Sərlövhəyə çıxarılan ifadə qəribə səslənsə də, rəsmi statistikanın hesablamalarına görə, Azərbaycanda yoxsul əhali qrupları başqa ölkələrin kasıbları ilə müqayisədə iqtisadiyyatda yaranan gəlirlərdən daha çox pay alır. Hərçənd milli statistikanın belə məlumatları ölkə ictimaiyyətinə açıqlamadan Rusiyanın statistika orqanına göndərməsinin özü də ayrıca bir maraqlı mövzudur.
Azərbaycanın rəsmi statistikasının əhalinin həyat səviyyəsi ilə bağlı son məlumatlarına diqqət yetirək: ən yoxsul 20 faizə aid ev təsərrüfatlarında adambaşına aylıq gəlirlər (172 manat) ən varlı 20 faizlik ev təsərrüfatlarının gəlirlərindən (393 manat) cəmi 2.3 dəfə azdır. Xərclərdə bu nisbətin daha az olduğu qeyd edilir. Rəsmi statistikaya görə, ən yoxsul 20 faizə aid ev təsərrüfatlarında adambaşına aylıq istehlak xərcləri (184 manat) ən varlı 20 faizə aid ev təsərrüfatları üzrə istehlak xərclərindən (387 manat) 2.1 dəfə azdır. Maraqlıdır ki, BMT-nin insan inkişafı ilə bağlı 2016-cı il üzrə qlobal hesabatında Azərbaycanda ən yoxsul 20 faiz və ən varlı 20 faiz əhali qruplarının orta gəlirləri arasında fərq 4.8 dəfə göstərilib ki, bu da milli statistika orqanının daxili auditoriya üçün açıqladığı səviyyədən xeyli fərqlənir. BMT-nin adıçəkilən hesabatına görə, 188 ölkə arasında bu fərqin ən yüksək olduğu ölkələr sırasına Mərkəzi Afrika Respublikası, Çili, Argentina, Venesuela, Braziliya, Peru kimi bir sıra ölkələr daxildir və həmin ölkələr üzrə fərq 10-17 dəfə intervalında dəyişir. Aşağı və yuxarı gəlirli əhali qrupları üzrə adambaşına orta gəlirlərin ən aşağı səviyyəsi isə Norveç, Almaniya, Danimarka, Estoniya, Belarus kimi ölkələrdə qeydə alınıb (3.5-6 dəfə intervalında).
BMT-nin insan inkişafına dair son hesabatında sosial təbəqələşmənin səviyyəsini əks etdirən başqa maraqlı bir göstərici – “Palma nisbəti” ilə də bağlı məlumatlar təqdim edilib. Bu nisbət ən zəngin 10 faizin imkanları ilə ən yoxsul 40 faizin imkanlarının nisbətini əks etdirir. Azərbaycanda varlı 10 faizin gəlirlərinin yoxsul 40 faizin gəlirlərinin 1.2 mislinə bərabər olduğu qeyd edilib. Ən aşağı “Palma əmsalı” Norveç və İsveçdə (0.9), ən yüksək əmsal Venesuela, Braziliya, Cənubi Afrika Respublikasında (3-7 intervalında) olub.
Azərbaycan Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının gəlir və xərclərinə dair məlumat bazasında ölkədə sosial təbəqələşməni daha aydın əks etdirən vacib bir göstərici barədə ümumiyyətlə informasiya verilmir. Söhbət iqtisadiyyatda formalaşan cəmi gəlirlərin əhalinin kvintil (5 bərabər hissəyə bölünən 20 faizlik gəlir qrupları) və desil (10 bərabər hissəyə bölünən 10 faizlik gəlir qrupları) qrupları üzrə bölünməsini əks etdirən statistikadan, həmçinin bu statistika əsasında hesablanan, ölkədə gəlir qeyri-bərabərliyini kəmiyyətcə əks etdirən Gini əmsalının səviyyəsindən gedir. Yeri gəlmişkən, inkişaf etmiş ölkələr bir yana, hətta MDB ölkələrinin də bütün milli statistika orqanları (kiçik istisnalarla) Gini əmsalını hesablayaraq hər il öz saytları vasitəsilə açıqlayırlar. Təəccüblüdür ki, Azərbaycana dair həm gəlirlərin kvintil əmsalı, həm də Gini əmsalı ilə bağlı məlumatları milli statistikadan deyil, xarici mənbələrdən əldə etmək mümkün olur. Məsələn, BMT-nin insan inkişafı ilə bağlı 2016-cı il üzrə qlobal hesabatına görə, 2010-2015-ci illər üzrə Azərbaycanda Gini əmsalının orta kəmiyyəti 0.318-ə bərabər olub. Qeyd etməyə dəyər ki, bu əmsal 0-1 intervalında dəyişir və “0” tam bərabərliyi, “1” isə qeyri-bərabərliyi əks etdirir.
