Azərbaycanda əmlak münasibətləri inkişaf etdikcə həyatın bütün sahələrində təsirini göstərir. Ailə, vərəsəlik, qohumluq, boşanma və sair sahələrdə əmlaka sahiblik məsələsi də önə çıxmaqdadır. FED.az xəbər verir ki, belə halların ən çox baş verdiyi sahələrdən biri - ailənin ümumi əmlakı və ailənin dağılacağı təqdirdə bu əmlakın kimə çatmasıdır. Doğrudur, Mülki Məcəllədə və Ailə Məcəlləsində bu məsələlər kifayət qədər aydın şəkildə müəyyən edilib. Burada birgə əmlak və onun necə bölünməsi dəqiqliklə göstərilib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, son illər ölkədə əmlak münasibətlərinin yeni formaları yaranıb. Bunlar əmlakların kreditlə, o cümlədən ipoteka krediti ilə satışı, tam sənədləşməmiş əmlakların alınması, kooperativ binalarda MTK üzvü olmaqla əmlak əldə edilməsi və sair hallardır. Belə hallarda baş verən mübahisələr adətən məhkəmə yolu ilə həll edilir. Bəzən isə məsələ o qəər mürəkkəb olur ki, işin Konstitusiya Məhkəməsi səviyyəsində araşdırılmasına ehtiyac yaranır.
İyulun 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (KM) bu mövzuda maraqlı bir məsələyə baxıb. KM-in Plenumunun iclasında Azərbaycan vətəndaşları olan Samiq Nuriyev və Həcər Nuriyevanın şikayəti ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 2016-cı il 8 sentyabr tarixli qərarının ölkə Konstitusiyasına və qanunlara uyğunluğu araşdırılıb və müvafiq qərar qəbul edilib.
Kreditlə alıb, sonra qaytarılan mənzil
Mübahisəli məsələ başlanğıcını 2011-ci ildən götürür. Hazırda məhkəmədə şikayətçi kimi çıxış edən Samiq Nuriyev həmin il Leyla Zeynalova ilə nikaha daxil olub. Bundan iki il sonra ailə yeni ev almaq qərarına gəlir. Nəticədə 6 may 2013-cü il tarixində, yəni birgə nikah dövründə S.Nuriyevlə “Olimp” MTK arasında 4 otaqlı mənzilin alqı-satqısı barədə müqavilə bağlanır. Bakının Binəqədi rayonu, Əlişir Nəvai 33/Naxçıvani 3068 məhəllədə yerləşən, sahəsi 181,84 kv.m olan 4 otaqlı mənzilin alınması üçün S.Nuriyev Azərbaycan Beynəlxalq Bankından kredit götürür. Amma 3 aydan sonra maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar S.Nuriyev pay hüququna xitam verilməsi barədə notariat qaydasında təsdiqlənmiş ərizə ilə “Olimp” MTK-ya müraciət etmiş və onlar arasında bağlanmış müqaviləyə xitam verilir. Bundan sonra S.Nuriyevin bacısı Həcər Nuriyeva «Olimp» MTK ilə alqı-satqı müqaviləsi bağlayaraq həmin mənzili alır.
Bundan bir qədər sonra Samiq Nuriyevlə Leyla Zeynalova ayrılırlar. Naxçıvan Şəhər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulur.
Mübahisə necə başladı?
Tərəflər arasında əmlak mübahisəsi və ümumilikdə məhkəmə çəkişməsi də bundan sonra başlayıb. L.Zeynalova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşının bacısı olan H.Nuriyeva ilə “Olimp” MTK arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması və əmlakda ½ payın müəyyən edilməsini xahiş edib.
Bu tələbi qismən təmin edilib. Məhkəmənin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə H.Nuriyeva ilə “Olimp” MTK arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilib, amma qalan tələblər rədd edilib.
Bundan narazı qalan L.Zeynalova həmin tələblərlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edir. Burada onun tələbləri tam təmin edilir. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 7 mart 2016-cı il tarixli qətnaməsi ilə mənzilin ½ hissəsinə L.Zeynalovanın pay hüququ tanınıb. Qeyd edək ki, birinci məhkəmənin qərarından qarşı tərəflər - Samiq Nuriyev və onun bacısı Həcər Nuriyeva da narazı qalmışdılar. Və onlar da işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Amma onların apellyasiya şikayətləri təmin edilməyib.
Məsələ Konstitusiya Məhkəməsinə çatır
Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalan S.Nuriyev və H.Nuriyeva Ali Məhkəməyə müraciət edirlər. Amma Ali Məhkəmənin Mülki Kollegiyası da 8 sentyabr 2016-cı il tarixli qərarı ilə S.Nuriyev və H.Nuriyevanın kassasiya şikayətləri təmin etmir və bundan əvvəlki qərarı qüvvədə saxlayır.
Nəticədə Samiq Nuriyev və Həcər Nuriyeva Konstitusiya Məhkəməsinə şikayət verərək Ali Məhkəmənin Mülki Kollegiyasının sözügedən qərarının ölkə Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edirlər.
Ərizəçilər bildirir ki, adı çəkilən qərar Mülki Məcəlləyə, Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə uyğun qəbul edilməyib və onların Konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olub.
