Bu il “8 Mart bayramı”nda qadınlara ən çox alınan məişət əşyası qabyuyan olub. Satış şəbəkələrində bildirirlər ki, koronavirus pandemiyası evdə və işdə təmizlik problemini bir daha qabardıb, amma qabyuyanların məşhurlaşması təkcə bununla bağlı deyilmiş.
Azərbaycan mətbəxində 2000-ci illərin əvvəllərində başa çatan tozsoran və paltaryuyan “inqilabları”ndan sonra növbə qabyuyanlara çatıb.
FED.az rəsmi məlumatlara istinadən bildirir ki, artıq 2015-ci ildə ölkədə hər 100 ailənin 80-də paltaryuyan, 93-də isə tozsoran vardı. Qabyuyanlar isə elə indi də hər 100 ailədən cəmi 2-3-də istifadə olunur.
Son bir neçə ilədək qabyuyanlar mətbəxin bir qədər elit və tənbəl əşyası idi. Qadınların demək olar hamısı mətbəxdə qabyuyanın olmasını arzulasalar da, onlar əksər hallarda, sadəcə mətbəx dizaynını tamamlayan eksponat sayılır.
“Azərbaycan ailələrinin bir hissəsi qabyuyana cehizlik mal kimi baxır, yəni ondan nadir hallarda, adətən qonaqlıq zamanı, evdə çoxlu qab-qacaq olanda istifadə edirlər” – deyə məişət texnikası satışı üzrə ekspert Nərmin Vəliyeva FED.az-a vəziyyəti izah edir. Vəziyyət belə də qala bilərdi, amma son illər, hətta son aylarda vəziyyət ciddi surətdə dəyişilib.
Tarif Şurasının ilin əvvəlində keçirilən iclasında suyun qiymətinin iki dəfə bahalaşması suya qənaət məsələsini ortaya çıxardı. Artıq su israf ediləcək qədər ucuz deyildi. Qənaət üçün ən yaxşı üsul isə qabyuyandır.
Qabyuyan satışları ikiqat artıb
Rəsmi rəqəmlərə görə, Azərbaycanda hər 1000 ailənin cəmi 24-də qabyuyan var. Bakıda bu rəqəm 31 olsa da, bölgələrdə hər 1000 ailədən 15-i keçmir.
Azərbaycanıın məişət texnikasının satışı sahəsində lider şəbəkə – “Kontakt Home”un məişət texnikası üzrə eksperti Nərmin Vəliyeva bildirir ki, son bir il ərzində mağazalarda qabyuyanlarla maraqlananların sayı təqribən 3 dəfə, onların satışı isə 2 qat artıb: “Qadınlar qabyuyanların əhəmiyyətini getdikcə daha yaxşı hiss edirlər, üstəlik suyun qiymətinin artmasından sonra da bu variant daha sərfəli oldu. Bu, həm ümumi qənaətə, həm də təmiz suyun israfının qarşısını almağa imkan verir”.
Görünür, ona görə bəzi elektronika əşyalarından fərqli olaraq, 2020-ci ildə xaricdən Azərbaycana qabyuyanların idxalı azalmayıb - 15,4 min ədəd.
Qabyuyanla nə qədər pula qənaət etmək olar?
Əlbəttə, hər bir evdə qidalanma və ailə üzvlərinin sayına görə bu göstərici müxtəlif ola bilər. Amma qənaətin həcmini təqribi hesablamaq çətin deyil. Beləliklə, 5 nəfərlik ailə gündə 3 dəfə yemək yeyir, səhər, günorta, axşam.
Səhər yeməyinin qablarının yuyulmasına 25-30 litr, günorta və axşam isə hər birində 40-45 litr su sərf edilir. Bura həm yemək üçün işlənən qab-qacaq, həm də bişirmək üçün işlənən qazan tava və s. daxildir. Yəni qabların yuyulması gündə 100-120 litr su sərfi ilə nəticələnir. Dünya təcrübəsi göstərir ki, eyni sayda qabları əllə və maşında yuyarkən su sərfi 9-10 dəfə fərqlənir. Amma Azərbaycanda bu fərq 12-13 dəfəyə çatır. Səbəbi Azərbaycan milli mətbəxi və insanların qida vərdişləridir. Məsələ bundadır ki, Azərbaycan mətbəxi yağlı yeməklərlə zəngindir və bir neçə növ yemək bir dəfəyə yeyilir. Digər tərəfdən, bəzi yeməklərin hazırlanmasında bir neçə böyük qab istifadə edilir. Məsələn, ən populyar yeməklərdən olan plov bişiriləndə bir neçə qab-qazan işlənir, qara üçün və s. əlavələr üçün çox qab işlənir, nəticədə onların yuyulmasına daha çox su və vaxt sərf edilir.
“Bundan başqa, bəziləri qabı sürtərkən və ya sabunlayarən də suyu bağalmırlar və su axıb gedir. Onu da hesablayanda su sərfi daha böyük olur”-deyə ekspert bildirir.
