26 yaşı olan Emil Məmmədov “Facebook”un Avropa ofislərindən birində çalışır. Danimarkanın Odense şəhərində yaşayan Emil Naxçıvanda anadan olub. Culfa rayonunun Bənəniyar kəndində orta təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatika Mühəndisliyi fakültəsində bakalavr və magistr pilləsini bitirib. Hazırda London İmperial Collage-də ikinci magistr təhsilini davam etdirir. 5 il Azərbaycanda neft sektorunda kantrol mühəndisi kimi işlədikdən sonra “Facebook”dan iş təklifi alıb və Danimarkaya köçmək qərarına gəlib. Hazırda orada “Control Expert” olaraq çalışır.
- Emil, xoş gördük səni. Bakıdakı qısa vaxtından bizə də ayırıb müsahibəyə gəldiyin üçün təşəkkür edirik. Sirr deyilsə, Bakıya nə üçün gəldiyini öyrənə bilərik?
- Xoş gördük. Bir qızım dünyaya gəldi və mənə 100 faiz maaşla 4 aylıq atalıq məzuniyyəti verdilər. Dedilər get uşaqla vaxt keçir (gülür). Mən də həm uşağın sənəd işləri üçün, həm də ailəmin balacanı görməsi üçün Bakıya gəldim. Bir neçə gün Bakıda olacam.
- Yəqin ki, ilk sual bəllidir. Haradan hara? Necə oldu ki, Culfanın Bənəniyar kəndinən çıxan biri “Facebook”da işə düzəldi və Danimarkaya köçdü?
- Bu mərhələli bir prosesdir. Arxasında çox çalışmaq və özünəinam dayanır. Düşünürəm ki, çox çalışmaq və təhsillə insan istədiyi yerə çata bilər. Təhsil insanın arzularına çatması üçün birinci vasitədir və ən güclü silahdır. Mən də çalışmaqla, bir qədər də ətrafdakı insanların dəstəyini almaqla istəyimə çatdım. İndi orada “Control Expert” kimi işləyirəm. Təxminən 18-20 nəfərlik mühəndis heyəti var. Onların kantrol sahəsində inkişafından və ümumi sistemdə hər hansı problem yaşayanda onlara texniki dəstək verməklə vəzifəliyəm.
- Bizə oradakı iş rejimi maraqlıdır. Bir az bu barədə danışardın, hansı fərqli cəhətləri var?
- Orada rəsmi iş rejimi həftəlik 37 saatdır. Bizdən ən böyük fərqləri odur ki, onlar işə çox tez başlayır və tez də bitirirlər. Məsələn mən işə 7-də gedib 3-də çıxıram. Hətta danimarkalılar işə 6-da gəlirlər. Ümumiyyətlə “Facebook”da iş saatı anlayışı yoxdur. Şirkət hətta sənin işə gəlmədən evdən işləməyinin tərəfdarıdır. Səni ofisə gəlməyə məcbur etmir. Öz işini gördüyün təqdirdə heç bir problem olmur.
- İşçiləri hansı şərtlərdə və hansı şəraitlə təmin edirlər?
- Orada işçi-müdir münasibəti bizim anladığımız münasibətin tamamilə əksidir. Mən Danimarkadan iş təklifi alanda hələ 2 ay sonra ora gedəcəkdim. Amma menecerim olacaq şəxs davamlı mənə yazırdı, maraqlanırdı. “Sənə necə kömək edə bilərəm?” deyə tez-tez soruşurdu. Bir dəfə ona dedim ki, sənin bu yanaşmanı çox qiymətləndirirəm. Halbuki hələ mən sənin işçin deyiləm. O isə cavab verdi ki, “əlbəttə mən səninlə maraqlanmalıyam, səni xoşbəxt saxlamalıyam. Ona görə ki, növbəti illər ərzində mən sənin gördüyün işin keyfiyyətindən asılı olacam”. Onda anladım ki, menecer-işçi münasibətləri bizim düşündüyümüzün tam əksinədir.
