Azərbaycanda məişət zorakılığı ilə bağlı hadisələr mütəmadi olaraq baş verir. Əsasən kiçik ailə münaqişəsi ilə başlayan bu hadisələrin sonu bəzən faciə ilə nəticələnir. Cinayət hadisələrinin xronikasında ailə üzvləri və yaxınlarına qarşı zorakılıq halları, hətta onların qətli barədə xəbərlər daim yer almaqdadır.
Bir qədər əvvəl elan edildiyinə görə, məişət zorakılığına qarşı qanunvericiliyə dəyişikliklər gözlənilir.
Hazırda Azərbaycanda məişət zorakılığı ilə bağlı işlər nə yerdədir, bununla mübarizə aparmaq üçün hansı imkanlar var və hansı dəyişikliklər ediləcək?
FED.az ölkə vətəndaşları, xüsusilə də qadınları narahat edən bu məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyevanın müsahibəsini təqdim edir.
- Sevinc xanım, əvvəlcə bilmək istəyərdik, ölkəmizdə məişət zorakılığı ilə bağlı vəziyyət nə yerdədir?
- Baxmayaraq ki, məişət zorakılığıyla bağlı qanunvericilik 2010-cu ildən qəbul olunub, artıq üzərindən çox müddət keçib, amma təəssüflər olsun ki, həmin qanunvericiliyin icra mexanizmi ilə bağlı böyük problemlər var. Ən böyük problem, bildiyimiz kimi, məişət zorakılığında əsas müdafiə mexanizmi zərərçəkənə verilən mühafizə orderidir. Mühafizə orderi - bir qalxandır. O zərərçəkənə verilir ki, məişət zorakılığı artmasın, onlar belə deyək, daha böyük, ağır zərbələrə uğramasın. Ən böyük problemlərdən biri də mühafizə orderinin verilməsi ilə bağlıdır.
- Yəni mühafizə orderi məişət zorakılığına məruz qalan şəxsi qorumaq üçün verilir – onu hansı qurum verir?
- Mühafizə orderini yerli icra hakimiyyətləri verir. Yerli icra hakimiyyəti deyəndə, şəxsin faktiki olaraq yaşadığı yer üzrə, tutalım, Yasamal rayonunda yaşayırsa, bu, Yasamal Rayon İcra Hakimiyyətidir. İcra Hakimiyyətinə bu mühafizə orderinin verilməsi səlahiyyəti verilib.
- Mühafizə orderi onu alan şəxsi necə qoruyur?
- Mühafizə orderi, dediyim kimi müdafiə mexanizmidir. Bu, nə deməkdir? Əslində kağız formasında verilən bir sənəddir, yazılı verilir. Amma onun içərisində nəzərdə tutulan, əsasən qoruyucu hallardır və bunlar həmin zorakılığı törətmiş şəxslərə müəyyən hərəkətləri etməyi qadağan edir.
Burada zərərçəkmiş özü deyir ki, mənə qarşı filan-filan hərəkətlər baş vermişdir və mühafizə orderini verən orqan da orada qeyd edir ki, günahkar tərəfə bu hərəkətləri etmək qadağan olunur.
- Bu order xanımları – çünki zorakılığa bir qayda olaraq onlar məruz qalırlar - məişət zorakılığından qoruyurmu?
- İnanırsınız, qanunvericiliyin qəbul edilməsindən bu qədər vaxt keçməsinə baxmayaraq - mən şəxsən özüm vəkil kimi bunu bütün məsuliyyətimlə deyirəm - icra hakimiyyəti orqanları hələ də bu sənədin məsuliyyətini tam anlamır, dərk etmirlər. Təsəvvür edin, ən geci 24 saat ərzində verilməli olan mühafizə orderini bizim vəkil olaraq ən tez aldığımız hal bir həftə çəkib.