Rusiya statistika orqanının dünya ölkələrində sosial təbəqələşmənin müqayisəsinə dair statistikasında (“Rusiya əhalisinin sosial vəziyyəti və həyat səviyyəsi” hesabatı 2017-ci ildə nəşr olunub) isə Azərbaycanda ən yoxsul 20 faizin sahib olduğu gəlirlərin ən varlı 20 faizin malik olduğu gəlirlərdən cəmi 2.1 dəfə az olduğu göstərilib. Həmin hesabatdan görünür ki, nəşrdə haqqında məlumat verilən 45 ölkə içərisində sosial təbəqələşmənin ən aşağı səviyyəsinin qeydə alındığı, həmçinin yoxsul əhali qruplarının daha yüksək imkana malik olduğu ölkə Azərbaycandır. Məsələn, təbəqələşmə piramidasının aşağı nöqtəsindəki 20 faizlə zirvəsindəki 20 faiz əhalinin orta gəlirləri arasındakı fərq Filippində 13.6, İndoneziyada 10.2, Böyük Britaniyada 8.4, Ermənistanda 8.4, Polşada 7.8, Qazaxıstanda 5.6 dəfə olub.
Yeri gəlmişkən, Rusiya statistika orqanının sözügedən açıqlamasına görə, Azərbaycanda yoxsul 20 faiz bütün gəlirlərin 15.4, varlı 20 faiz isə gəlirlərin 27.2 faizini əlində cəmləşdirib.
Heç şübhəsiz, nə BMT-nin insan inkişafına dair hesabatında, nə də Rusiya statistika orqanının məlumat bazasında Azərbaycanda sosial təbəqələşməyə dair təqdim edilən göstəricilərin səviyyəsi Azərbaycanda sərvətlərin təmərküzləşməsinin real səviyyəsinə adekvat görünmür. Aydın məsələdir ki, ixtiyari bir ölkədə sərvət və sərmayə yığımlarının təmərküzləşmə səviyyəsi nə qədər yüksək olursa, gəlirlərin (eləcə də sosial təbəqələşmənin) səviyyəsi də ona adekvat formalaşır. Əlbəttə, Azərbaycanda nə milli sərvət, nə də onun əhali qrupları arasında bölgüsünü izləməyə imkan verən rəsmi statistika mövcud deyil, bu sahədə alternativ araşdırmalar isə heç zaman aparılmayıb. Yalnız Milli Hesablar Sistemində gəlirlərin sərmayə və əmək gəlirləri arasında paylanmasına baxdıqda, gəlirlərin bölgüsü ilə bağlı müəyyən təsəvvür yaranır. Ən son statistikaya görə, ölkədə əmək gəlirlərinin milli gəlirdən aldığı pay 17-18 faizdən çox deyil (inkişaf etmiş ölkələrdə bu göstərici 50-65 faiz intervalında dəyişir). Sərmayə və qarışıq gəlirlər hesabına formalaşan gəlirlər milli gəlirdən 65-70 faiz pay alır (inkişaf etmiş ölkələrdə bu göstərici 30-35 faiz intervalında dəyişir). Azərbaycanda sərmayə gəlirlərinin yüksək səviyyədə təmərküzləşməsini sübut edən faktlar çox deyil, amma var. Məsələn, bugünlərdə vergilər naziri bildirdi ki, real fəaliyyət göstərən 180 min sadələşdirilmiş vergi ödəyicisinin 95 faizinin illik dövriyyəsi 100 min manatdan aşağıdır. Bu faktdan çıxış etsək, məlum olar ki, ölkə üzrə bütün biznes dövriyyəsinin ən yaxşı halda 12-15 faizi kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur. Halbuki sadələşdirilmiş vergi ödəyiciləri (bu qrup əsasən xırda və orta sahibkarları əhatə edir) say etibarı ilə bütün aktiv biznes subyektlərinin təxminən 90%-ni təşkil edir. Biznes dövriyyəsinin 85-90 faizinin 10-15 faiz iri işgüzar subyektin sərəncamında olduğu şəraitdə sərmayə gəlirlərinin də bu nisbətə uyğun formalaşması qaçılmazdır. Bir tərəfdə rəsmi statistikanın sərmayə gəlirlərinin əmək gəlirlərini az qala 4-5 dəfə üstələdiyinə dair ortaya qoyduğu birbaşa faktlar, o biri tərəfdə sərmayə gəlirlərinin əhəmiyyətli hissəsinin daha az sayda biznes subyektinin ətrafında formalaşmasını təsdiqləyən dolayı məlumatlar varsa, ölkədə aşağı və yuxarı gəlirlər arasında fərqin 2 dəfə olduğuna dair rəsmi göstəricilərə şübhə yaranması təbiidir.
