2017-ci ildə məhkəmə icraçılarından 31 nəfəri fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb olunub. Eləcə də 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib. 10 nəfər isə tutduğu vəzifədən azad edilib.
FED.az xəbər verir ki, buna səbəb icra məmurlarının vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılmasıdır. İcradan qərəzli şəkildə boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmaması və digər neqativ hallarla bağlı şikayətlər də artıb.
Məsələni FED.az-a şərh edən ekspertlər vəziyyətin bu həddə çatmasını icra sistemində cəzasızlıq və hesabatılılığın olmaması ilə əlaqələndiriblər. Hüquqşünas Şəhriyar Əbilov hesab edir ki, icra qurumlarında innovativ dəyişikliklərə və bir sıra güclü nəzarət tədbirlərinə ehtiyac var:
“Məsələn, 2 ay ərzində icra olunmayan qərarların icra olunmamasının səbəbləri araşdırılmalıdır. İllərdir icra olunmayan qərarlarla bağlı izahatlar alınmalıdır. Daha bir uğurlu iş icra sənədlərində sırf borclulara aid məlumatların icra orqanına verilməsi və icraçıların 7% icra ödənişini yalnız qəsdən icra olunmayan hallarda alması ilə baş tuta bilər. Misal üçün borclunun 10 min borcu var, adam borcunu ödəmək üçün bilmir tələbkarla 10 gün ərzində razılaşsın, ya 7%-i düşünsün. Bu baxımdan da 7%-i ödəmə qabiliyyəti olub, ödəməkdən yayınan borclulara aid edilməsi daha ədalətli olardı”.
Daha bir təklif icrası gecikən işlərlə bağlı olub. Mütəxəssislər hesab edirlər ki, 2 aydan artıq uzanan icra qərarlarına görə icra idarəsinin hesabından müstəriyə hər gün üçün faiz ödənilməlidir. İcra 2 ayı keçən kimi 7% ləgv edilməlidir.
Hüquqşünas Anar Umudlu bildirib ki, məhkəmə qərarlarının icrası sahəsində kifayət qədər mütərəqqi qanunvericilik bazası mövcuddur.
“Ancaq bəzən məhkəmə icraçılarının məsuliyyətsizliyini vurğulamaq lazımdır. Süründürməçiliyə yol verirlər. Əsas məsələlərdən biri əgər hər hansı bir icra məmuru qanun pozuntusuna yol veribsə və ya icra ilə bağlı lazımı addımları vaxtında atmayıbsa ona qarşı tədbir görülməlidir. Hər hansı məhkəmə qərarının icrası üçün icra məmuru müxtəlif dövlət orqanlarına vaxtında sorğular göndərməlidir. Həmin sorğuların cavablarına əsasən icra tədbirlərini vaxtında həyata keçirməlidir. Və əlbəttə ki, buna ciddi nəzarət olunmalıdır. Əgər cəzasızlıq olacaqsa, icra məmuru gecikməyə görə heç bir məsuliyyət daşımırsa, burada kifayət qədər problemlər, vətəndaşların şikayətləri çox olacaq. Bu sistemdə cəzasızlıq və məsuliyyətsizlik kimi problemlər var”.
İşi qəsdən uzadan icraçılara cəza verilməlidir: İşdən çıxarılanlar var
13:37
24 Yan 2018