“Bəzən çirkəndirmə sözü başqa mənada başa düşülür. Ancaq İnzibati Xətalar Məcəlləsində səs-küy çirklənməsi normalarının pozulmasına görə inzibati məsuliyyət (cərimə) nəzərdə tutulub. Amma bunların hansı normalar olduğuna dair dəqiq bir göstəriş nəzərdə tutulmayıb. Biz qəbul etməliyik ki, çirkləndirmə təkcə maddi məsələ deyil. Havanın, ətraf mühitin çirkəndirilməsi, insanlara xoş təsir bağışlamayan, qıcıq yaradan çirkləndirmələr mövcuddur”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
Deputat bildirib ki, səs-küy çirkənməsi ilk növbədə avtomobillərə, matorlu obyektlərə, səsgücləndirici qurğuları olan maşınlara aiddir.
“Eyni zamanda, bu, təkcə texniki vasitələrə aid deyil. Ola bilər ki, insanlar saxladıqları heyvanın səslərilə də çirkəndirməyə səbəb ola bilər. Bir sıra Avropa və Şərq ölkələrində bir binada və yaxud ərazidə yaşayan şəxslər digərini yüksək səslə mahnıya qulaq asdığına və yaxud da digər narahatedici səsə görə məhkəməyə verə bilər. Məhkəmə də bu işə baxıb, həmin adamların rahatlığın pozan şəxsi məsuliyyətə cəlb edir”.
T.Kərimli deyib ki, insanların əskəriyyəti səs-küy çirklənməsinı yalnız texniki vasitə kimi başa düşürlər və o cür tətbiqin də tərəftarıdırlar.
“Ancaq səs-küy çirklənməsi ətraf mühiti səslə çirkəndirən hər bir obyekt və subyektə aiddir. Hətta gəmilərə və qatarlara da. Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsində səs-küy çirklənməsi üçün xüsusi bir qeyd olmalıdır. Bu, insanlara izah edilməlidir ki, kimlərə aiddir”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində səs-küy çirklənməsi ilə bağlı normaların pozulmasına görə, fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.