“İşsizlikdən sığorta haqqında” Qanuna görə, bəzi hallarda işdən azad edilmiş şəxslərə pul ödənişi verilir. Bəs bu ödənişlər hansı hallarda verilir? Ödənişlər necə təyin olunur? Bu ödənişlərin müddəti nə qədərdir?
İşsizlikdən sığorta ödənişləri alanların sayının yüksək olduğu 7 rayon və şəhər
FED.az xəbər verir ki, əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, 2018-ci il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minib. Həmin qanun qüvvəyə minənədək bu məsələlər “Məşğulluq haqqında” Qanunla tənzimlənirdi:
““Məşğulluq haqqında” Qanuna əsasən, əmək müqaviləsinə hansı əsasla xitam verilməsindən asılı olmayaraq, şəxsin müəyyən olunmuş qaydada işsizlik müavinəti almaq hüququ var idi. Lakin 2018-ci il yanvarın 1-dən etibarən “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə mindikdən sonra bu məsələ yalnız müəyyən hallarda, yəni əmək müqaviləsinə konkret əsaslarla xitam verildikdə sığorta ödənişi verilməsi ilə tənzimlənməyə başladı.
Bu hallar aşağıdakılardır:
Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi — müəssisənin ləğv edilməsi;
Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi — ştatların ixtisar edilməsi;
68-ci maddənin ikinci hissəsinin “b” bəndi — əmək müqaviləsinin müddətinin başa çatması;
68-ci maddənin ikinci hissəsinin “ç” bəndi — müəssisə mülkiyyətçisinin dəyişməsi;
74-cü maddənin birinci hissəsinin “b” bəndi — əvvəllər müvafiq işdə çalışan işçinin işə bərpa olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması;
74-cü maddənin birinci hissəsinin “ə” bəndi — əvvəllər həmin müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra iş yerinə qayıtmaq hüququndan istifadə etməsi”.
Ekspert əlavə edib ki, hazırkı qanunvericiliyə görə, yalnız əmək müqaviləsinə müəyyən əsaslarla xitam verildiyi hallarda şəxsin işsizlikdən sığorta ödənişi almaq hüququ var. Bu sığorta ödənişi, əmək müqaviləsinə xitam verilmiş şəxslərin müəyyən dövr ərzində itirilmiş əmək haqlarının kompensasiya olunmasına xidmət edir:
“Burada həm şəxsin əmək stajı, həm də əmək müqaviləsinə xitam verilmə əsası nəzərə alınır. Bu baxımdan sığorta ödənişinin məbləği və müddəti məsələləri qanunla tənzimlənir.
Qanuna əsasən, sığorta ödənişi:
Müvafiq hallarda üç ay və ya altı ay müddətinə verilir.
Eyni zamanda, qanunda müəyyən olunub ki, 18 yaşına çatmamış uşağı olan şəxslərin sığorta ödənişinə əlavələr edilir. Belə ki, hər bir uşaq üçün ödənişə 5 faiz əlavə olunur, lakin bu əlavənin ümumi məbləği 20 faizdən artıq ola bilməz.
Bu şərtlər nəzərə alınmaqla, yalnız qeyd olunan hallarda şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ mövcuddur”. (Moderator.az)