Bir maraqlı məqama toxunmaq da vacibdir. Son 2 ildə yüksək vəzifəli məmurlarla bağlı ölkə məhkəmələrində baxılan cinayət işlərində ayrı-ayrı rəsmi vəzifə sahiblərinə məxsus sərvətlərin həcminə dair ortaya çıxan faktlar ölkədə sərvətlərin təmərküzləşməsi barədə təsəvvürləri bir az da aydınladır. Məsələn, Beynəlxalq Bank, Rabitə Nazirliyi, MTN-lə bağlı 2016-2017-ci illər boyu davam edən məhkəmə proseslərindən aydın oldu ki, məhkəmə işlərinə müxtəlif cinayətlərdə adı keçən bəzi məmurların 60-70 milyon manat dəyərində sərvəti haqda sənədlər əlavə olunub. Nəzərə alaq ki, cinayət məsuliyyətinə cəlb olunan bu şəxslər məmur iyerarxiyasının orta və qismən aşağı pillələrində qərar tutmuş şəxslərdir. Yaxud müstəqil bloggerlərin və medianın ayrı-ayrı vəzifəli şəxslərə aid olduğu təkzib edilməyən və dəyəri on milyon dollarlarla ölçülən mülkləri, xarici ölkələrdəki aktivləri (maliyyə və qeyri-maliyyə formasında) barədə tapıntıları da ölkədə sosial təbəqələşmənin real miqyasını göstərən mənbələr sayıla bilər.
Ötən əsrin ortalarında gəlir qeyri-bərabərliyi sahəsində apardığı araşdırmaları ilə bütün dünyada tanınmış Nobel mükafatlı ABŞ iqtisadçısı Saymon Kuznetsə görə, gəlirlərin aşağı olduğu iqtisadiyyatda qeyri-bərabərliyin yüksək olma imkanı da aşağı olur. O zaman ki iqtisadiyyatın imkanları böyüyür, onda sosial təbəqələşmə riskləri də artmağa başlayır. Bu baxımdan Azərbaycanda sosial təbəqələşmənin ən yüksək olduğu mərhələ kimi 2004-cü ildən sonrakı dövrə diqqət yetirmək lazımdır. Rəsmi statistikaya baxsaq, bazar dəyəri 70-80 min dolları ötən bir sıra avtomobil markaları da məhz 2005-ci ildən sonra Azərbaycana ayaq açmağa başlayıb. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilədək Azərbaycanın avtomobil parkında görünməmiş bahalı markalardan (LandRover, Porsche, Lexus, İnfiniti) olan avtomobillərin sayı artıq 20 min ədədə yaxınlaşır. Yaxud son 10 ildə şəhərin mərkəzi hissəsində hər kvadratmetrinin dəyəri 2500-3000 dollar arasında dəyişən elit mənzillərin tikintisinə start verilməsi də bu faktların davamı kimi nəzərdən keçirilə bilər.
