Azərbaycanda boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib.
FED.az xəbər verir ki, Ali Məhkəmə Plenumunun martın 12-də keçirilən iclasında boşanma ilə bağlı indiyədək problemlər yaradan məsələlər müzakirə edilib və dəqiqləşdirmələr aparılıb.
Sonda bu müzakirələr «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı qəbul edilib.
Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb ki, onlardan biri də lotereya və mərc oyunlarından əldə edilən uduşun ər-arvad arasında bölünməsinə aiddir.
Qərara əsasən, ər və ya arvad birgə nigah dövründə lotareya, mərc və ya intellektual oyunda şansa və ya intellektual əməyinin nəticəsi olaraq uduş və gəlir əldə edibsə, həmin gəlir də ailənin ümumi əmlakı hesab ediləcək.
Yəni birgə nigah dövründə əldə edilən digər əmlaklarla yanaşı, lotereya oyunlarından əldə edilən uduşlar da ailənin birgə əmlakı sayılır və boşanma zamanı bölünəcək.
Bu yanaşma iki məsələyə əsaslanır, birincisi, qanuna əsasən, birgə nigah dövründə ərin və arvadın əldə etdiyi bütün zəhmət əziyyət, səy, ailə təsərrfatı üçün həyata keçirilir.
İkincisi, lotereyanın əldə olunması üçün sərf edilən vəsait də ümumi əmlaka aiddir.
Qeyd edək ki, Ali Məhkəmə Plenumunun qəbul etdiyi «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı ölkədə vahid məhkəmə təcrübəsinin tətbiqi məqsədi daşıyır. Yəni boşanma və əmlakın bölünməsi ilə bağlı məhkəmə işlərində vahid yanaşma olaraq bu qərardakı yanaşma nəzərə alınacaq.