Təqaüdçülərin banka olan kredit borcuna görə, pensiya kartından pul da tutula bilər, həmin kartlar blok da oluna bilər.
Bunu FED.az-a hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, əgər pensionerin pensiya kartı da kredit götürdüyü bankdadırsa və hər iki tərəf bu məsələnin yer aldığı müqaviləyə imza atıbsa o zaman kartın bloklanması mümkündür.
Eləcə də bax: Azərbaycanda pensiya və sosial müavinət təyinatı tam - ELEKTRONLAŞDIRILACAQ
«Bir qayda olaraq banklar kredit müqaviləsində göstərir ki, əgər vaxtında kredit ödənməsə kartdan kreditin ödənişi qədər pul tutulacaq və ya borca görə, kart blok olunacaq. Vətəndaş da bunu imzalayır. Bu baxımdan proses qanunidir».
Bununla yanaşı, əgər pensiyaçı krediti bir bankdan, pensiyanı isə digər bankdan alırsa, kredit qaytarılmayanda bank həmin karta blok qoya bilmri və məhkəməyə müraciət etməli olur. Əksər hallarda belə məhkəmə prosesləri bankın xeyrinə başa çatır (krediti hökmən ödəmək lazımdır) və məhkəmənin qərarı ilə kredit pulu pensiyaçının pensiya kartından tutulmalıdır. "Bununla yanaşı, həmin variantda pensiyanın maksimum 50%-i tutula bilər"- deyə Əkrəm Həsənov bildirib.
Əkrəm Həsənovun sözlərinə görə, amma belə olan halda pensiyaçının da ixtiyarı var ki, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət edərək pensiya aldığı kartı dəyişsin. “DSMF-nin köçürmədə xərci yaranarsa, bu zaman pensiyaçı dövlət qurumuna təklif edə bilər ki, bu məbləğ onun pensiyasından tutulsun.
Qeyd edək ki, eyni əməliyyatı əmək haqqı kartı ilə də etmək olar, yəni bir bankdan maaş alan işçi müraciət edərək əmək haqqının başqa bankın kartına köçürülməsini tələb edə bilər.