2025-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında işçilərin sayı 1 milyon 770,8 min nəfər olmuş, onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bir ay ərzində, ölkə iqtisadiyyatında işçilərin ümumi sayı 1,6 min nəfər (0,1%) artıb.
Bununla yanaşı dövlət sektorunda çalışanların sayı 8,8 min nəfər (1,0%) azalsa da, qeyri-dövlət sektorunda 10,4 min nəfərlik (1,2%) artım qeydə alınıb.
İlin əvvəlindən isə çalışanların ümumi sayı 7,7 min nəfər (0,4%) aşağı düşüb.
Ən böyük dəyişiklik dövlət sektorunda qeydə alınıb.. Belə ki, altı ay ərzində bu sektorda çalışanların sayı 18,6 min nəfər (2,1%) azalıb.
Bunun əksinə olaraq, qeyri-dövlət sektorunda canlanma müşahidə olunub. Həmin dövrdə özəl sektorda fəaliyyət göstərən işçilərin sayı 10,9 min nəfər (1,2%) artıb.
Qeyd edək ki, 2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub ki, onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 milyon 778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət çalışıb.
2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1769,2 min nəfər olmuş, onlardan 873,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.