Mənzilin qeydiyyatına diqqət yetirilməyib
Məsələni araşdıran Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar bəzi məqamları qeyd edib. Əvvəla, Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ, eləcə də birgə əmlaka sahib olmaq və ona sərəncam vermək hüququ var, ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Eləcə də, Ailə Məcəlləsinə görə, ər və arvadın əmlak hüquqları bərabərdir, nikah müddətində əldə edilən əmlak isə ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
Məlum olduğu kimi, S.Nuriyev bankdan götürülmüş kredit əsasında “Olimp” MTK-ya pay haqqını tam ödəsə də, maliyyə çətinliyi ilə əlaqədar ödənişi saxlayıb və «Olimp» MTK ilə müqaviləyə xitam verib. Konstitusiya Məhkəməsi bildirir ki, əvvəlki məhkəmələr bu mübahisəyə baxanda bir məqamı nəzərdən qaçırırlar. Belə ki, onlar belə qənaətə gəliblər ki, əgər şəxs kooperativin verdiyi mənzil üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Amma nəzərə almaq lazımdır ki, kooperativə pay haqqının tam ödənilməsi həmin şəxsə əmlak üzərində mülkiyyət hüququ deyil, mülkiyyət hüquqlarının, dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ verir.
Başqa sözlə, işə baxan məhkəmələr mübahisəli mənzilə dair qərar qəbul edərkən, mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınıb-alınmamasına dair məsələləri həll etməyiblər.
Birgə əmlak olduğu kimi, birgə borclar da var
Bundan başqa, Konstitusiya Məhkəməsinın Plenumu xatıradır ki, birgə əmlak tərəflərin hər ikisinə məxsus olduğu kimi, həmin əmlakla bağlı öhdəliklər, yəni borclar da birgə sayılır.
«Bankdan götürülən kredit vəsaiti hesabına əmlaka dair yaranmış mülkiyyət hüququ bank qarşısında götürülmüş maliyyə öhdəliyi ilə birbaşa əlaqəlidir. Nikah müddətində belə öhdəlik yarandığı halda ərin (arvadın) mənzilə paylı mülkiyyət hüququnun tanınması üçün həmin maliyyə öhdəliyindən irəli gələn vəzifələri bərabər payda öz üzərinə götürməsi əsas şərtlərdən biri kimi qəbul oluna bilər»-deyə Konstitusiya Məhkəməsi bildirir.
Başqa sözlə, Ailə Məcəlləsinin 41.1-ci maddəsində ər və ya arvadın birinə aid olan borc həmin şəxsin öz əmlakına yönəldilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə ər-arvadın ümumi borcu, və ya ər-arvaddan birinin ailə ehtiyacları üçün aldığı borc onların ümumi borcu sayılır və onların birgə əmlakına yönəldilir.
Məhəmələr ikinci müqaviləni formal sayıblar
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki mərhələlərdə işə baxan məhkəmələrə xatırladıb ki, işə baxılarkən tərəflərin təqdim etdikləri sənədləri ciddi surətdə araşdırmalı, onlarla bağlı qətnamə çıxararkən hansı qanun və normativ sənədlərə əsaslandıqlarını göstərilməlidir. «Məhkəmələr araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir»-deyə KM bildirir.
Konstitusiya Məhkəməsi bildirir ki, məhkəmələrin H.Nuriyeva ilə “Olimp” MTK arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab etməsi, onun Konstitusiyanın 29-cu maddəsində göstərilən mülkiyyət hüququnun pozulmasıdır. Belə ki, işə baxan məhkəmələr Mülki Məcəllədə əqdlərin etibarsızlığının müxtəlif əsaslarını müəyyən edən normaların (Mülki Məcəllənin 339, 340 və 341-ci maddələri) tələblərini nəzərə almaqdansa, H.Nuriyeva ilə “Olimp” MTK arasında bağlanmış əqdin hüquqi cəhətdən formal əqd olması qənaətinə gəliblər.
İş üzrə sübutar sonadək araşdırılmayıb
Apellyasiya instansiyası məhkəməsi L.Zeynalovanın şikayəti əsasında H.Nuriyeva ilə «Olimp» MTK arasındakı müqaviləsini etibarsız hesab edib və onun mənzilin ½ hissəsinə pay hüququnu tanısa da, alqı-satqı müqaviləsinin etibarsızlığından irəli gələn məsələləri həll etməyib. Halbuki Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdırlar. Başqa sözlə, apellyasiya məhkəməsinin bu qətnaməsi Mülki Məcəllənin 337.5-ci maddəsilə uzlaşmır.
Ali Məhkəmənin Mülki Kollegiyası da apellyasiya məhkəməsinin qətnaməsini dəyişmədən olduğu kimi saxlayıb. Halbuki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına inzibati və məhkəmə təminatı verməklə yanaşı, məhkəmədə müraciətin prosessual qaydalara uyğun baxılmasını da özündə ehtiva edir. «Lakin Ali Məhkəmənin Mülki Kollegiyası öz qərarında, gəldiyi nəticəni əsaslandırmadan apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb, nəticədə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 8 sentyabr 2016-cı il tarixli qərar qəbul edib»-deyə KM bildirir.
Əvvəlki məhkəmə qərarları ləğv edildi
Bütün deyilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, L.Zeynalovanın S.Nuriyev, H.Nuriyeva və «Olimp» MTK-ya qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması və əmlakda ½ payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin III hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
"Dasinmaz əmlak jurnali"©
Dağılan ailənin əmlakı kimə çatır? - MƏHKƏMƏ QƏRARI
09:02
8 Yan 2018