Bəzi tədqiqatlarda sosial təbəqələşmənin real səviyyəsini üzə çıxarmaq üçün xərcləmələrin araşdırılmasına daha çox diqqət ayrılır. Çünki əksər hallarda gəlirləri gizlətmək daha asandır, nəinki xərcləri. İnsanlar qazanclarını ya maliyyə (səhm, istiqraz, depozit) alətlərinə, ya qeyri-maliyyə (daşınmaz və daşınar əmlak, uzunmüddətli istifadə olunan məişət və qızıl-zinət əşyaları və s.) alətlərinə, ya da müxtəlif xidmətlərə (təhsil, səhiyyə, istirahət) xərcləyirlər. Bu baxımdan Dünya Bankının Azərbaycanda səhiyyə xərcləmələrinin real miqyası ilə bağlı 2008-2015-ci illəri əhatə edən araşdırması (“Challenges on the Path to Universal Health Coverage: The Experience of Azerbaijan”) xeyli maraq doğurur. Tədqiqatın əsas nəticələrindən biri budur ki, 7 il ərzində ölkədə əhalinin sağlamlığa yönəltdiyi xərclər xeyli artsa da, bu artım əsasən əhalinin ən zəngin 20 faizi hesabına baş verib, cəmi səhiyyə xərclərinin 30 faizdən çoxu bütün ev təsərrüfatlarının 16 faizinin payına düşüb. Hesabat müəllifləri bildirirlər ki, insanların sağlamlıqlarına çəkdikləri bütün xərclərin 80 faizi öz şəxsi büdcələrindən gedir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, səhiyyə xərclərinin istehlak xərclərində payı kvintil qruplardan asılı olaraq 4-6 faiz intervalında dəyişir, amma Dünya Bankının tədqiqatına görə, həmin göstərici orta hesabla 12.5 faizə çatır. Tədqiqat göstərir ki, 2015-ci ildə ən zəngin 10 faiz ev təsərrüfatlarının adambaşına sağlamlıq xərcləri 1120 manat təşkil etdiyi halda, ən yoxsul ev təsərrüfatları üzrə bu məbləğ 33 manat olub. Göründüyü kimi, Dünya Bankının araşdırmalarının nəticəsi ən aşağı və ən yuxarı gəlirli desil qruplarda yer alan ev təsərrüfatlarının illik sağlamlıq xərcləri arasında 30 dəfədən də çox fərq olduğunu göstərir. Halbuki Azərbaycan Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının büdcə müayinəsinin nəticələri ilə bağlı açıqladığı hesabatlarda bu fərqin 3 dəfə olduğu göstərilir – ən zəngin 10 faizə daxil olan ev təsərrüfatları üzrə adambaşına illik xərclərin 300 manata, ən yoxsul 10 faizə aid ev təsərrüfatları üzrə adambaşına illik xərclərin 100 manata yaxın olduğu qeyd edilir. Səhiyyə xərcləri ilə bağlı bu 2 mənbə üzrə müşahidə edilən əsas fərqlər diqqəti cəlb edir: 1) milli statistikaya görə zəngin ev təsərrüfatlarının sağlamlıqla bağlı xərcləri Dünya Bankının araşdırması nəticəsində ortaya çıxarılmış məbləğdən 4 dəfəyədək azdır; 2) milli statistikaya görə ən yoxsul əhali qruplarının səhiyyə ilə bağlı xərcləmələri Dünya Bankının ortaya çıxardığı məbləğdən az qala 10 dəfə çoxdur.
Milli statistikanın zəngin və yoxsul əhali qruplarının səhiyyə xərcləri arasındakı fərqi kəskin şəkildə az göstərməsi yekunda sosial təbəqələşmənin mənzərəsini də tamamilə dəyişir. Təkcə bu fakt ölkədə qeyri-bərabərliyin real səviyyəsinin rəsmi statistikada göstəriləndən çox yüksək olduğuna əsas sübutlardan biri sayıla bilər.
Zəngin və yoxsul əhali qrupları üzrə səhiyyə xərclərində ortaya çıxan fərqin analoji qaydada təhsil və istirahət xərclərində, avtomobil və mənzil alışlarında da mövcud olduğunu nəzərə alsaq, real mənzərəni bir az da aydın təsəvvür edərik.
Rövşən Ağayev