Bu yazıda əmək qanunvericiliyimizdə nəzərdə tutulmuş işdən çıxarılma ilə əlaqədar işçilərin hüquqları, işə götürənlərin məhdudiyyətləri və bir sıra məqamları barədə yazmağa çalışdıq. Yazının davamında siz işə götürən tərəfindən hansı hallarda və hansı şərtlərlə işdən azad edilə bilərsiniz, bu sahədə olan qadağalar nələrdir bunlarla tanış olacaqsınız.
Eləcə də bax: Əmək müqaviləsi vs Xidməti Müqavilə
Başlayaq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından.
Əmək müqaviləsi - a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi, d) tərəflərin iradəsindən asılı olmayan hallar və e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında ləğv edilə bilər.
Qısa şəkildə müqavilə müddətinin bitməsinə görə işdən çıxarılmanı qeyd edərək keçək əsas məsələyə. Bildiyiniz kimi, ölkəmizdə əmək müqavilələri əksərən müddətli olaraq bağlanılır. Həmin müddət bitdikdə əmək müqaviləsinə xitam verilir. “Müqavilə azadlığı” prinsipinə əsasən bu zaman işə götürən demək olar ki, hər-hansı məcburiyyətlərə, müavinət verilməsinə və s məruz qala bilməz. Müqavilə bağlamaq və ya bağlamamaq, onun müddətini uzatmaq və uzatmamaq işçinin də, işə götürənin də hüququdur.
Qeyd edək ki, əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və digər üzürlü səsəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtarsa belə o işə çıxana qədər müqaviləyə xitam verilə bilməz. Həmin müqaviləyə işçi işə çıxdıqdan sonra bir həftə ərzində xitam verilə bilər.
İndi keçək əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi hallarına
İşə götürən, yəni çalışdığınız şirkət sizinlə bağlanmış əmək müqaviləsinə yalnız a) müəssisə ləğv edildikdə, b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə, c) peşəkarlıq səviyyənizin kifayət dərəcədə olmadığı barədə attestasiya komisisyasının qərarı olduqda, ç) əmək funksiyanızı və ya əmək müqaviləsi üzrə öhdəliklərinizi yerinə yetirmədikdə, və ya əmək vəzifələrinizi kobud şəkildə pozduqda, d) sınaq müddəti ərzində özünüzü doğrultmadıqda, e) dövlət müəssisəsində işləyirsinizsə çalışmanın yaş həddinə çatdıqda xitam verə bilər.
Özü də əmək müqaviləsinə sadalanan əsaslardan yalnız biri ilə xitam verilə bilər və işə götürən bu əsaslardan hər hansı biri ilə sizi işdən çıxarırsa bunun zəruriliyini mütləq əsaslandırmalıdır.
Bəs işdən çıxarılan işçiyə hansı təminatlar verilir?
Deyək ki, sizin işlədiyiniz müəssisədə 3 il stajınız var.
İşə götürən iş yerində olan ixtisarlar səbəbindən sizinlə bağlanmış əmək müqaviləsinə xitam vermək istəyirsə ən azı dörd həftə əvvəldən bu barədə sizə xəbərdarlıq etməli, həmin dörd həftə ərzində hər həftədə bir iş günü sizə işə gəlməməyə icazə verərək iş axtarmağa imkan yaratmalıdır.
Əmək Məcəlləsində
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi xəbərdarlıq müddətləri müəyyən edilmişdir.
Həmin 4 həftəlik bildirş müddətin\in sonunda müqavilənizə xitam verdikdə sizə orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir.
Əmək Məcəlləsində
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinətinin verilməsi nəzərdə tutulmuşdur.
İstəsəniz işə götürənin razılığı ilə dörd həftəlik xəbərdarlıq müddəti orta aylıq əməkhaqqınızın 0,9 misli miqdarında bir dəfəlik əmək haqqı ilə əvəz edilərək həmin gün əmək müqaviləsinə xitam verə bilər.
Əmək Məcəlləsində
azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli miqdarında bir dəfəlik əmək haqqının verilməsi nəzərdə tutulur.
Kollektiv müqavilələrdə və ya əmək müqaviləsində daha yüksək məbləğdə işdən çıxarma müavinatının verilməsi nəzərdə tutula bilər. Amma məcəllədə göstərilən daha az verilməsi qadağındır.
Əmək müqavilənizə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, hərbi xidmətə getməyiniz və əmək qabiliyyətinizin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xitam verilirsə, bu zaman işəgötürən sizə stajınızdan asılı olmayaraq orta aylıq əmək haqqınızın azı iki misli miqdarında müavinət ödəməlidir.
Müəssisənin sahibinin dəyişməsi ilə əlaqədar əmək müqavilənizə xitam verilirsə sizə orta aylıq əmək haqqınızın 3 misli miqdarında müavinət ödənilir.
Eyni zamanda, işçi vəfat etdikdə onun vərəsələrinə həmin işçinin orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməlidir.
Qeyd edək ki, orta aylıq əmək haqqının məbləği 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə müəyyən edilir. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb etməlidirlər.
Müəssisənin ləğvi istisna olmaqla, sizin hərbi xidmətdə olduğunuz müddət ərzində iş yeriniz və vəzifəniz saxlanılmalıdır. Hərbi xidmətdən buraxıldıqdan sonra ən geci 60 gün keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə qayıtmaq hüququnuz var.
İxtisar zamanı kimlərə üstünlük verilir?
İşçilər ixtisar edilərkən həmin vəzifə üçün daha peşəkar hesab edilən işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Eyni peşəkarlığa malik olan işçilərdən şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin həyat yoldaşlarına, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə üstünlük verilir.
Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar.
İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olmasına görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Qeyd edək ki, bu məhdudiyyətlər müəssisənin ləğv edilməsi və əmək müqaviləsinin müddətinin bitməsi hallarına şamil edilmir.
Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin həmin müəssisədə bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilər ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Hüquqşünas Hüseyn İsmayılov