İbrahim Gülalıyev Kürdəmirdəndir və uzun illər Böyükkəngərli kəndində 12 yaşından 22 yaşınadək çoban olaraq çalışıb. İndi isə əmək bazarının tələbinə cavab verən yeni bacarıqlar öyrənməyə böyük həvəsi var.
Bu məqsədlə İbrahim dual peşə təhsil proqramına qoşulub və Azərbaycan Aşpazlar Gildiyasının dəstəyi ilə sahəsi üzrə təcrübəsini uğurla tamamlayıb. Dual peşə təhsil proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə icra etdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin dəstəyi ilə həyata keçirilir.
Dual təhsil proqramı tələbənin tədris ili boyunca peşə təhsili və təlimi müəssisəsində (PTT) nəzəri biliklərlə yanaşı, sahəsi üzrə aidiyyatı qabaqcıl şirkətlərdən birində praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil yanaşmasıdır. Proqram çərçivəsində tələbələr təhsilin ilk ayı ərzində peşə təhsili mərkəzlərində təməl biliklər əldə edir. İkinci aydan etibarən isə həftənin 2 günü peşə təhsili müəssisəsində ixtisasları üzrə nəzəri biliklərə, digər üç gün ərzində iş yerində praktiki bacarıqlara yiyələnirlər.
İbrahim uşaqlıqdan yemək bişirməyə həvəsli olub və çobanlıq edərkən daim təhsil almaq üçün yollar axtarıb. Günlərin birində Kürdəmirdəki dostları ona peşə təhsili mərkəzində təlim keçmək imkanı haqqında məlumat veriblər və o, arzusunu həyata keçirmək üçün Bakıya gəlmək qərarına gəlib. Beləliklə, o, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müraciət edib və 2022-ci ildə dual peşə təhsil proqramına qəbul olub.
İbrahimin peşə təhsili mərkəzində müəllimi olan Səbinə Məhərrəmova İbrahimin ilk gündən məqsədyönlü olduğunu deyir. “Peşəkar aşpaz olmaq üçün həqiqətən qərarlı idi və hər kəsdən öyrənməyə çalışırdı. Öz işini təkmilləşdirmək üçün daim səy göstərir və məsləhətləşirdi. Bugunkü uğur İbrahim özü başda olmaqla, ona dəstək olan hər kəsin uğurudur. Əməyimizin belə nəticəsini görmək bizi də çox fərəhləndirir. İbrahim peşə ilə bağlı ilk addımlarını bizim mərkəzdə atıb, lakin peşəkar aşpaz İlkin Əkbərzadə ilə tanışlığı və onun dəstəyi ilə daha da püxtələşib”.
Dual təhsil proqramı üzrə keçirdiyi tədris ilində İbrahim şəhərin tanınmış restoranlarından birində Bakı Kulinariya Assosiasiyası və Azərbaycan Aşpazlar Gildiyasının sədri İlkin Əkbərzadədən aşpazlıq sənətinin sirlərinə yiyələnib. İbrahimin mentoru olan İlkin Hənifə “İbrahim yeni bilgi və bacarıqları çox böyük həvəslə və sürətlə öyrənirdi. O, işə məsuliyyəti və peşəkar yanaşması ilə bizim gözləntiləri doğrultu və özünü müsbət tərəfdən tanıda bildi. Nəticədə, İbrahim təcrübə keçdiyi yerdə artıq rəsmi işə qəbul olub” qeyd edir.
“Aşpazlar Gildiyası olaraq biz həmişə gəncləri dəstəkləməyə çalışırıq, müxtəlif peşə təhsil mərkəzləri və layihələrlə işbirliyi edirik. İbrahim də “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi ilə birgə əldə etdiyimiz uğurlu nəticələrdən biridir”, – deyə o əlavə edib.
