Xəbər verildiyi kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bəzi qanun layihələrinə təklif edilən dəyişikliklər müzakirə edilib.
Eləcə də bax: Parlamentin komitə sədri: “Sosial yardım insanları xarab edib”
FED.az xəbr verir ki, dəyişikliklərdən bəziləri «Büdcə sistemi haqqında», «İşsizlikdən sığorta haqqında» və «Hesablama Palatası haqqında» qanunlarında dəyişiklik edilməsi barədədir. Əslində qanunvericilikdəki boşluğun aradan qaldırılması məqsədi daşıyan düzəlişlər millət vəkilləri arasında İşsizlikdən Sığorta Fondunun fəaliyyəti və hesabatlığlığı ilə bağlı qızğın müzakirə yaratdı.
Millət vəkili Əli Məsimov İşsizlikdən sığorta Fondunun vəsaitlərinin düzgün idarə olunmadığını bildirdi. Onun sözlərinə görə, İşsizlikdən Sığorta Fondun adlanan fondun xərclərinin böyük hissəsi işsizlikdən sığortaya yönəlməlidir. «Burada isə Fondun özünün saxlanmasına çəkilən xərc işsizlərə çəkilən xərcdən 4-5 dəfə artıqdır. Əgər belədirsə, Fondun adını dəyişib İşsizlikdən Sığorta Fondu deyil, “İşsizlikdən Sığorta Fondunun Aparatının saxlanması üçün Fond” etsinlər»-deyə millət vəkili ironiya edərək bildirib.
Qeyd edək ki, İşsizlikdən Sığorta Fondundan birbaşa işsizlərə ayrılan ödənişlər və fondun saxlanmasına ayrılan xərcləri müqayisə etdikdə doğrudan da inzibati xərclər işsizlik ödənişlərini 3-5 dəfə üstələyir.
2021-ci ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 157 milyon manat olub. Bunun yalnız 13 milyon manatı və ya bütün xərclərin 8%-i birbaşa olaraq işsizlərə sığorta haqqı kimi ödənilib. Fondun saxlanmasına isə 42 milyon manat və ya təqribən fondun bütün vəsaitlərinin 27%-i sərf edilib (işsizlərə ayrılan sığorta ödənişindən 3 dəfə artıq). 69 milyon manat özünəməşğulluq tədbirlərinin təşkilinə, 7 milyon manat isə peşə hazırlığı işlərinə xərclənib.
Fondun 2022-ci il üzrə büdcəsində də təqribən eyni vəziyyətdir. Fondun builki gəlir və xərcləri 181 milyon manatdır. Xərclərin 8,5 milyon manatı və ya bütün vəsaitlərin 4,7%-i işsizlərə birbaşa sığorta ödənişi kimi veriləcək. Fondun vəsaitlərinin 43,8 milyon manatı və ya təqribən 24%-i fondun saxlanmasına (işsizlərə ödənilən sığorta ödənişlərindən 5 dəfə artıq), 76 milyon manat özənəməşğulluq tədbirlərinin təşkilinə, 9 milyon manat isə peşə hazırlığına sərf ediləcək.
Müzakirələrdə çıxış edən millət vəkilləri Vüqar Bayramov və Vahid Əhmədov da İşsizlikdən Sığorta Fondunun Mmilli Məclis qarşısında hesabat verməsinin vacibliyini bildirdilər. V.Bayramov bildirib ki, nəinki inkişaf etmiş Avropa ölkələrində, hətta qonşu Rusiyada da belə fondların hesabatlılığı qayda şəklini alıb.
Vahid Əhmədov isə qeyd edib ki, bütün fondlar son nəticədə dövlət büdcəsi ilə əlaqəlidir. Ona görə də, İşsizlikdən sığorta Fondunun da parlament qarşısında hesabat verməsi vacibdir.
Komitənin iclasında qanunvericiliyə edilən dəyişikliklərin plenar iclasa tövsiyə olunması qərara alındı.