IBM-də çalışan həmyerlimiz Kamran İbiyev: “Bəzən deyirlər ki, filankəsin bəxti gətirib, buna inanmıram”
"Tələbəlik müddətində şirkətlərə təcrübə üçün müraciət edəndə gərək bir az dirəniş göstərəsən. Bilməlisən ki, müraciət etdiyin şirkətlərin 10 faizi sənə geri dönüş edəcək. O 10 faizlə də müsahibə prosesinə gedirsən, onlardan da 1-2 faizi nəticə verir”.
O, dediklərini öz təcrübəsində tətbiq edib, nəticədə Macarıstanda fəaliyyət göstərən dünyanın iki böyük şirkətində təcrübə imkanı qazanıb. Nəticədə 500.000-dən çox işçisi ilə dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərən IBM-i seçib və 6 ay sonra şirkətdən iş təklifi alıb.
Müsahibimiz hazırda Macarıstanda IBM şirkətində proqramçı (software engineer) kimi çalışan azərbaycanlı gənc Kamran İbiyevdir.
- Feysbukda iş yeri olaraq yalnız IBM yazılıb. İşləməyə elə bu şirkətdə başlamısınız, ya necə?
- Mən işləməyə məktəb vaxtından - 15-16 yaşımdan başlamışam. Məktəb vaxtı ofisiant işləyirdim. Daimi iş deyildi, toydan-toya gedirdim. Həm ailəyə maddi cəhətdən dəstək olmaq istəyirdim, həm də 10-11-ci siniflərdə öz hazırlıq pulumu ödəmək üçün çalışırdım. Çünki hazırlıq pulu heç də az məbləğ deyildi, ailəmin də məni hazırlığa göndərəcək dərəcədə maddi imkanı yox idi. Ona görə, özüm pul qazanmağa çalışırdım ki, hazırlığa gedə bilim.
- Universitetə hazırlaşan şagirdlər 10-11-ci siniflərdə adətən fikirlərini ancaq hazırlıqlara yönəldirlər ki, yaxşı nəticə göstərə bilsinlər. İşləmək dərslərə az vaxt ayırmağınıza təsir göstərmirdi?
- Təbii ki avtomatik təhsilimin keyfiyyətimi bir az aşağı salırdı. Çünki işləyib yorğun gəlirdim, bundan sonra dərs oxumaq heç də asan olmurdu. Mənimlə Türkiyədə təqaüdlü təhsil qazananlarla söhbət edəndə deyirdilər ki, günün 8 saatını oxumağa sərf ediblər, 4 saat da hazırlıqda olublar. Amma məndə o imkan yox idi. Həm də işləməliydim ki, ayın axırı hazırlığa verməyə pulum olsun.
- "Valideynimin imkanı yoxdur” deyib, ali təhsil fikrindən daşınan məktəblilər az deyil...
- Bizdə məktəb vaxtı çox uşaq nə olmaq, haralara getmək istəyini dərk etmir. Amma mən məktəbdə oxuduğum müddətdə artıq xaricdə təhsil almaqla bağlı fikrimi qətiləşdirmişdim. Xaricdə təhsil almaqla bağlı prosedurları araşdırırdım. İldə 48 nəfər azərbaycanlının qəbul edildiyi bir TCS (Türk Cumhuriyetleri ile Türk ve Akraba Toplulukları Sınavı) imtahanı var idi. O 48 nəfərdən biri ola bildim və Türkiyədə tam təqaüdlü təhsil qazandım. Maraqlısı odur ki, o 48 nəfərdən 47-si özəl liseylərdə oxumuşdu, orta məktəbi bitirib o imtahanı qazanan bircə mən idim.
- Həm də psixoloji olaraq motivasiya olmalıdır ki, bir şagird həm oxusun, həm də işləyib pul qazanmaq haqqında düşünsün.
- O vaxt internetdə indiki kimi istədiyimiz qədər məlumat yox idi. Mən Türkiyədəki TCS imtahanı ilə bağlı dostlarımdan eşitmişdim. Dostlarım dedilər ki, belə bir imtahan var, hazırlaşa bilərik. Hazırlıq zamanı bir dəfə sınaq imtahanına girdim. İmtahan kitabçasının üz qabığında İstanbuldakı Boğaz körpüsünün şəkli var idi. Şəklə baxanda özümə dedim ki, ora getməliyəm, mən bunu istəyirəm. Bir xəyal kimi ağlımda qaldı. Bu xəyal mənim üçün bir motivasiya oldu. Sırf xaricdə təhsilə fokuslanmışdım.
