“Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur”.
Eləcə də bax: Vergi orqanlarının əmək və xidməti müqavilələrə - TƏLƏBLƏRİ AÇIQLANDI - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir ölkəmizdə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketinin həyata keçirildiyini vurğulayıb. O, bu dövrdə sosial ödənişlərin 65 faiz, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 60 faiz, minimum əmək haqqının 2,3 dəfə, illik əmək haqqı fondunun iki dəfədən çox artdığını diqqətə çatdırıb.
Sahil Babayev son illər sosial sahədə tətbiq olunan innovativ nailiyyətləri (DOST mərkəzləri, sosial ödənişlərin avtomatlaşdırılmış təyinat mexanizmləri, e-sosial portalı, “Məşğulluq” alt sistemi və s.) qeyd edib. Nazirlik üzrə 173 sosial xidmətdən 110-nun e-platformadan, 48-nin proaktiv qaydada təqdim edildiyini, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin edildiyini bildirib. Nazir yeni istifadəyə verilən “Əmək və məşğulluq” altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və faydaları diqqətə çatdırıb. Sahil Babayev əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklərin hazırlanaraq təqdim edildiyini bildirib. (Apa)