Sentyabrın ilk günü Azərbaycan tarixində məhz milləti və xalqının inkişafı üçün sərmayələrini əsirgəməyən, dövrün çox nüfuzlu bir şəxsiyyəti sayılan, Rusiyanın və Yaxın Şərqin bir çox mühüm işlərində şəxsi imzası olan maarifpərvər mesenat Hacı Zeynalabdin Tağıyevin anım günü kimi əbədiləşmişdir. Tağıyev Azərbaycanda ilk azərbaycançılıq ideallarının, milli sahibkarlığımızın, xeyriyyəçilik ənənələrinin, maarifçilik ideyalarının həyata keçirilməsinin banisidir.
Nəcib və xeyirxah insan H.Z.Tağıyev zəmanəsinin ən varlı şəxsiyyətlərindən sayılsa da, əslində onun ən böyük varı xalqına böyük məhəbbəti, millətinin inkişafı idi. Bunun üçün o, bütün imkanlarından, mal-dövlətindən və sərmayəsindən istifadə edirdi.
O, öz dövründə Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafına qarşı çıxaraq, yüngül sənaye müəssisələrinin işə salınmasına, bank, ticarət sektorunun inkişafı istiqamətində böyük əmək sərf etmiş bir insandır.
Bütün varlığı ilə tərəqqipərvər və maarifçi insan olan Hacı Zeynalabdin Məmmədtağı oğlu Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanımın vəfatından sonra bənna köməkçisi işləyən Zeynalabdin artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Sonradan özü tikinti işlərinə şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında (indi burada Tarix Muzeyi və AMEA Əlyazmalar İnstitutu yerləşir) onun dəsti-xətti hiss edilir.
1873-cü ildə iki nəfərlə şərik olub, Bibiheybətdə icarəyə yer götürür. Uzun müddət neft axtarışları bəhrə vermədiyi üçün şəriklər paylarını Hacıya satır və nəhayət, quyu gözlənilmədən fontan vurur. Zeynalabdin Tağıyev zəngin bir milyonçuya çevrilir.
O, neftin distillə üsulu ilə çıxarılması ilə məşğul olan ilk azərbaycanlılardan biri idi. 1886-ci ildə o, şərikləri ilə birlikdə neft hasilatı və emalı firmasının əsasını qoyur, 1897-ci ildə isə öz şirkətini yaradır.
20-ci əsrin əvvəllərində H.Z.Tağıyev toxuculuq sənayesi ilə də məşğul olmağa başlayır. O, Rusiya imperiyasında parça istehsal edən ən böyük zavodu inşa etdirir və “Xəzər Manufaktura Cəmiyyətini” təsis edir. Ticarət əməliyyatlarının daha səmərəli həyat keçirilməsi üçün o, digər yerli iş adamları ilə birlikdə 1914-cü ildə Bakı kommersiya bankını yardır və bu bankın idarə heyətinin sədri seçilir.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
1916-cı ildə o, “Tağıyevin balıq sənayesi səhmdar cəmiyyətini” əsasını qoyur: balıqçılıq qayıqları və gəmilərini alır, Azərbaycan və Dağıstanda balıq sənayesinin inkişafı üçün soyuducular, balığın saxlanılması üçün emal zavodları tikdirir. 1917-ci ilin sonunda onu sərvətinin miqdarı 30 milyon rubla çatır.
Məktəblər tikdirən, o cümlədən Azırbaycanda qızlar üçün məktəb açan Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir, onun pulları sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb, bu gənclər sırasında olduqca məşhur insanlar, o cümlədən Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da vardır. Tağıyev Rusiya imperiyası, İran və Buxara Əmirliyi tərəfindən bir sıra medal və ordenlərlə təltif olunub.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmişdir.
Bir sahibkar kimi onun fəaliyyəti bu gün iqtisadiyyatımızı, sahibkarlığı inkişaf etdirənlər üçün əsl nümunədir. Üstündən uzun illər ötsə də, Azərbaycan xalqının tarixində varidatının yarısını xalqının maariflənməsinə sərf edən bu ölməz şəxsiyyətə bərabər ikinci xeyriyyəçi yoxdur. H.Z.Tağıyevin sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti öz dövründə Azərbaycan mesenatlığının ən yüksək nöqtəsidir.
Maarifpərvər mesenat, nadir şəxsiyyət Hacı Zeynalabdin Tağıyev
17:44
2 Sen 2016