Halbuki bu vaxt ərzində artıq zərərçəkmiş öldürülə də bilər, xəbərlərdən görürsünüz, nə qədər bu cür hadisələr baş verir.
- Kimlər mühafizə orderini ala bilərlər və kimə qarşı? Yəni istənilən şəxs bunu ala bilərmi, yoxsa zərərçəkən mütləq ailə üzvü olmalıdır ki, mühafizə orderi verilsin?
- Gözəl bir sualdır. Çünki məişət zorakılığı digər zorakılıqdan məhz onun subyektlərinə görə fərqlənir. Yəni kim o zorakılığı törədir və kimə qarşı? Məişət zorakılığını qanun konkret izah edir - bu yaxın adamların bir-birinə qarşı zorakılığıdır. Məsələn, eyni hərəkəti sənə qarşı qonşun törədibsə, bu, məişət zorakılığı deyil və sən ona qarşı mühafizə orderi ala bilməzsən. Qanuna əsasən bu, ilk növbədə, birgə yaşayan və ya birgə yaşamayan yaxın qohumlardır - ata, ana, uşaqlar, bacı, qardaş, ər-arvad, övladlığa götürənlər, övladlığa götürülənlər. Ər-arvad və birgə yaşayan qeyri-rəsmi nikahda olanlar şəxslər də məişət zorakılığına qarşı mühafizə orderi ala bilərlər. Onlar istər birgə yaşadılar, istər ayrı yaşadılar, bir-birinə qarşı order ala bilərlər. Amma digər qohumlar, tutaq ki, baldız, qayın-filan, o şəxslərə qarşı o vaxt mühafizə orderi ala biləsən ki, sən onlarla birgə yaşayırsan. Ayrı yaşadığın halda baldız və qayın, yaxud digər qohumlarınla bağlı məişət zorakılığına qarşı mühafizə orderi ala bilməzsən. Çünki qanunvericiliyə əsasən o hallar məişət zorakılığı sayılır ki, tərəflər bir-birləri ilə müəyyən qohumluq münasibətilə bağlı olsunlar və ya biri digərindən asılı olsun. Belə halda əlavə müdafiə mexanizmlərinə ehtiyat var. Amma zorakılığa yol verən adam yaxın əhatəyə aid deyilsə, qarşı tərəfin ondan həm psixoloji, həm maddi, həm fiziki asılılığı daha azdır.
- Boşanmış həyat yoldaşına qarşı mühafizə orderi almaq mümkündürmü? Çünki müşahidələr göstərir ki, hazırda ən çox hadisələr məhz boşanan həyat yoldaşına qarşı olur.
- Bəli. «Məişət zorakılığının qarşısının alınması haqqında» Qanunda məişət zorakılığını həm törətmiş şəxslər, həm qurbanların kim olmasının dairəsi dəqiq göstərilib. Qanunda dəqiq göstərilib ki, buraya keçmiş ər və arvad da aiddir.
Fərqi yoxdur ki, onlar məcburi qaydada bir yerdə yaşayırlar, ya ayrı qalırlar, onların birgə uşaqları var ya yoxdur. Heç boşanma müddətlərinin də bu məsələyə aidiyyatı yoxdur. Əgər nə vaxtsa ər-arvad olublarsa, bir-birlərinə qarşı psixoloji, fiziki, iqtisadi, cinsi zorakılıqların hər hansı bir növünü həyata keçirirlərsə, bir-birindən müdafiə üçün məişət zorakılığı ilə bağlı mühafizə orderindən yerli icra hakimiyyətinə, sonra isə faktiki yaşadıqları ünvan üzrə məhkəməyə müraciət edə bilərlər. Çünki siz adi kriminal xronikaya da, yaxud son vaxtlar rezonans doğuran cinayətlərə də baxsanız, keçmiş ərin arvadı öldürməsi, hətta boşanmış halda, yayılıb. Düzdür, burada qanun kişi-qadın deyə fərq qoymur, amma cəmiyyətdə qurbanların daha çox qadınalr olduğu görünür.
