Bəzən təcrübədə bələdiyyələr vətəndaşları aldadaraq onlara hərrəcdankənar, saxta müqavilələr tərtib etməklə torpaq satırlar. Bələdiyyə torpaqlarının yalnız hərrac qaydasında alınması nəzərdə tutulduğu üçün torpağı digər qaydada satışı onu alan vətəndaşlarda torpağa dair mülkiyyət hüququ yaratmır. Yəni, hərrac olmadan alınan bələdiyyə torpağı sonradan əlinizdən alına bilər. Bununla belə ekspertlər bildirirlər ki, son dövrlər bu kimi halların sayı azalıb.
Bakı Hüquq Mərkəzindən məsələ ilə bağlı Fins.az-a bildirilib ki, vətəndaşlar bələdiyyə torpaqlarını qanunvericiliklə müəyyən olunmuş prosedurlar daxilində ala bilərlər. Bu məsələlər əsasən, Mülki Məcəllə, Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlar ilə tənzimlənir.
Qanunvericiliyə əsasən, istənilən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşlarına yaşayış evinin tikintisi üçün torpaqlar istisnasız ayrılır.
Digər hallarda isə bələdiyyə torpaqlarını yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə etmək olar. Burada isə bir maraqlı məqam var. Belə ki, hərrac və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinin və ya icarəçilərinin üstünlük hüququ var. Üstünlük hüququ olan şəxslər ölkənin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslər və həlak olanların ailəsi, təqaüdə çıxan və ya istefada olan hərbçilər, sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclər, müvəqqəti məskunlaşmış məcburi köçkünlər, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlardır.
Üstünlük hüququ olan şəxslər hərrac zaman təklif edilən torpağı almaq istəmədiyi halda bələdiyyə torpağı digər vətəndaşa sata bilər. Bununla belə özəlləşdirilən torpaqla bağlı müvafiq dövlət qurumunun və yaxud icra hakimiyyəti orqanının rəyi alınmalıdır. Qeyd edək ki, bu qaydalar bələdiyyə torpaqlarının icarəsinə də şamil olunur.