“Valideyn komitələri və rayon hansı məktəbli formasını seçəcəksə, biz onun tərəfdaşıyıq”
Bu sözləri “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva FED.az-ın suallarını cavablandırarkən deyib.
«Məktəbli formalarını kim istəsə tikib sata bilər - İCAZƏ TƏLƏB OLUNMUR» - MÜSAHİBƏ
Xanım sahibkar bildirib ki, valideyn komitələri müdriyyətlə bərabər bütün məktəb üzrə qərarı verməlidir ki, biz də işləyə bilək: “Seçimlər olduqca da gəlib müqavilələri imzalamalıdırlar”.
S.Babayevanın sözlərinə görə, ötən illərlə müqayisədə artıq məktəbli formalarının istehsalında azad bazar formalaşıb və özləri də bu istehsalat prosesində yaxından iştirak edəcəklər:
- “Bakı Tekstil Fabriki” bu il məktəbli formalarının tikişi ilə məşğul olacaqmı?
- Bəli, olacağıq.
- İndiyə kimi bu prosesdə problem yaşanırdı. Çünki məktəblərdən yalnız "Bakı Tikiş Evi"nin (son illərə qədər məktəb formalarının tikilib satılması üzrə inhisarçı şirkət olub - FED.as) formaları tələb olunurdu. Bu il də belədirmi?
- Ümumiyyətlə məktəbli formalarına bəsit baxırlar. Bu formalar valideyn hesabına olduğuna görə və qısamüddətli olduğunu nəzərə alsaq, burada çoxlu yatırım, eyni zamanda fiizki işçi qüvvəsi tələb olunur. Həm də strateji bir məhsuldur. Lakin bunu çox cılızlaşdırırlar. Uşaqlar bizim gələcəyimizdir, onlar da ən keyfiyyətli, sertifikatlaşdırılmış gigiyenik doğru məhsullarla onları təmin etmək borc sayılmalıdır. Hətta Türkiyədə, İranda, Dubayda və s. xüsusiləşdirilmiş müəssisələr bu işlə məşğul olur. Dağınıqlığın olmaması üçün 3-4 müəssisə bu işi icra edir. Mən bizdə də bu ənənənin davam etməsini istərdim.
Bakı Tikiş Evi, yaxud digər tikiş şirkətləri bu işlə məşğul olacaq, ya olmayacaq, kommersiya sirri olduğu üçün deyə bilmərəm. Amma Bakı Tekstil Fabriki 1997-ci ildə bir ənənə olaraq çox çeşidli məhsul istehsal edir. Həmçinin uzun illərdi ki, idman geyimlərini də istesal edirik. Xüsusi paradlar, xüsusi günlər olanda bu geyimləri klassik geyimlərlə də uyğunlaşdırıb istifadə edə bilərlər. Çünki bu da onların gündəlik geyimləridir. Bizdə bir çox məhsullar mövcuddur, çünki bir çox regionda bu məhsullar istifadə edilir. Nazirlər Kabinetinə, Təhsil Nazirliyinı təşəkkür edirəm ki, təklifi qəbul edib bu cür məktəbli formaları təqdim etdilər.
- Səkinə xanim, məktəblərə öz tikdiyiniz formaları satmaq üçün sizin şirkətə şərait yaradacaqlarmı?
- Ümumiyyətlə, sərbəst bazardır. Biz valideyn komitələrinin və rayon hansı məktəbli formasını seçəcəksə, onun tərəfdaşıyıq. Çünki valideyn komitələri protokol əsasında direktorları isə gigiyenik sertifikatlara və rəng dəyişikliklərinə müdaxilə etməlidirlər. Deyək ki, Bakı Tekstili önəriblərsə, nəyə görə? Çünki rəng dəyişikliyi olmamalıdır, bir forma bu cür, digəri başqa cür seçilməməlidir. Ona görə də istehsal müəssisəsində hansı məktəbli formasının hansı məktəbə hazırlandığına xüsusi diqqət yetirilir. Məsələn, Nərimanov rayonunda 46 nömrəli məktəb yubka, boz şalvar, ağ köynək seçib. Biz geyimləri həmin məktəb üzrə o rənglərdə etməliyik. Seçimlər olduqca da özləri gəlib müqavilələri imzalamalıdırlar. Çünki bu, valideynin pulu hesabınadır. Valideyn komitələri müdriyyətlə bərabər bütün məktəb üzrə qərarı verməlidir ki, biz işləyə bilək.
-NK-nin təsdiq etdiyi 4 rəngli geyim nümunəsindən hansılarının istehsalı nəzərdə tutulub?
- Biz verilmiş 4 rəngli formanın hər biri ilə mütəmadi məşğul olmuşuq. Bu gün də siqnallar var. Abşeron, Sumqayıt məktəbləri çoxdan seçim etdikləri vardı, valideynlərdə də problem yaranmayacaq. Görürsünüz orada da, tünd göy rəngli məktəbli formalarına 3 il öncə keçid olunmuşdu. Bu il də onu davam etdirmək istəyirlər. Digər məktəblərdən də başqa rəngli formaların siqnalını alırıq. Biz də ona uyğun iş qrafikini qururuq. Düşünürük ki, ən çox boz və tünd göy üzərində insanlar hələ ki, meyilləniblər. Baxmayaraq ki, burada qəhvəyi rəngli olanı da var. Lakin hələ bu digər rənglərə üstünlük verənləri görmürük.
-Sizcə, hazırda ötən illə müqayisədə sizin məktəbli formalarınızın istehsalında hər hansı çətinlik yaranacaq?
- Məncə, yaranmayacaq, çünki bu, hissəli gedişdir. Çox sağ olsun cənab nazir də təsdiqlədi ki, 2022-2023-cü illərdə prosesə yavaş - yavaş keçid etmək lazımdır. Kimin varıdısa bu məktəbli formasını geyinsinlər. Xüsusilə də 1-ci siniflər. Çünki məktəbli forması alınsın, növbəti ildə valideynin cibinə ziyan olmasın.