- Bu sənəd hansı müddətə verilir?
- Mühafizə orderi 2 cür olur: qısamüddətli və uzunmüddətli. Qısamüddətli həm müddətinə görə fərqlənir ki, 30 günə verilir və bunu dediyim kimi, yerli icra hakimiyyəti orqanı 24 saat ərzində verməlidir. Uzunmüddətli mühafizə orderi o vaxt verilir ki, artıq qısamüddətli mühafizə orderi heç bir müsbət nəticə vermir və ya onun vaxtı bitir, amma zorakılıq yenə də davam edirsə.
- Uzunmüddəti orderi kimi verir?
- Bunun üçün vətəndaşın yaşadığı yer üzrə məhkəməyə müraciət etməsi tələb olunur. Özü də qeydiyyatda olduğu yox, faktiki yaşadığı yer üzrə məhkəməyə - müraciət eləyəndə məhkəmə 3 gün ərzində 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verə bilər.
- Sevinc xanım, mühafizə orderi çox önəmli bir məqamdır. Bu gün mühafizə orderinin alınmasıyla bağlı müraciətlər çoxdurmu?
- Müraciətlərin sayı azdır və bunun birinci səbəbi əlbəttə ki, əhali arasında maariflənmənin az olmasıdır. Amma ikinci ən böyük səbəbi odur ki, mühafizə orderi ilə bağlı müraciət edəndə - mən şəxsən özüm də bununla qarşılaşmışam - mühafizə orderini verməli olan orqan, yəni yerli icra hakimiyyəti bu sənədi verməkdənsə, adamları barışdırmaq mövqeyini tutur. Yəni qadını müdafiə eləməkdənsə, başlayırlar qadınlara «ağıl verməyə» ki, «ailəni dağıtmaq olmaz», «get, barış» və sair. Məsələyə belə qeyri-ciddi münasibət zərərvericidir, nəticədə zorakılıqla rastlaşan qadınlar belə münasibəti gördükdə ruhdan düşür və icra hakimiyyətinə müraciətdən ümumiyyətlə imtina edir.
- Ola bilər order verilib, amma qarşı tərəf, yəni o zorakılığı edən, bu sənədi saymadı, icra etmədi və əməllərinə davam elədi. Onda bu sənədlə nə etmək olar?
- Qeyd eləyim ki, burada əsas məsələ icra hakimiyyətinin öz məsuliyyətini dərk etməsidir. Məsələ bundadır ki, mühafizə orderi icra sənədidir, yəni qanun icazə verir ki, yerli icra hakimiyyəti, hətta məhkəmə qərarı olmadığı halda belə bu sənədi birbaşa dərhal icraya göndərsin. Həmin rayon üzrə yerli məhkəmə icraçıları onun - yəni bu sənədin icrasına (burada nəzərdə tutulan tələblərə) nəzarət etməlidirlər. Əgər riayət olunmursa, yəni həmin şəxs zorakılığı davam etdirirsə, o birinci olaraq, inzibatı məsuliyyətə cəlb olunur, sonra uzunmüddətli mühafizə orderi verilir, əgər uzunmüddətli mühafizə orderinin də şərtləri pozulursa, Cinayət Məcəlləsində buna görə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası var. Ona görə də, mühafizə orderinin belə vacibliyini ilk növbədə, onu verən orqanlar anlamalıdır.
- Siz mühafizə orderi ilə bağlı məsələyə yerli icra hakimiyyətlərinin ciddi münasibət göstərməməsindən narazısınız. Bəs nəyə görə bu səliyyət, icra hakimiyyətinə verilib. Bu işi polisə həvalə etmək olmazdımı?