İbrahim, aşpaz olmaq arzusunu dual peşə təhsili ilə reallaşdırmağa daha yaxın olur və dərsdən kənar vaxtlarda da peşə bacarıqlarını təkmilləşdirməyə çalışır. O, iş yerində yeni dostlar qazandığını, həmçinin onlardan da əlavə bilgilər öyrəndiyini qeyd edir. Bu dəyişikliklər onu xəyalları və arzuları üçün həvəsləndirir. Belə ki, o, növbəti addımlarını peşəkar şef olaraq müxtəlif ölkələrdə çalışmaqda görür.
Ənənəvi peşə təhsilindən fərqli olaraq, dual təhsil proqramı tələbələrə sinif otağında əldə etdikləri nəzəri bilikləri sahələrinə uyğun özəl müəssisələrdə, real iş şəraitində praktiki olaraq tətbiq etmək imkanı verir. Bu proses təhsil ili boyunca davam edir. İş yerində öyrənmə müddətində tələbələr özlərini işəgötürənlərə tanıtma imkanı əldə edir və bunun nəticəsidir ki, təhsilin sonunda bir çox tələbə iş təklifi alır.
Tanınmış aşpaz İlkin Hənifə oğlu Əkbərzadə
İlkin bəy tələbələri ilə birgə
Nəticədə, ölkədə peşə təhsilinin müasirləşdirilməsi istiqamətində atılan bu addımlar Azərbaycanın kefiyyətli təhsil (DİM 4), layiqli əmək və iqtisadi artım (DİM, 8) eləcə də bərabərsizliyin azaldılması (DİM 10) kimi bir sıra dayanıqlı inkişaf məqsədlərinə nail olmasına birbaşa töhfə verir.
Dual təhsil yanaşması tələbələrin iş tapa bilməsi, gələcək məşğulluğu üçün, eləcə də peşə təhsil mərkəzləri və özəl sektor şirkətləri üçün yeni fürsətlər yaradır. Belə ki, bu yanaşma müəssisələrə öz gələcək işçilərini daha az xərclə və daha qısa müddətdə yetişdirmək, peşə təhsil mərkəzlərinə isə bazarın tələblərinə uyğun tədrisi təşkil etmək imkanı verir.
Ümumi olaraq, dual təhsil — peşə təhsilində səriştəli kadrların hazırlanmasındakı zaman və resursa qənaət edilməsinə kömək edir, səmərəli məşğulluğun artmasına yardım edir. Dual proqram, prosesə peşə təhsil istiqamətləri üzrə qabaqcıl işəgötürənləri cəlb edərək innovativ əməkdaşlıqların yaranmasına gətirib çıxarır və nəticədə, daha çevik və müasir iş prinsiplərini təşviq edərək iqtisadiyyata dəstək olur.
Hazırda “Gələcək üçün peşə təhsili” layihəsi Bakı, Cəlilabad, Gəncə, Şəki, və Lənkəran şəhərlərində çoxsaylı özəl sektor müəssisələri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bugünə qədər 573 tələbə (40% qadın, 60% kişi) turizm, pərakəndə satış, nəqliyyat, mebel istehsalı və media kimi müxtəlif sahələr üzrə təhsil alıb. Qeyd olunmalıdır ki, 70%-dən çox məzuna iş təklif edilib.
Ümumi statistikaya nəzər yetirsək, layihə çərçivəsində “Dual peşə təhsil proqramı” üzrə son iki tədris ilində toplam 32 şirkətlə əməkdaşlıq qurulub. 8 peşə təhsili müəssisəsindən 41, özəl sektor tərəfdən isə 126 mentor 24 fərqli ixtisas üzrə tələbələrin iş yerində öyrənməsi üçün prosesə cəlb edilib. Ümumilikdə beş şəhər üzrə aparılan bu proqramda davamlı olaraq gənclərin öyrənmə və məşğulluq imkanlarına dəstək göstərilib.
Sözügedən dual peşə təhsil proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin icra etdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
Dual təhsil proqramının növbəti il də davam etməsi planlaşdırılır.
Müəllif: Leyla Qurbanova
Fotolar: Tural Əliyev, BMTİP Azərbaycan