- Arzusunda olduğunuz xarici universitetdə tələbə adını qazanmağı bacardınız.
- Bəli, əziyyətlərim bəhrəsini verdi və qəbul oldum. Lakin həmin ərəfədə atam rəhmətə getdi deyə, Türkiyədə təhsildən imtina etmək qərarı verdim. Çünki qardaşım hərbi xidmətdə idi, anamı burda qoyub getmək istəmirdim. Amma anam bu təhsili almağım üçün çox israr etdi, ona görə sonra getdim.
- Tələbəlik müddətində də işləməyə davam etdiniz?
- Birinci kursun sonunda yay tətilində Antalyada rus, ingilis, türk və Azərbaycan dillərində tərcüməçi kimi turizm sektorunda çalışdım. İkinci kursda da belə davam etdim. 2-ci kursa qədər pul qazanmağı, dil biliklərimi inkişaf etdirməyi düşünürdüm və o istiqamətdə işlərə gedirdim. Sonra artıq karyera yönümlü tərəfə fokuslandım. 3-cü kursda yoldaşım Sevinclə nişanlı idik. Birlikdə İngiltərəyə getdik, Mançesterdə bir şirkətdə təcrübə keçdik, mən kompüter texnologiyaları üzrə, o da biznes sahəsində. 4-cü kursda isə Anadolu Texniki Peşə Liseyində kompüter texnologiyaları və veb proqramlaşdırma üzrə dərs dedim. Bir il orda işlədim.
- Tələbəlikdə də dayanmamısınız, yəqin ki maddi cəhətdən tələbəlik dövründə çətinliyiniz olmaz.
- Mən tam təqaüd qazanmışdım. Bu da o deməkdir ki, təhsil haqqım, qalmaq yerim, yeməyim, sağlamlıq sığortam qarşılanırdı. Əlavə olaraq da təqaüd verilirdi. O təqaüd də tələbə üçün kifayət qədər yaxşı məbləğ idi. Hətta o puldan kənara atıb yığa da bilirdim, ailəyə də göndərməyə çalışırdım. Şəxsi texnoloji ehtiyaclarımı da alırdım.
- Oxuyan, həm də pul qazanmaq üçün çalışan bir tələbə olaraq maraqlı tələbəlik keçirə bilirdiniz?
- Bəli, çox canlı tələbəlik keçirmişəm. Təhsil aldığım müddətdə Türkiyənin çox şəhərini gəzdim. Sosial həyat, əyləncə də öz yerində olub. Mənə görə təhsil müddəti sadəcə tələbəliklə kifayətlənməməlidir, onun içində əyləncə, sosial həyat da olmalıdır. Ancaq təhsil müddətinin sonunda əlində nə olacağını da öncədən düşünməlisən. Gənclərin çoxu universiteti bitirəndə təcrübəsizlikdən gileylənir. Bir də baxırlar ki, universitet bitdi, ingilis dilini öyrənməyiblər, heç bir sertifikat əldə etməyiblər, konfranslara qatılmayıb, təcrübə yığmayıb, ancaq dərsə gedib-gəlməklə kifayətləniblər. Bu da yaxşı bir şey deyil.
- Universiteti 2015-ci ildə bitirmisiniz, 2017-də də hazırda çalışdığınız şirkətdə işləməyə başlamısınız. 2 il müddətində neylədiniz?
- Bir ili də hərbi xidmətə hesablayın (gülür). Hərbi xidmətə getməmişdən öncə biz magistratura üçün lazım olan bütün proseslərdən keçmişdik, sadəcə müraciət etmək qalmışdı. Əsgərlikdə olduğum müddətdə Sevinc ikimiz üçün də Avropa universitetlərinə magistr təhsili üçün müraciət edirdi. Qayıdanda artıq universitet hazır idi, ikimiz də Macarıstana tam təqaüdlü magistratura təhsili qazanmışdıq. 2016-cı ildə avqustda evləndik və növbəti təhsil pilləsi üçün Budapeştə yollandıq.
- IBM-ə işə düzəlməyiniz necə oldu?
