Dövlət Əmək Müfəttişliyi Xidmətinin paylaşdığı məlumata əsasən, əmək müqaviləsi bağlayarkən işçinin aşağıda sadalanan əmək hüquqları yaranır:
FED.az bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir.
- Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsi bağlamaqla əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;
- Həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
- Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək;
- Belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əməkhaqqının verilməsini tələb etmək;
- Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
- İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək;
- Ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;
- Əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;
- İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq;
- Habelə hər hansı başqa növ sığorta növlərindən istifadə etmək və digər hüquqları yaranır.