- Bir çox ölkələrdə bu funksiyalar polisə verilib. Amma Azərbaycanda bu qanun qəbul ediləndə - mən də həmin qanunun bəzi müzakirələrində iştirak edən şəxslərdənəm - dedilər ki, ilk növbədə, ailəni qorumaq üçün bu iş icra hakimiyyətinə verilsin. Çünki polisin müdaxiləsi tərəflərə daha ağır gələ bilər və və ailənin sonradan bərpası çətinləşə bilər. Ona görə də bu səlahiyyət mülki quruma verildi. Amma təəssüflər olsun, artıq 2010-cu ildən 12 il vaxt keçməsinə baxmayaraq, yenə də icra hakimiyyəti hətta bu mühafizə orderinin yazılmasında, tərtib edilməsində belə böyük əziyyət çəkirlər, hətta biz vəkillər özümüz onu tərtib eləyib hazır vəziyyətdə onlara təqdim eləyirik.
Fikrimcə ilk növbədə, yerli icra hakimiyyətinin özündə artıq bununla bağlı ayrıca bir orqan yaradılmalıdır. Təsəvvür edirsiniz, icra hakimiyyətində bu sənədin kim tərəfindən verildiyi belə aydın deyil. Biz müraciət edirik, biri deyir hüquqşünas verir, hüquqşünas məzuniyyətdədir, digəri isə deyir ki, yox, Qəyyumluq Komitəsindən filankəs verir, o indi burada yoxdur. Yəni onlar buna ikinci dərəcəli bir məsələ kimi baxırlar.
- Sizcə niyə ikinci dərəcəli məsələ kimi baxırlar?
- Dediyim kimi, onlar bu məsələyə bir növ ailəyə müdaxilə kimi baxırlar, və hesab edirlər ki, əgər bu, cinayət həddinə çatmayıbsa məsələ ciddi deyil. Halbuki, qanunvericilikdə psixoloji zorakılıq da artıq məişət zorakılığıdır, iqtisadi zorakılıq, məsələn, bir tərəfin pulunun tamamilə alınması, maaşının əlindən alınması, ona verilməməsi – qanunvericikdə bu hallar qanun pozuntusu sayılır.
Psixoloji zorakılıq – söyüş söymək, təhqir eləmək, hansısa bir alçaldılma - bunlar da cinayətdir. Amma bu sənədlə bağlı icra hakimiyyətlərinə müraciət edəndə onlar məsələnin vacibliyini dərk eləmir, bu məsələylə məşğul olmadıqlarına görə hesab eləyirlər ki, bu, ailə mübahisəsidir. Məsələ cinayət həddinə çatanda isə artıq gec olur.
- Yəni artıq cinayət hadisəsi baş verir?
- Bəli, məişət zorakılığının əsas da bəlası bilirsiniz nədir? Mən çox sayda ağır cinayətlərin tarixçəsini araşdırmışam və müəyyən elədim ki, onlar xırdadan başlayıb, bu həddə çatıb. Çox nadir halda məişət zorakılığı birdən-birə ölümlə nəticələnir. Adətən bu, illər, aylar sürərək xırda bir səs qaldırmaqdan, ya hansısa bir xırda fiziki zorakılıqdan başlayaraq, gəlib xüsusi hallarda ağır bir hadisə, adam öldürməklə nəticələnir. Amma bizim icra hakimiyyətinə bu məsələ ilə bağlı müraciət edərkən, çalışırlar ki, ailəni barışdırsınlar. Baxın, mən də ailənin dağılmasını istəmərəm, amma bir dəfə bir türk eksperti Aişə xanım, BMT kürsüsündən bu gender problemləri ilə çıxış eləyərkən gözəl bir söz dedi: «Bizim məqsədimiz ailə dağıtmaq deyil. Amma əgər bizə zorakılığıa məruz qalmış bir qadın müraciət eləyirsə, bizim vəzifəmiz «quzunu qurda tapşırmaq» olmamalıdır. Biz onun hüquqlarını müdafiə eləməli, onun arxasında dayandığımızı deməliyik, ona mühafizə orderini verməliyik və o, artıq qorunmuş halda özü qərar verməlidir ki, o şəxslə barışmaq istəyir, ya istəmir. Qarşı tərəf də artıq o şəxsin müdafiə olunduğunu görüb özü üçün nəticələr çıxarmalıdır».