- Menecer-işçi münasibətləri necədir ki?
- Orada ümumiyyətlə menecerin sərt formada danışmaq ehtimalı belə yoxdur. Hər həftə bizim menecerlərlə təkbətək görüşlərimiz olur. O bizim işdən əlavə problemlərimizlə maraqlanır. Bir də hər iki həftədən bir menecerin menecerləri ilə görüşürsən amma öz menecerin iştirak etmir. Əgər hər hansı bir narazılığın varsa, bunu onun öz müdirinə deyə bilərsən. Elə bir struktur qurulub ki, sənin narazı qalma ehtimalın yoxdur. Hər kəs öz işini gördüyü müddətdə heç bir problem yaşanmır.
- Sənin də müdir olma potensialın varmı?
- “Facebook”da iki istiqamət var: Menecerlər və texniki işçilər ( mühəndislər ). “Facebook”un missiyası budur ki, menecer olmaq sadəcə bir seçimdir. Mənim mühəndis dərəcəm ilə başqa menecerlərin dərəcələri eynidir . Lakin mən hələ ki, texniki sahəyə üstünlük verirəm. Çünki enerjim var və azı 30 yaşına kimi belə çalışacağımı düşünürəm.
- Sirr deyilsə, maaşlarınız nə qədərdir?
- Bakıda insanlar elə bilir ki, Avropaya getdinsə, milyarder olacaqsan. Elə bir şey yoxdur. Danimarkada sən 3-4 min avro maaş alırsansa, bu normal maaş sayılır. Onlarda maaşın böyük bir hissəsi vergilərə ayrılır. İnsanlar əmək haqqının təxminən 45-50 faizini vergilərə verir. Yəni sənin maaşın 7-8 min avrodursa, bunun 4 min avroya yaxını vergiyə gedir. İnsanlar bu vergini rahatlıqla verir çünki hamısı xoşbəxtdir ki, mənim səhiyyə, təhsil, pensiya sistemim yaxşıdır. Vergisini verir və bu xidmətlərdən pulsuz istifadə edirlər.
- “Facebook”un sosial şəbəkələr arasında trend olmasının səbəbi nədir?
- “Facebook” kompaniya olaraq 2017-ci ildə dünyanın ən yaxşı şirkəti, işə götürəni seçilib. Həqiqətən də bu belədir. “Facebook”un ilk növbədə üstünlüyü işçi-menecer münasibətləridir. İşçilər xoşbəxt olduğu üçün öz işlərini də sevərək görürlər. “Facebook” dünyada reklam anlayışını kökündən dəyişdi. Bir neçə il əvvəl kimsə reklam üçün hər hansı serialın ortasında 1 dəqiqəlik vaxta 2 min manat ödəyirdi. Hansı ki, sən bilmirdin o reklama kim baxacaq. Amma “facebook” nə etdi? Çox rahat reklam mühiti yaratdı. Sən cəmi 10-15 dollara birbaşa öz auditoriyana xitab edirsən. Reklamı mühəndislərin görməsini istəyirsənsə, statusu mühəndis olanları seçirsən, hansı yaş aralığı, hansı məsafədə yaşayan insanları belə seçə bilirsən. Bunlardan başqa da hər bir insanın içində bölüşmək istəyi vardır, uğurlarını, uğursuzluqlarını, yaxşı və pis şeylərini. Facebook isə insanların bir birləri ilə bölüşmək istəyini tətmin edir.
- Mark Zukerberq ilə görüşmüsən?
- Hələ ki, görüşmək imkanım olmayıb. Amma yanvarda ABŞ-a gedəcəm. “Facebook”un mərkəzi ofisində 2 həftəlik təlimdə olacağıq. Güman ki, orada Mark Zukerberqi görmək imkanım olacaq.
- Danimarkada azərbaycanlıların hər hansı mədəni, yaxud etnik birliyi varmı?
