Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə millət vəkillərinin də təklifləri nəzərə alınıb.
FED.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
ELƏCƏ DƏ BAX: Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyətlərin sayı – ARTIRILIR
V. Əhmədov deyib ki, Mikayıl Cabbarov vergilər naziri təyin ediləndən 15 gün sonra böyük bir konfrans keçirib: "Həmin konfransa sahibkarları, millət vəkillərini dəvət etmişdi. Həmin konfransda çıxışlar oldu, mən də çıxış edərək müəyyən təklilər verdim. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən hiss olunur ki, həmin təkliflərin müəyyən hissəsi nəzərə alınıb. Azərbaycanda bütün sahələrdə olduğu kimi vergi sahəsində də belə bir ciddi islahat həyata keçirilir”.
Millət vəkili Vergi Məcəlləsinə gəlir vergisi ilə bağlı təklif edilən dəyişikliyi mühüm sayır: "Bu, çox ciddi bir məsələdir. Çünki Prezident Nazirlər Kabinetinin 9 aylıq hesabatında hökumət qarşısında 3 məsələ qoymuşdu. Bunlar kölgə iqtisadiyyatı, korrupsiya və rüşvətxorluqla mübarizə, şəffaflığın təmin edilməsi ilə bağlı idi. Gəlir vergisi il əlaqədar təklif edilən vergi güzəştləri məhz kölgə iqtisadiyyatın müəyyən qədər aradan qaldırılmasına hesablanıb. Yəni əvvəllər sahibkar və işçi ümumilikdə 40 faiz vergi ödəyirdi. Bunun 14 faizi gəlir vergisi idi. İndi qeyri-neft sektorunda 8 min manata qədər maaşı olan insanlar gəlir vergisindən azad edilir. Ümumilikdə 26 faiz vergi ödəniləcək. Bu, çox böyük bir rəqəmdir. Mənə elə gəlir ki, sahibkar da, işləyən də öz əmək haqlarını gizlətməyəcək, artıq ikili mühasibatlığa ehtiyac qalmayacaq. Artıq dəqiq bilinəcək ki, maaşı nə qədərdir, nə qədər vergi verməlidir”.
V. Əhmədov qeyd edib ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər sırasında ən ciddi məsələlərdən birinin sadələşdirilmiş verginin bütün Azərbaycan ərazisində 2 faiz olması ilə bağlıdır: "Əvvəllər şəhərlərdən, bölgələrdən asılı olaraq 6 faiz, 4 faiz və 2 faiz sadələşdirilmiş vergi tətbiq olunurdu”.
Millət vəkili üçüncü ən ciddi dəyişikliyin əlavə dəyər vergisinin qaytarılması mexanizmi ilə bağlı olduğunu vurğulayıb: "Bu vaxta kimi bu mexanizm Azərbaycanda olmayıb. İlk olaraq ticarət və topdansatış obyektlərində ticarətdə nağdsız ödənişlər aparan insanlara əlavə dəyər vergisinin müəyyən hissəsi qaytarılacaq. Bu, nağdsız artırılmasına kömək edəcək, insanlar nağd yox, nağdsız şəkildə ödənişlərə daha çox meylli olacaqlar. Həm də əlavə dəyər vergisinin qaytarılması mexanizmi hazırlanacaq ki, problem olmasın”.
Minik avtomobillərinə tətbiq edilən aksiz vergisinin artırılmasına gəlincə, V. Əhmədov ölkəyə avtomobil idxalının çox olduğunu söyləyib: "Azərbaycanda avtomobillər çoxdur. Həm ölkəyə avtomobil idxal olunur, həm də ölkənin özündə avtomobil istehsal edilir Vergi dərəcəsi əsasən mühərrikin gücü ilə müəyyən edilir. Avtomobil prestijlə bağlıdır, gündə almırsan, 10-15 ildə bir dəfə alırsan”.
bakupost.az
Əmək haqları gizlədilməyəcək – YENİLİK
20:12
16 Noy 2018