- Beynəlxalq qurumlar bildirir ki, Azərbaycanda son illər qadın hüquqlarıyla bağlı müəyyən irəliləyişlər var, amma ölkə İstanbul konvensiyasını da qəbul etməlidir. Bu konvensiyanın bizdəkindən fərqli tələbləri nədir və Azərbaycanın bu sənədi qəbul etməsi ilə bağlı vəziyyət necədir?
- İstanbul konvensiyasına qoşulmaq çox böyük məsuliyyət tələb eləyir. Bizim indiki məişət zorakılığıyla bağlı qanunvericilik, İstanbul konvensiyasına tam uyğun gəlmir. Biz bu konvensiyanı ratifikasiya etsək, qanunvericiliyimizi də buna uyğunlaşdırmalıyıq. Burada əsas məsələlər hansılardır: məsələn, haqqında danışdığımız mühafizə orderi. Bizim qanunvericiliyimizə görə, muhafizə orderində yalnız passiv öhdəlik nəzərdə tutulur. Yəni döymə, vurma, filan vaxtı sərxoş vəziyyətdə evə gəlmə. Yəni qanunvericilik yazır ki, sən müəyyən hərəkətləri etməməlisən, bu hərəkətlərin siyahısını məhkəmə və ya icra hakimiyyəti orqanı müəyyən edir. Eləcə də, uşaqlarla ünsiyyət qaydalarını və birgə yaşayış yerində hansısa bir ondan istifadə qaydalarını müzakirə edir.
Amma İstanbul konvensiyası və digər beynəlxalq qanunvericiliyə görə, məişət zorakılığı törədildiyi andan etibarən, yaşayış evinin kimə məxsus olmasına baxmayaraq, həmin şəxs evdən uzaqlaşdırılmalıdır – bəli, mühafizə orderi ilk növbədə uzaqlaşdırmanı nəzərdə tutur.
Məsələni daha dəqiq izah edim, tutaq ki, ailə kişinin evində yaşayır, hansı ki, nigahdan əvvəl alınıb və birgə əmlak deyil – yalnız kişiyə məxsusdur. Zərər çəkən qadın da uşaqları ilə birlikdə orada yaşayır. Bizdə nə məhkəmə, nə icra hakimiyyətinin ixtiyarı yoxdur ki, kişini o evdən uzaqlaşdırsın, ona desin ki, evdən get. Çünki mülkiyyət hüququ var və ev kişiyə məxsusdur.
İstanbul konvensiyası və digər beynəlxalq normalara görə isə, belə hal olanda, evin kimə məxsus olmasından asılı olmayaraq zorakılığa yol verən adamı oradan uzaqlaşdırmaq olar. Çünki bu halda ailədəki vəziyyət əsas götürülür.
Bundan başqa, İstanbul konvensiyası birbaşa yazır ki, heç bir orqan, zərərçəkmiş şəxs müraciət eləyəndə barışma mövqeyini tutmamalıdır, çünki bu hərəkət birbaşa pozuntudur. Yəni bu mexanizmə əsasən tərəflərin barışdırılması birbaşa olaraq qadağan edilir.
- Sevinc xanım, Azərbaycanda da bu qaydaların tətbiqini təklif edirsinizmi?
