Dəfn xidmətlərinin göstərilməsi qaydası müəyyənləşib.
FED.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanlılar ən çox hansı xəstəliklərdən ölürlər? - TOP 10
Qaydalara əsasən, ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslər dəfn mərasiminin təşkili ilə əlaqədar qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdiriyyətinə ərizə ilə müraciət edir. Ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərin ərizəsinə ölüm faktını təsdiq edən sənədin (müvafiq tibb müəssisəsinin ölüm haqqında həkim və ya feldşer arayışının) və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Qəbiristanlığın müdiriyyəti tərəfindən dəfn mərasiminin təşkili ilə əlaqədar ərizəyə dərhal baxılmalı və dəfn yeri ayrılmalı, həmçinin ölmüş şəxsin dini mənsubiyyəti və milli adət və ənənələri nəzərə alınaraq, onun qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərlə razılaşdırılmaqla dəfnin vaxtı müəyyən edilməlidir. Qəbiristanlığın müdiriyyəti qəbiristanlıqda boş qəbir yerləri olmadıqda və ya bu Qaydalarıda göstərilən sənədlər təqdim edilmədikdə, qəbir yerinin ayrılmasından imtina edilməsi barədə ölmüş şəxsin qohumlarını, qanuni nümayəndələrini və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxsləri dərhal məlumatlandırır. Boş yer olmadıqda bələdiyyəni məlumatlandırmaqla, qəbiristanlığın müdiriyyəti digər qəbiristanlıqda boş yerin ayrılmasına yardım etməli və həmin gün bu barədə məlumatı bələdiyyəyə təqdim etməlidir. Bu Qaydalarda nəzərdə tutulmuş tələblərə əməl edilmədən özbaşına dəfnlərə yol verilmir.
Qəbiristanlığın müdiriyyəti tərəfindən göstərilən dəfn xidmətləri ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərin sifarişinə uyğun olaraq, müəyyən edilmiş ödəniş edildikdən sonra qəbiristanlığın müdiriyyəti tərəfindən təşkil olunur. Xidmətlərin ayrı-ayrılıqda və ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir. Bu xidmətlərin ümumi dəyəri “Sosial müavinətlər haqqında” qanun ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır. Dəfn xidmətləri həmin xidmətlərin göstərilməsi üçün çəkilən xərclərə mütənasib, həmçinin müdiriyyətin və qəbiristanlığın saxlanması xərclərinə uyğun müəyyən edilir.
Ölmüş şəxsin dəfni ilə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən aşağıdakı dəfn xidmətləri göstərilir:
- ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmamışdırsa, onun yuyulması və dəfnə hazırlanması;
- ölmüş şəxsin cənazəsinin daşınması üçün tabutun və nəqliyyat vasitəsinin təqdim olunması;
- qəbir yerinin qazılması;
- ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılması;
- cənazənin dəfn edilməsi və dəfn zamanı din xadiminin iştirakı ilə dini ayinlərin icrası;
- cənazənin kremasiya olunması və kremasiya olunmuş şəxsin dəfni üçün digər ləvazimatların təqdim edilməsi;
- dəfn edilmiş şəxsin ekshumasiyası;
- qəbirüstü tikililərin hazırlanması və quraşdırılması.
Qeyd edək ki, sığortaolunan vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 146 manat məbləğində müəyyən olunub. Əmək pensiyaçısı vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli yəni, 348 manat 81 qəpik dəfn üçün müavinət ödənilir.
Dəfn xidmətləri xərclərinin maksimum məbləği – MÜƏYYƏNLƏŞDİRİLDİ
19:14
7 Dek 2018