- Sentyabrda biz təhsil almağa getdik və artıq noyabrda mən ordakı şirkətlərə təcrübə proqramı üçün müraciət etməyə başladım. Hardasa 6 ay bir çox şirkətə təcrübə üçün müraciət etdim, bir çox müsahibədə iştirak etdim. Bəzilərində son mərhələyə gəlirdim, axırda nə isə problem çıxırdı götürmürdülər. Şirkətlər həmişə geri dönüş edəndə e-mail yazırlar ki, çox təəssüf edirik ki, sizi işə qəbul edə bilmirik. Bu cavabı orda çox eşitmişəm. Sonra elə oldu ki, iki şirkət - IBM və SAP məni birdən işə qəbul etdi. SAP IT şirkətləri içərisində dünyada onluğa daxil olan güclü bir şirkətdir. Mən analiz etdim və IBM-i seçdim. SAP şirkətindən isə indiyə qədər mənə yox deyən şirkətlərin intiqamını alıb, onların imtina məktubunun formatında "çox təəssüf edirəm ki, sizin şirkətin təklifini qəbul edə bilməyəcəm” yazdım (Gülür).
- IBM-də nə qədər müddət təcrübəçi oldunuz?
- 2017-ci ilin iyul ayında təcrübəyə başladım və artıq 2018-ci ilin yanvar ayında menecerim çağırıb dedi ki, 5 ay sonra magistr təhsilini başa vuracağını bilirik, sənə daimi iş təklif edirik, indidən sənin cavabını almalıyıq, çünki iş icazəsi prosesi də müəyyən qədər vaxt aparacaq. Dedilər ki, öz göstəricilərini yaz və belə bir kadr axtarmağımızla bağlı elan verəcəyik. Öz kriteriyalarımı özüm yazdım (Gülür). Bu prosedur qaydası idi. Çünki Avropa Birliyinə daxil olan ölkələrdə belə bir qayda var ki, sən xaricdən işçi gətirmək istəyirsənsə, şirkət olaraq göstərməlisən ki, ölkədə bu göstəricilərə uyğun kadr tapmadığın üçün xaricdən işçi götürürsən. Macar işlətmək şirkət üçün daha az vergiyə başa gəlir, nəinki xarici adamı götürmək. Ona görə şirkətlər xarici vətəndaş götürməkdə daha az maraqlıdırlar. Elanda mən göstəricilərimi yazdım, həqiqətən də bu göstəricidə adam orda az olduğu üçün mənim işə qəbulum təsdiqləndi.
- Ümumiyyətlə, şirkətə gələn təcrübəçilərin neçə faizi qalıb işləmək imkanı əldə edir?
- Təcrübəçi olduğum müddətdə orda gördüyüm bir iş, icra etdiyim vəzifə var idi. Mən ordan çıxsaydım, yerimə o işi görəcək adam tapmaq çətin idi. Mən isə artıq orda yetişmiş, hazır kadr idim. Ona görə saxlamaq istədilər. Məsələn, "help desk”in biri olmasa, başqa birini 15 günə öyrədirlər, iş davam edir. Yerinə asanlıqla başqa birini tapa biləcəkləri kadrların üstündə çox əsmirlər. Şirkətdə təcrübəçi kimi başlayıb qəbul olanlar var. Biri mənim yoldaşım Sevinc. 4 aya iş təklif etdilər. Təcrübəçi olanda həftədə 20-24 saat işləyirsən, hansı gün neçə saat işləmək istədiyinə özün qərar verirsən. Şirkət görəndə ki təcrübəçi bacarıqlıdır, o daimi işçi olsa, daha çox faydası olacaq, ona tez bir zamanda iş təklif edir.
Bilirsiniz, kadrın təcrübə müddətində özünü necə göstərməsindən çox şey asılıdır. İşi müstəqil həll etmək qabiliyyətinin olub-olmamasına, işə can yandırmaq məsələlərinə fikir verirlər. Bəzən təcrübəçilər işə bir az qeyri-ciddi yanaşırlar. Bu da yaxşı deyil. Mən ilk 6 ayda özümü sübut etdim deyə, iş təklif etdilər.
- Hər şeyi öz zəhmətinlə əldə etdiyini desən də, "daydayı var" deyənlər olur. Sizinlə bağlı belə fikirlər səsləndirənlər olub?
- (Gülür) Olur, amma "daydayı olub" deyənlər məni heç tanımayanlardır. Tanıyanlar nələrdən keçirdiyimi görüb. Rəylərdə yazmışdılar ki, necə olur ki, İngiltərədən girib Budapeştdən çıxır, Avropanı gəzir, bunun yüz faiz daydayı var, mən niyə gedə bilmirəm? Düzü, heç vaxt belə rəylərə fikir bildirmirəm. Bütün təhsil pillələrimi təqaüdlə oxumuşam. İngiltərədəki iş təcrübəmiz də Avropa Birliyinin "Erasumus” proqramı vasitəsilə idi. Hamısı pulsuz olub, heç bir daydaya ehtiyac olmayıb. Həyat yoldaşımla gücümüzü birləşdirib bir çox şeyi bir yerdə əldə etmişik.