- Azərbaycanlılar az olduğu üçün hər hansı mədəni birlik yaratmaq imkanımız yoxdur. Odensedə cəmi 3 azərbaycanlı ailə var. Amma Türkiyədən olan dostların mədəni birlikləri var. Orada 1000-dən çox türk ailəsi yaşayır. Sonuncu dəfə Qurban bayramında toplaşmışadılar. Böyük izdiham var idi. Gələcəkdə azərbaycanlılar çoxalarsa, yəqin ki, biz də bu cür birliklər yarada bilərik.
- Bir anda isti ölkədən soyuq ölkəyə köçmək, fərqli mədəniyyət, fərqli mühit... Adaptasiya problemi yaşamadın?
- Əvvəllər çox çətinlik çəkdim. Biz ora köçəndə 1 ay sonra uşağımız dünyaya gələcəkdi. Başqa bir dil, başqa mədəniyyət, fərqli iqlim çətin idi. Düzdür, şirkət hər cür dəstəyi göstərirdi, bizə ev tapmaqda kömək etdilər və s. Amma yenə də psixoloji cəhətdən insan uyğunlaşmaqda çətinlik çəkir. 2-3 ay sonra adaptasiya problemini aşdıq. Bakıya baxanda orada şəhər çox dincdir. Maşınların sayı çox azdır. İnsanlar velosipedə üstünlük verir. Bakıdakı qədər insan da yoxdur deyə şəhər sakitdir.
- Şəhərdə sıxlıq yoxdursa, yəqin işə gecikmək problemi də yoxdur...
- Qətiyyən yoxdur. Maşın sürmək çox rahatdır. Sizə deyim ki, orada 4 aydır maşın sürürəm. Heç yorulmamışdım. Bakıya gəldim, 1 gün maşın sürdüm və 4 ayda yorulmadığım qədər yoruldum. Tıxaclar insanı çox yorur.
- Danimarkada Azərbaycanda olan nəyi tapa bilmirsən? Nəyin əskikliyini hiss edirsən?
- Bir neçə gün öncə dostlarımızla toplaşmışdıq. Tipik bir Azərbaycan kababxanasına getdik. Oturub yemək yeyirdik. Onlar da eynilə bu sualı soruşdu və cavabım qısa oldu: “Bu mühit yoxdur”. Həqiqətən də orada bəzən dostlarla yığışıb söhbətləşmək, isti, mehriban mühit üçün darıxırsan. Hər şey yaxşı olsa da, yenə bir tərəfin yarımçıq qalır. Mən həmişə demişəm, biz yarımçıq nəslin nümayəndələriyik. Nə orada xoşbəxt ola bilirik, nə burada. Ailə bağlarımız çox güclüdür deyə, tamamlana bilmirik. Yəqin ki, bizdən sonrakı nəsillər orada, yaxud burada xoşbəxt ola biləcəklər.
- Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsən?
- Düşünürəm. İnsanın fikirləri davamlı dəyişir, gələcək nə gətirəcək, deyə bilmərəm. Amma mən karyeram üçün ora köçməyi seçdim. Amma hazırki düşüncəm budur ki, gec-tez qayıdacam. Çünki insan sevdiklərindən uzaqda tamamlana bilmir. Xoşbəxtlik maddi yox, mənəvi anlayışdır. Yəni mənim üçün ailənin yanında, stresli bir mühitdə olsan belə, daha çox xoşbəxt olursan. Təkbaşına dünyanın ən xoşbəxt ölkəsində, dünyanın ən yaxşı şirkətində yaxşı pul qazanaraq heç kimi görməmək xoşbəxtlik deyil. Buna görə gec-tez qayıdacam. Amma nə vaxt və necə olacağını deyə bilmərəm.
- Danimarkada Azərbaycanı tanıyırlar? Sənin azərbaycanlı olduğunu biləndə hansı reaksiyanı verirlər?
