəxslərə həvalə edirlər. Üstəlik müəllimlik həm də komandanı idarə etmək qabiliyyətini yoxlamağa imkan verir, həm də işçi özü bundan sonra qərar verir ki, vəzifəsini artırmaq istəyirmi.
3-cü variant: Karyeraya yenidən start vermək
Karyeraya yenidən start vermək işçinin horizontal üzrə, yəni vəzifə yüksəlişi olmadan başqa vəzifəyə keçməsidir. Müəsir dünyada hər bir işçi öz aktiv iş fəaliyyəti dövründə karyerasını 3 dəfə dəyişə bilər. Məsələn, o 30 yaşınadək öz baza peşəsi ilə məşğul olacaq, sonra isə 10-15 ildən bir fəaliyyət istiqamətini dəyişəcək. Belə halın səbəbləri fərqlidir, amma əsas səbəb iqtisadiyyatdakı dəyişikliklərin sürətlənməsi və yeni peşələrin yaranmasıdır. Bundan başqa, işçilərin özü də iş həyatında özünü axtarır və öz aktuallığını (işəgötürən və ya əmək bazarı tərəfindən özünə olan ehtiyacı) qoruyub saxlamaq istəyir. Bu gün ofis işçiləri əvvəlkindən daha tez-tez «özünü axtarır», buna görə də öz iş həyatı ilə eksperimentlər aparır. Bura sağlam həyat tərzi faktorunu da əlavə etsək, işçinin aktiv fəaliyyət dövrü uzanır və artan mobillik ona imkan verir ki, ömrü boyu özünü bir neçə işdə sınasın.
Peşəni ən çox hansı yaşda dəyişirlər?
Müşahidələr göstərir ki, işçilər öz peşələrini ən çox 28 yaşdan 31 yaşa qədər olan dövrdə dəyişirlər. Məhz bu dövrdə işçi başa düşür ki, onun ali məktəbə daxil olarkən ilkin ixtisas seçimi o qədər də düz olmayıb və malik olduğu peşə onun güclü peşəkar tərəflərini göstərməyə, özünü reallaşdırmağa mane olur.
Şirkət, yəni işə götürən isə bu faktordan istifadə edə bilər. İşçinin vəzifəsini yüksəltmədən onun vəzifəsini dəyişmək, ona seçim vermək işçinin iş dövrünün dəyişikliyüə olan tələbatını ödəməyə imkan verər. Nəticədə əməkdaşın bu təşkilatda – şirkətdə iş müddəti daha da artır.