Azərbaycanda ilk dəfə olaraq işsizlikdən sığortanın tətbiqinə başlanıb. FED.az xəbər verir ki, 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək qanuna əsasən, işsizlikdən sığorta Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədi daşıyır.
Bu qanun bütün işləyənlərə aid olmayacaq
Əvvəla qeyd edək ki, bu qanun heç də bütün işsizlərə aid deyil. Qanuna görə işsizlikdən sığortadan o şəxslər yararlana biləcək ki, onlar dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilsin. Qanuna görə, işsizlikdən sığorta əmək müqaviləsi ilə işləyənlərə aiddir və belə müqaviləsi olan bütün işsilər məcburi qaydada sığortalanmalıdır.
Hər ay sığorta haqqı ödəmək lazım olacaq
İşsizlikdən sığorta belə qayda ilə işləyir – ənənəvi sığortada olduğu kimi, işçi və işə götürən hər ay əmək haqqı fondundan ümumilikdə 1% sığorta haqqı ödəyirlər. Bunun 0,5%-i işçinin, 0,5%-i isə işə götürənin payına düşür. Bu isə avtomatik olaraq o deməkdir ki, xidməti müqavilə ilə işləyənlər işsizlikdən sığortadan faydalana bilməyəcəklər.
Eləcə də bax: Azərbaycanda işsizlərə nələr təklif olunur? – QANUNDA
İşdən öz ərizəsi ilə çıxmaq təhlükəlidir
İşçi işini itirdikdə isə ona müəyyən müddət ərzində işsizlikdən sığorta ödənişi verilir. Qanuna görə işsizlikdən sığorta ödənişini o şəxslər alacaqlar ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işsiz qalsınlar və “Məşğulluq haqqında” Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınsınlar. Digər səbəblərlə işini itirən, məsələn öz ərizəsi ilə işdən çıxanlar bu sığortanı ala bilməyəcəklər.
Stajı çox olanlar daha çox sığorta pulu alacaqlar
İşsizliyə görə aylıq sığorta ödənişinin məbləği işçinin maaşından və sığorta stajından asılıdır. Eyni zamanda müəyyən məbləği keçməməlidir. Belə ki, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda, o orta maaşının 50 faizi; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faizi; sığorta stajı 10 ildən yuxarı olduqda isə 60 faizi həcmində sığorta ödənişi ala bilər.
Sığorta haqqının məbləğinə limit qoyulub
Digər qaydaya görə, sığorta ödənişinin məbləği əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum əmək haqqı məbləğindən az ola bilməz.Öhdəsində 18 yaşa çatmayan və ya bu yaşa çatsa da təhsil alan uşaqlar olan valideynlər əlavə olaraq hər uşağa görə, hesablanmış məbləğin 5%-i həcmində əlavə ödəniş alacaqlar.
Təcili iş tapmasanız sığorta pulu azalacaq
Sığorta ödənişi ilk dəfə təyin ediləndə məbləğ işsizlik müddətindən asılı olaraq hesablanacaq. Belə ki, işini itirən şəxs üçün sığorta ödənişi yuxarıdakı qaydada hesablanır. İlk 2 ay ərzində işsiz həmin məbləğin 100 faizini alacaq. 3–4-cü ayları üçün həmin məbləğin 80 faizi, 5–6-cı aylar üçün isə 70 faizi alınacaq.
Eləcə də bax: Azərbaycanda ən az işsiz olan rayonlar – SİYAHI
İşsizlikdən sığortanın cəmi 9 ay «ömrü» var
İşsizlikdən Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. İşçi işsiz qaldıqdan sonra qarşıdakı 24 ay ərzində 9 ay işsizlik sığortası ala bilər. Bu müddətdə iş tapa bilməzsə yenidən bu ödəniş üçün müraciət edə bilər. Təkrar müraciət zamanı minimum sığorta ödənişi, yəni minimum əmək haqqı qədər vəsait ödənilir. Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
İşsizlikdən sığorta kimə kömək edəcək? – YENİ QAYDALAR
09:14
6 Noy 2017