Əsas beynəlxalq indekslərdə digər sahələrdə olduğu kimi, əmək bazarı üzrə də Azərbaycanın mövqeyi getdikcə güclənir. Bu reytinqlərdə ölkəmizin əmək bazarı göstəricilərinin daha da yaxşılaşması üçün zəruri tədbirlərə dair təkliflər hazırlanır.
FED.az xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli işçi qrupun iclasında bildirib.
Eləcə də bax: Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında - FƏRMAN İMZALADI
İclasda işçi qrupunun Ədliyyə, İqtisadiyyat nazirlikləri və Dövlət Statistika Komitəsindən olan üzvləri, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi iştirak edib.
Nazir müavini qeyd edib ki, aidiyyəti qanunvericiliyin təkmilləşdirilməsi də diqqətdə saxlanılır. Müddətli əmək müqavilələrinin maksimal müddəti və iş vaxtından artıq vaxtda işə cəlb edilmə ilə bağlı Əmək Məcəlləsində dəyişikliklərin edilməsi istiqamətində hazırda işlər aparılır. Bu dəyişikliklərlə bağlı layihələr sosial tərəfdaşlarla da müzakirə olunacaq. Hazırda işçi qrupunun 2019-cu il üzrə Fəaliyyət Planı hazırlanır. Planda “Qlobal Rəqabətlilik Hesabatı”, “İqtisadi Azadlıq İndeksi”, eləcə də “Qlobal İnnovasiyalar İndeksi”ndə mövcud olan indikatorlar (işəgötürmə və işdən çıxarma praktikası, işçi-işəgötürən münasibətlərində əməkdaşlıq, əmək bazarı siyasətinin təsirliliyi, işçi qüvvəsində qadınların iştirak səviyyəsi, əməyin azadlığı, biliyə əsaslanan məşğulluq və s.) əsasında aparılacaq işlər əksini tapacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “Qlobal Rəqabətlilik Hesabatı”, “Doing Business” və digər əsas hesabatların metodologiyasından bəhs edib. O, qiymətləndirmə prosesləri zamanı nəzərə alınan amillər, katibliyin işinin təşkili barədə məlumat verib. İclasda işçi qrupunun ötən dövr ərzində gördüyü işlər və icrası nəzərdə tutulan tədbirlər, 2019-cu il üçün Fəaliyyət Planının hazırlanması müzakirə olunub.