Azərbaycanda cinayətlə üzləşən və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edənlərin yarıdan çoxu bu müraciətərin necə araşırılmasından narazıdır.
FED.az xəbər verir ki, məhz bu səbəbdən cinayətlə üzləşənlərin bir hissəsi ümumiyyətlə şikayət etməkdən vaz keçirlər.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda məlum olub.
«Azərbaycanda əhalinin cinayət və qanunazidd digər hərəkətlərdən zərər çəkməsi və aidiyyəti qurumlara müraciəti» mövzusunda keçirilən sorğuda aydın olub ki, cinayətlə üzləşən və polis-prokurorluq-məhkəməyə müraciət edən hər 10 nəfərdən yalnız 3-ü araşdırmanın nəticəsindən razı qalıb.
Sorğu zamanı xüsusi olaraq zərərçəkənlərə (yəni hər hansı cinayətə məruz qalan şəxsə) ünvanlanmış sualların nəticələrinə nəzər yetirdikdə məlum olur ki, onların əsas hissəsi müraciətlərinin nəticələrindən əsasən, yaxud heç qane olmayıblar (65.9%).
Cavablardan aydın olur ki, araşdırmanın nəticələri şikayətçilərin 17,7%-ni tampmilə, 11,8%-ni isə əsasən qane edib. 4,7%-ni isə əsasən, 61,2%-ni isə heç qane etməyib.
«Belə narazılıq dərəcəsi hüquq-mühafizə orqanlarında şikayətlərin idarə edilməsində müəyyən problemlərin olduğundan xəbər verir. İstintaqdakı bürokratik əngəllər, cinayətkarın operativ şəkildə tapılmaması və s. kimi amillərin vətəndaşlarda narazılıq yaratdığını deyə bilərik»-deyə qurumun bununla bağlı açıqlamasında bildirilir.
Yaranmış vəziyyət nəticəsində, eləcə də bəzi digər səbəblərə görə, cirayətlə üzləşənlərin əksəriyyəti hüquq-mühafizə orqanına müraciət etmir.
Şikayətçilərin müraciət etməməsinin əsas səbəblərindən biri məsələnin tərəflər arasında həll edilməsidir (40%). Bu nəticəyə əsasən deyə bilərik ki, bir çox hallarda vətəndaşların hüquq-mühafizə orqanına müraciətinə ehtiyac qalmır.
Yeri gəlmişkən, bəzi ölkələrdə (məsələn, Qana və Malavidə) aparılmış analoji sorğular göstərir ki, bir çox hallarda cinayət barədə polisə şikayət etməməyin səbəbi “qeyri-rəsmi dəstək qruplarına” müraciət olub. Sosioloji ədəbiyyatda “qeyri-rəsmi dəstək qruplarına” ailə üzvləri, qohumlar, ağsaqqallar və din xadimləri daxildir.
«Beləliklə, mümkündür ki, Azərbaycanda da bu sorğuda əhatə edilmiş bir çox respondent məsələni lokal çərçivədə, dəstək qruplarının vasitəsilə həll edib. Bununla yanaşı, müəyyən şəxslərin özü cinayəti törədənlə təmas quraraq məsələni (məsələn, kompensasiya almaq) həll etmiş ola bilər»-deyə bildirilir.
Cinayətlə üzləşənlərdən 25%-i ona görə şikayət etməyib ki, şikayətinin istədiyi nəticəni verməyəcəyini düşünüb, eləcə də cinayəti müraciət edəcək qədər ciddi hesab etməyib. Zərərçəkən 224 nəfərin 12.2%-i isə məhkəmə və digər qurumlara inamsızlıq ucbatından heç bir müraciət etməyib.
Araşdırma göstərib ki, keyfiyyətsiz qida və ya içki almaqdan zərər çəkənlərin əksəriyyəti bu barədə aidiyyəti qurumlara şikayət etməyiblər.
Bundan başqa, dövlət məmurunun, həkim, polis və ya müəllimin rüşvət tələb etməsi ilə üzləşənlər məhkəməyə müraciət etməmələrini “düşündüm ki, şikayətim istədiyim nəticəni verməyəcək” və “məsələni özüm həll elədim” cavabları ilə izah ediblər.
Maraqlıdır ki, bəzi cinayətlərlə üzləşənlər buna görə hara müraciət edəcəklərini bilmədiklərinə görə, şikayət etməyiblər. Bura maliyyə dələduzluğu, yararsız məhsul, keyfiyyətsiz qida və ya içki satışı aiddir.