Gündəlik 100-120 litr su sərfiyyatı ayda təqribən 3600 litr və ya 3,6 kubmetr deməkdir. Tarif Şurasının yeni qərarından sonra bu qədər suyun qiyməti 3,6 manatdır.
Amma məsələ təkcə su sərfində deyil, qab soyuq su ilə yuyulmur. Yenə də bizim mətbəxin yağlı yeməklərini nəzərə alanda qablar hökmən isti, təqribən 60 dərəcəyədək qızdırılan su ilə yuyulmalıdır. Hesablamaya görə, 3000 litr suyu 10 dərəcədən 60 dərəcəyədək qızdırmaq üçün 210 kilovatt saat enerji sərf edilir. Enerji tariflərini (1 kilovatt saat - 7 qəpik) nəzərə alanda bu enerjinin qiyməti 14,7 manatdır. Deməli ayda 3 min litr suyu qızdırıb istifadə etmək 17,2 manata başa gələcək. Qabyuyanda su sərfi bunan 12 dəfə aşağı – 300 litr olduğuna görə, sərf edilən enerjinin həcmi və xərci də 12 dəfə aşağıdır. Nəticədə qabı cihazlarda yuyanda su və enerji xərci 1,50 manat ətrafında olacaq. Qənaət – ayda təqribən 15,5 manat, ildə isə 186 manat təşkil edir.
İşləyən qadınlar və gündə 1 saat “bonus”
Qabyuyanlara tələbatın artmasının digər ciddi səbəbi də var – işləyən qadınlar və onların istirahəti. Vaxtilə Avropada qabyuyan bumu 70-ci illərdə - işləyən qadınların artması zamanı baş vermişdi.
Bizdə həmin proses indi başlayıb: “Qadınlar artıq rahatlıq istəyirlər. Onlar qabyuyanla çox böyük vaxta da qənaət edirlər. Məsələn, bizim 4 nəfərlik ailədə qabları maşınla yumaqla, mən gündə orta hesabla 1 saat 15 dəqiqəyə qənaət edirəm. Qabları bir dəfə maşına yükləyirəm, qalan işi o görür. Mən özüm yusam 1-1,5 saat vaxtım gedəcək” - deyə ekspert bildirib.
Qonaqlıqlarda yada düşən məişət əşyası
Qabyuyanların mətbəxdəki “əhatə dairəsi” də genişlənib. İndi müasir qab-qacaqların 80%-i qabyuyanda yuyulmağa uyğundur. Hər gün istifadə 8-9 manatlıq yuyucu vasitə 1 aya kifayət edir.
Yeri gəlmişkən, ekspertlər bildirir ki, qabyuyanı istifadəsiz saxlamaq olmaz: “Bəziləri yalnız qonaqlıqda qabları maşında yuyurlar, amma bu qabyuyana zərərdir. Ona görə də qabyuyanı tez-tez, azı iki gündən bir istifadə etmək lazımdır ki, uzunömürlü olsun”.
Hansı qiymətə qabyuyan daha sərfəlidir?
“Kontakt Home” mağazalarında 30-dan yuxarı qabyuyan çeşidi var və qiymətlər 500 manatdan başlayır. Ən çox satılan modellər 800-1200 manata olanlardır, bu maşınlarda demək olar ki, bütün əsas funksiyalar var.
Daha bahalı qabyuyanlar isə adi qabyuyanlardan tutumu və əlavə funksiyaları ilə fərqlənir: “Məsələn burada stəkan yumaq üçün ayrıca rejim olur, qabları yuyulan kimi quru şəkildə götürmək olar. 800-1200 manatlıqlarda isə qabın quruması üçün 2 saata yaxın gözləmək tələb olunur və sair”.
Standart, yəni dərinliyi 60 sm olan qabyuyanlara böyük qablar və 12-16 dəst qab yerləşir, daha kiçik qabyuyanlar isə 6-9 dəst qab tutur.
Son vaxtlar bütün dünyada və Azərbacanda kiçik mənzillərin sürətlə artması qabyuyanların ölçülərinə də təsir edib. İndi tək qalanlar və ya ikinəfərlik ailələr üçün masaüstü və ya mini qabyuyanlar var. Kiçik mətbəxdə az yer tutması üçün mini qabyuyanların dərinliyi 40-45 sm-dir. Mikrodalğalı soba boyda olan və 5-6 qab tutan masaüstü qabyuyanları isə istənilən yerə qoymaq olar.
Bu və digər qabyuyan çeşidləri ilə daha yaxından tanış olmaq üçün “Kontakt Home” mağazalarına yaxınlaşa və ya kontakt.az saytına daxil ola bilərsiniz. Qeyd edək ki, “Kontakt Home” Bosch, Samsung, Toshiba, Electrolux, Hoffmann, Gorenje kimi dünyaca məşhur qabyuyan istehsalçılarının Azərbaycandakı rəsmi distribütorudur və bütün qabyuyanlar 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.