- Bu cür nailiyyətlər əldə etməyə hansınız daha motivasiyalı idiniz?
- İkimiz də. Bir yerdə xəyal qurub reallaşdırmaq üçün çalışmışıq. Amma bəlkə də bir yerdə olmasaydıq, bu qədər sürətli, əzmli olmazdıq.
- Xanımınızla müsahibədə bu sualı vermişdim. Sizə də verim. Həyat yoldaşı ilə bir yerdə işləmək necədir?
- Çətin tərəfini görməmişəm. Sosiallaşmaq yönündən də yaxşıdır. Mənim komanda yoldaşlarımla Sevinc dostlaşıb, onun komanda yoldaşları ilə mən. Birlikdə yeməklərə gedirik. Bizim şirkətin yerləşdiyi plaza 3 binadan ibarətdir, A, B, C. Mən A-dayam, Sevinc C-də. Bir yerdə yeməyə, arada kofe içməyə, dondurma yeməyə gedirik. Bəzən birimizin kefi olmayanda o biri gəlib onu motivasiya edir. Darıxmırıq, maraqlı olur. İş yerimiz Dunay çayının yanındadır. Bir yerdə çıxıb çayın kənarında gəzirik.
- İş arası belə şeylərə vaxt olur?
- Olur, bizdə iş saatları rahatdır. Kəmiyyətdən çox keyfiyyətə önəm verirlər. 9-dan 5-ə kimi işdə oturmalısan deyə bir şey yoxdur. İstəyəndə 07:30-da gedib 3-4-də işdən çıxıram, ya da 11-də gedib, 7-8-də. O, artıq bir az da vicdanına qalıb. Bunu komanda yoldaşların hiss edirlər. Hər gün səhər ötən gün gördüyümüz işlərin hesabatını veririk, günlük işlərin planlamasını edirik. Hamı kimin nə iş gördüyünü bilir. Saat önəmli deyil. Günorta dondurma yeməyə, hava almağa çıxa bilərsən, qayıdanda işdə yarım saat artıq oturub işini görürsən.
- Kompüter elmləri sahəsində olanlar hansısa şirkətdə çalışsalar da, fərdi olaraq gələcəklə bağlı planları olur. Sizdə də yəqin ki belədir.
- Hazırda Sevinc və bir dostumuzla turizm sahəsiylə bağlı bir layihə üzərində işləyirik. Həm veb sayt, həm mobil tətbiqdir. Biznes plan hazırdır, texniki işləri görəcək insanlar artıq seçilib.
Əlavə olaraq süni intellekt sahəsində bəzi planlarım var. Azərbaycan dili üçün təbii danışıq dilinin emalını (Natural Language Processing) həyata keçirəcək olan proqram yazmaq istəyirik. Fikirləşirəm ki, doktorantura mövzusu olaraq bunu götürüb davam edə bilərəm. Təbii danışıq dilinin emalını edə biləcək proqramı yazmaq üçün mən Maşın Öyrənməsinin (Machine Learning) alt başlığı olan Dərin Öyrənmə (Deep Learning) texnologiyasından istifadə etməyi planlaşdırıram. Uzunmüddətli planım isə Azərbaycan dili üçün hazırlayacağım proqramı robota inteqrasiya edərək həmin robotu Azərbaycanın ASAN xidmət, Beynəlxalq Hava limanı, banklar, restoranlar və ya mağazalar şəbəkəsində xidmət sektorunda istifadəyə verilməsinə nail olmaqdır. Ağıllarda təsəvvür yaratmaq üçün Sofiyanın Azərbaycan dilini anlayan, emal edən və danışan bir bənzəri olaraq izah edə bilərəm. Azərbaycan dili morfoloji olaraq çətin dildir. Sözün köklərinin dəyişməyib əvvəlinə və ya sonuna şəkilçilər qoyaraq fərqli sözlərin əldə edilə bildiyi dillərdəndir (Agglutinative languages). Bu da morfoloji olaraq sözün proqrama izah edilməsini çətinləşdirir. Bir az çətindir, amma artıq baza bilgilərini əldə etmişəm, işlər görməyə başlamışam.
- Rubrikamızın ənənəvi sualı: uğurunuzun sirri nədir?
- Əmək və vaz keçməmək. Bəzən deyirlər ki, filankəsin bəxti gətirib, buna inanmıram. Çalışmalı, əmək qoymalısan. Bəlli bir müddətlik gecələr yuxundan kəsməlisən.
“Daydayı olub" deyənlər məni tanımayanlardır” – UĞUR HEKAYƏSİ
14:03
28 İyun 2019