- Demək olar ki, tanımırlar. Hər dəfə özüm izah etməli oluram. Əvvəlcə başlayıram, əhalisi bu qədərdir, Xəzərin sahilində yerləşir, filan ölkələrlə qonşudur. Hamı şoka düşür ki, coğrafi baxımdan çox şanssız bir mövqedə yerləşirik. Bir tərəfdə Rusiya, bir tərəfdə İran, bir tərəfdə qeyri-stabil Türkiyə, bir tərəfdə Ermənistan... Azərbaycanı tanıyanlar daha çox Avroviziyaya görə tanıyırlar. Hətta bir dəfə amerikalı bir menecer azərbaycanlı olduğumu biləndə demişdi ki, sizin ölkəniz Kosta Rikanın yanındadır (gülür).
- Nəyə görə, bir çox istedadlı gənclərimiz karyeralarını qurmaq üçün Avropaya, Amerikaya gedirlər? Bunun səbəbi çox pul qazanmaqdır?
- Avropada çox talantlı gənclərimiz var. Onları çəkib burada saxlaya bilsək, ölkə üçün çox böyük işlər görərlər. Bir çox problemlər asanlıqla həll olar. Məncə onların getmə səbəbi maddiyyat deyil. Sən işini yaxşı görürsənsə, hər yerdə yaxşı pul qazana bilərsən. Onlar sadəcə burada sıxılırlar, xoşbəxt ola bilmirlər, ona görə gedirlər. Mən həmişə demişəm, ya sevdiyin işi görməlisən, ya da gördüyün işi sevməlisən. Bizdə insanların çoxu sevdiyi işi görmür. Digər tərəfdən cəmiyyət insanı çox sıxır. Kimsə kiminsə həyatını yaşayır.
Bura gəlməzdən əvvəl evdə yemək yeyirdim. Bir anlıq qulağım televizorun səsinə sataşdı. Müzakirə gedirdi ki, evli qadının kişi dostu ola bilərmi? Təsəvvür edin buna görə bir veriliş ayırıblar, 10-a yaxın qonaq çağırıblar, mübahisə edirlər. Belə şeyləri görəndə başa düşürəm ki, biz çox ucuz şeylərlə məşğul oluruq. “Şortik geyinməyə necə baxırsız, saqqal saxlamağa necə baxırsız” və s . bu kimi absurd mövzuları müzakirə eləməyi bir kənara qoysaq, özümüzü rahat buraxsaq, daha ciddi işlər görə biləcəyik. Həqiqətən onlar çox ciddi işlər görürlər. Orada insanlar düşünür ki, mən Marsa turlar təşkil edəcəm, biz isə oturub şortiki müzakirə edirik. Onlar orada robot çıxarır, biz isə insanlardan cin çıxarırıq. Artıq düşünməyə, beynimizi işlətməyə başlamalıyıq.
- Gənclərə tövsiyən nə olardı?
- Özlərinə inansınlar. Həyatda heç nə mümkünsüz deyil. Nə “facebook”da oturanlar, nə “google”da oturanlar bizdən artıq insanlar deyil. “Google”da, NASA-da, “Microsoftda”da, “Mercedes” də, “Facebook” da çox istedadlı azərbaycanlılar işləyir. Onların hamısı bizim aramızdan çıxan insanlardır. Sadəcə istəmək, çalışmaq və özünə inanmaq lazımdır. Gələcək texnologiyanın üzərində qurulacaq. Bundan sonra yalnız texnoloji inqilablar olacaq. Artıq süni intellektli robotlar, sürücüsüz maşınlar və daha nələr nələr. Dünyada elə proseslər gedir ki, xüsusuilə son 10 ildə hər şey sürətlə dəyişir. Gənclərə də məsləhətim budur ki, mühəndisliyə yönəlsinlər. Fərqi yoxdur, proqramlaşdırma, şəbəkə və s. Növbəti 20-30 ildə bir çox peşə yox olacaq.
Femida.az