Xəbər verildiyi kimi, fevralın 3-də KİV DF-nin «Kaspi» qəzetinin adını dövlət maliyyəsi alan qəzetlərin siyahısından çıxarıb.
FED.az bildirir ki, yeni siyahıya əsasən, 2020-ci ildə dövlət dəstəyi bu siyahıdakı qəzetlərə veriləcək.
Qəzetin təsisçisi Sona Vəliyeva (bir qədər əvvəl istefaya göndərilmiş Prezident Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşı) bununla bağlı ictimaiyyətə müraciət edib.
S.Vəliyeva bu qərarın ədalətsiz olduğunu, qəzetin kollektivini çətin duruma saldığını bildirib: «Dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından yalnız rus və Azərbaycan dillərində çıxan «Kaspi» qəzetləri ixtisar olunub. Rus və Azərbaycan dillərində gündəlik çıxan «Kaspi» qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir. Hər iki qəzetin çoxsaylı kollektivi dünən ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladı. Mətbuat işçilərinə qarşı hər zaman yüksək qayğı və diqqət göstərən, jurnalistlərin dostu olan Prezident İlham Əliyevin, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevanın bizim bu müraciətə müsbət cavab verəcəyinə inanırıq».
Qeyd edək ki, «Kaspi» tarixi taleyi və ənənəsi olan bir qəzetdir. 1881-ci ildə işıq üzü görərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında vətənpərvər ziyalıların tribunası rolunu oynayıb. Məhz buna görə “Kaspi” qəzeti həm də “Üç əsrin qəzeti” adlanır. Bu qəzetdə Ə.Topçubaşov, H.Zərdabi, Ə.Hüseynzadə, M.Şahtaxtı kimi vətənpərvər ziyalılar baş redaktor kimi çalışıblar.
«Kaspi» qəzetinin müasir dövrdə fəaliyyəti 1999-cu ildə bərpa edilib. Qəzetin saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyətdədir. Eləcə də artkaspi.az ədəbiyyat saytı və «Teatr», «Gənclik» və «Ədəbiyyat» əlavələri var. «Kaspi» gündəlik rəngli formatda, həftəarası günlərdə 16 səhifə, şənbə günü isə 24 səhifə rəngli çap olunur.
2019-cu ildə qəzet 3800 tirajla çıxıb.
S.Vəliyeva bildirib ki, təsisçi də daxil olmaqla «Kaspi» qəzetinin yaradıcı heyəti, yardım göstərilməyəcəyi təqdirdə belə, lazım olarsa, «Könüllülər ilində» qəzetdə maaşsız və qonorarsız çalışacaq. «Necə ki zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdir».
Qəzetin təsisçisi bəyan edib ki, nəşrin qorunub saxlanması üçün təsisçilikdən də imtina etməyə hazırdır: «Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet bağlanmasın, fəaliyyətini dayandırmasın».