- Bildiyimə görə, dəyişikliklər olacaq, hələlik onların nədən ibarət olacağı bilinmir. Amma mən öz təkliflərimi bildirə bilərəm. Yuxarıda dediyim kimi, mühafizə orderində nəzərdə tutulan mühafizə tədbirəri bizdə çox kasaddır. Beynəlxalq təcrübədə, hətta Türkiyədə bizdən daha genişdir. Bizdə olmayan əsas məqam- uzaqlaşdırma ilə bağlı qərardır. Bizdə mühafizə orderi şəxsə bu hərəkəti etməyi qadağan edir, amma zərər vurduğu adamla birlikdə yaşamağı qadağan etmir. Halbuki, onu evdən müvəqqəti də olsa, uzaqlaşdırmaq lazımdır, hətta mülkiyyətçisi olsa belə. Çünki qadınların evdən çıxarkın getməyə yeri olmaya bilər, bizdə sığınacaqlar da çox deyil, üstəlik orada uzun müddət qalmaq olmaz. Ona görə də uzaqlaşdırma tədbiri çox vacib olardı.
İkinci məsələ mühafizə orderi üçün müraciət edən qadınlara barışmaq təklif edilməsi – bu da qadağan edilməlidir. Bizdə icra hakimiyyəti orqanları qadınlara barışmağı tövsiyə edirlər, amma bu düzgün deyil, adama qarşı zorakılıq törədilibsə, onun barəsində dərhal tədbir görülməlidir. Qarşı tərəf başa düşməlidir ki, artıq zorakılıq edə bilməyəcək, yalnız bundan sonra tərəflər bir-biri ilə barışıb-barışmağı müzakirə edə bilərlər. Amma zərərçəkmişi zorakılıq törədən şəxsə tapşırmaq doğru deyil.
Mən ağır cinayətlər məhkəməsində ölüm halları ilə bağlı cinayətləri araşdırmışam, məlum olur ki, ölüm halların heç biri birdən baş verməyib. Hamısında bu hal kiçik hərəkətlərdən başlayır və sonradan ağırlaşır və ölümlə nəticələnir. Əslində vaxtında tədbir görülməsi zorakılıq elən şəxsin özünü də xilas edir, çünki o cinayət törədəndə həbs edilir, həyatı məhv olur. Vaxtında qarşısı alınsa bu hallar baş verməz.
- Sevinc xanım, məişət zorakılığına yol verənlər cinayət məsuliyyətinə cəlb olunacaq və qeyd olunduğu kimi, bununla bağlı qanunvericiliyə dəyişikliklər olacaq. Bir az əvvəl siz dediniz ki, indiyə kimi belə qanun qanunvericilikdə var, amma icra olunmur. Əgər indiyə kimi olunmursa, son qəbul edilən qərarda nələr icra olunacaq, nələrə diqqət yetiriləcək?
- Bilirsiniz, bunun üçün iradə lazımdır. Amma qeyd edim ki, əvvəlki vəziyyətlə müqayisə edəndə, mən vəkil kimi görürəm ki, bu qanunvericilikdən faydalanırıq. Yəni mən bütünlüklə icra olunmur demirəm, amma icra mexanizmi inkişaf edilə, daha yaxşı işləyə bilər.
2010-cu ildə Nazirlər Kabinetinin qərarı qəbul olundu və məişət zorakılığı cinayət həddinə çatmadan da araşdırılır. Bunun müsbət cəhəti ondan ibarətdir ki, cinayət həddinə çatmamış məişət zorakılığı qanunla qorunur və zərər çəkən şəxs müdafiə olunur. Mən hesab eləyirəm ki, qanunvericilikdə edilən dəyişikliklər, məsələn, yerli icra hakimiyyəti orqanı tərəfindən komissiyaların yaradılması, onlara təlimlərin keçirilməsi, hüquqlarının, vəzifələrinin izah edilməsi bu mexanizmi inkişaf etdirəcək.
Şəxsən özüm bir vəkil kimi mühafizə orderindən bəhrələnən onlarla şəxslər görmüşəm. Amma dediyim kimi, bu məsələyə daha ciddi yanaşılsa, icrası üzərində daha ciddi durulsa, daha müsbət nəticələr görə bilərik biz.