İşsizlik səviyyəsi və inflyasiya dərəcəsi arasında necə bir əlaqə mövcuddur?
1958-ci ildə iqtisadçı Fillips (A.W.Phillips) Britaniyanın “Economica” jurnalında ona şöhrət qazandıracaq bir məqalə yayımlandı.
Burada Fillips işsizlik nisbəti ilə inflyasiya nisbəti arasında mənfi korrelyasiya əlaqəsi olduğunu göstərdi.
Yəni, Fillipsin araşdırmalarına əsasən işsizlik səviyyəsinin aşağı olduğu illərdə yüksək inflyasiya dərəcəsi, işsizliyin yüksək olduğu illərdə isə aşağı inflyasiya olur. Buna əsasən iqtisadçı iki mühüm makroiqtisadi dəyişən olan inflyasiya və işsizliyin müəyyən bir şəkildə əlaqəli olduğu nəzəriyyəsini irəli sürdü.
Fillipsin irəli sürdüyü fikir Böyük Britaniya məlumatlarına əsaslansa da , sonradan digər tədqiqatçılar onun nəzəriyyəsini digər ölkələrdə də tətbiq etdilər.
Fillips məqaləsini dərc etdikdən iki il sonra iqtisadçılar Paul Samuelson və Robert Solov “American Economic Review” jurnalında "Anti-inflyasiya Siyasətinin Analitikası" adlı məqalə dərc etdilər. Onlar ABŞ-da da inflyasiya və işsizlik arasında oxşar mənfi korrelyasiya əlaqəsi olduğunu göstərdilər. Samuelson və Solov inflyasiya və işsizlik arasındakı bu mənfi əlaqəni “Fillips əyrisi” adlandırdılar.
Bəs bu nəzəriyyəni formalaşmasını əsaslandıran amillər nədir?
- Məcmu tələbin artması real ÜDM-in artmasına səbəb olur. Beləliklə, firmalar daha çox işçi cəlb edir və işsizlik azalır.
- İqtisadiyyat tam həcmdə istehsal səviyyəsinə doğru getdikcə inflyasiya təzyiqləri də artmağa başlayır.
- Aşağı işsizlik səviyyəsində işçilər daha yüksək əmək haqqı tələbi etməyə başlayır, müəssisələrin əmək haqqı xərcləri artır ki, bu da əmək haqqı inflyasiyasına səbəb olur.
- Prosesin davamı olaraq firmalar bazarda təklif etdiyi məhsul və xidmətlərin də qiymətini qaldırır ki, artan əmək haqqıları qarşılaya bilsin.
- Ona görə də bu vəziyyətdə biz işsizliyin azaldığını, lakin inflyasiyanın daha yüksək olduğunu görürük.
Maraqlı fakt: 2023-cü il göstəricilərinə əsasən Azərbaycanda işsizlik səviyyəsi təqribən 5.5%, inflyasiya isə 9.4% olmuşdur. (Mənbə: Dövlət Statistika Komitəsi)
Müəllif: Elvin Nəsibov, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı