Azərbaycanda startap sahəsi yeni olsa da, artıq dünya ölkələrində öz layihələri ilə uğur qazanan həmyerlilərimiz də var.
Belə ki, dünyanın müxtəlif ölkələrində həmyerlilərimizin yaratdığı innovativ layihələr fəaliyyət göstərir. Bu layihələrə xarici bazarlarda maraq da böyük olur ki, onların əksəriyyəti artıq müəyyən miqdarda investisiya da alıb.
Xaricdə yaşayıb, startap layihələri həyata keçirən həmyerlimiz Cavid Nadirov dünyada azərbaycanlıların yaratdığı startap layihələri ilə bağlı kiçik araşdırma edərək, onlar haqda qısa informasiya təqdim edib.
Elə ilk olaraq Cavid Nadirovun həmtəsisçisi olduğu layihədən başlayaq:
GetGuided layihəsi Böyük Britaniyanın Edinburq şəhərində Cavid Nadirov və Turan Rüstəmli tərəfindən yaradılıb.
Layihə turla səyahət etmək istəyənlər üçün Airbnb-ə oxşar xidmətdir. Siz şəhərə gəlirsiz, ola bilsin 1-2 günlük və ya 1-2 saat şəhərdə gəzməyə vaxtınız var. Siz saytda görmək istədiyiniz tur tipini, dilinizi, tur yerini və zamanını, tur gid-də ( bələdçi) istədiyiniz maraq və xüsusiyyətləri seçirsiz və sizin Peprsonalised affordable tur gidiniz-lə (sizə özəl əlverişli tur) görüşüb şəhəri gəzirsiniz.
Onu da qeyd edək ki, sayt Azərbaycan dili də daxil olmaqla 14 dildə tur tapmaq mümkündür.Platforma ölkəmiz daxil, dünyanın bir çox ölkəsində də lunch (təqdim) edilib. Belə ki, Misir, Qazaxıstan, Viyetnam, Bakı və Gəncəni səyahət etmək istəyənlər GetGuide-ın xidmətlərindən istifadə edə bilər.
GetGuided hazırda fəaliyyətinə uğurla davam edir. Layihə bu günə qədər bir neçə qlobal startap yarışlarında iştirak edərək, qalib olub. Həmçinin, xarici investorlardan yatırım da alıb.
NamoMedia layihəsi də Amerikada yaşayan həmyerlimiz Tural Bədirxanlı tərəfindən yaradılıb, qısa zamanda böyük uğura imza atan startaplardandır. Yəqin ki, Tural Bədirxanlını hamımız Google, Twitter-də işləyən azərbaycanlı kimi tanıyırıq. Elə T. Bədirxanlının Twitter-ə gəlməyində bu layihə böyük rol oynayıb.
NamoMedia nədir?
Namo Medianın fundamental həll etdiyi problem o idi ki, iPhone, Android telefonlarda yazılmış tətbiq sahibləri, yəni onları yazan adamlar ondan pul qazanmaq istəyirlər. Layihə o insanların applikasiyalardan pul qazanması üçün yaradılıb. Burada fərqli məqam odur ki, pul qazanmaq üçün qoyduğumuz reklamlar tamamilə fərqli formatda idi. Həmin dövrdə o formatdan yalnız Facebook və Twitter istifadə edib. Onlar bu formatı öz platformaları üçün düzəltmişdilər, amma onların milyardlarla dollar dəyərində olan şirkətlərdir. Ona görə, bu şirkətlər bu formatlı reklamı öz platformalarına qoya bilirlər. Həmyerlimizin yaratdığı texnologiya ondan ibarət idi ki, bütün başqa şirkətlər – bunlar arasında Fox News, ESPN kimi şirkətlər var – bu texnologiyadan istifadə edərək yeni reklam növünü öz applikasiyalarına yerləşdirə bilirlər. Bu reklam növünün adı “Native advertisement” (Təbii reklam) idi. Necə ki, Facebook-un xəbər axınında reklamlar görmüsünüz yəqin. O, tamamilə fərqli format reklamdır. Bu formatda reklamdan başqa tətbiqlərin istifadəsi üçün texnologiya yaradılıb.
NamoMedia-nın Twitter tərəfindən 50 milyon dollara satınalınması uzun müddət Azərbaycan gündəmində müzakirə edildi. Tura Bədirxanlı ilə söhbətimiz zamanı həmyerlimiz bu satınalmanın miqdarını açıqlamasa da, layihənin artıq şirkətə məxsus olduğunu təsdiq etmişdi. Onun sözlərinə görə, NamoMedia məhsulunu Twitter-ə inteqrasiya etdikdən sonra o, artıq indi Twitter-in parçası olaraq daha fərqli layihələr üzərində işləyir.
WeTravel layihəsi isə Azərbaycanda yaradılıb, qlobalda uğur qazanan startaplardandır.
Belə ki, hazırda ABŞ-da yaşayan həmyerlimiz Qərib Mehdiyevin layihəsi olan WeTravel İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1-ci qrant müsabiqəsində qalib olanlardandır. Layihə sonradan fəaliyyətinə ABŞ-da davam etməyə başladı.
Qeyd edək ki, layihə ölkələrə gəzinti turu təşkil edən onlayn sistemdir.
WeTravel də bu günə qədər həm qlobal, həm də yerli investorlardan böyük məbləğdə investisiya alan startaplar arasındadır. Layihə hazırda fəaliyyətinə uğurla davam edir.
Cənubi Koreyada yaşayan həmyerlimiz Mammad Emin Müzəffərlinin həmtəsisçisi olduğu Spendwallet startapı da qlobalda uğur qazananlardandır.
Spendwallet sizin bütün kartlarınızı bir yerə yığaraq onları vahid bir cihazda birləşdirir. Yəni siz özünüzlə müxtəlif kartlar əvəzinə yalnız Spendwallet cihazını gəzdirirsiniz. Hazırki versiya 5.8 mm nazikliyindədir. Lakin yaxın müddətdə 1-2 mm nazikliyində olan versiyası istifadəyə verilməsi gözlənilir.
OneDome startapı da Londonda yaşayan həmyerlilərimiz Babək İsmayılov tərəfindən yaradılıb və fəaliyyətinə qlobal bazarda davam edir.
OneDome istehlakçılara və mütəxəssislərə sadə bir şəkildə axtarış, əlaqə və ünsiyyət qurmağa imkan verərək, mülkiyyət məsələləri ilə bağlı çətinlikləri aradan qaldırmağa xidmət edir. Bu startap da investisiya alıb.
HalalBooking layihəsi də Londonda həmyerlimiz Elnur Seyidli tərəfindən yaradılıb.
Platformanın məqsədi müştərilərilərə İslam normlarına uyğun tətil, səyahət fürsəti təqdim etməkdir.
HazelCast startapı Palo Alto-da həmyerlimiz Fuad Malikov tərəfindən yaradılıb.
Hazelcast IMDG əməliyyat yaddaşında hesablama platforması dünyada böyük şirkətlərə məlumatların idarə edilməsinə kömək edir. Layihə bu günə qədər investisiya alıb.
LuxySale layihəsi də Dublində həmyerlimiz Fuad Əliyev tərəfindən yaradılıb.
Platformada ən yaxşı dizaynerlərin hazırladığı müxtəlif növ geyim və aksesuarların onlayn satışı həyata keçirilir.
Buglance startapı isə oyun sektorundan yaxından tanıdığımız Toğrul Səmədov tərəfindən Dubayda yaradılıb.
Buglance bir crowdtesting platformasıdır ki, burada minlərlə test cihazı yer alıb. Platforma da bu cihazları əldə etməyə imkan verir.
Buglance də investisiya alıb.
©xeberler.az