Koronavirus pandemiyası və məhdudlaşdırıcı tədbirlər müddətində psixoloqa müraciət edən sahibkarların sayında artım var.
Eləcə də bax: Koronavirusun Azərbaycana vurduğu – GÜNDƏLİK ZƏRƏR AÇIQLANDI – MƏBLƏĞ
"Vergi güzəştləri imkan verəcək ki, sahibkarlar işlərini - TEZLİKLƏ BƏRPA ETSİNLƏR"
«Humel» Psixologiya Mərkəzinin direktoru Taryel Faziloğlu FED.az-a bildirib ki, ümumiyyətlə karantin dövründə psixoloji dəstəyə ehtiyac olanların sayı artıb: «Son 20-25 gün ərzində 1400-dən yuxarı telefon zəngi, yüzlərlə “WhatsApp” mesajı aldım. Müraciətlər indi də davam edir».
Psixoloq hesab edir ki, iki ay davam edən karantin müddətində insanların evə qapanması bəzi şəxslərdə ciddi psixoloji problemlər yaradıb. Özü də karantin müddətində kişilərə nisbətən qadınlar daha çox zəng ediblər.
Müraciətlərin əsas səbəbi təşviş pozuntuları, psixozlar və əsasən də psixoloji pozuntunun pik həddinə çatması, psixoloji pozuntunun yaratdığı yuxusuzluq, xroniki yorğunluq üstünlük təşkil edir. Ən maraqlısı odur ki, karantin dövründə ailələrdə münaqişələr artıb: «Xroniki və səbəbsiz aqressiyanın yaranması və bundan doğan münaqişənin katastrofik şəkildə artması daha çox müşahidə olundu. İnsanların əksəriyyətinin - istər işləyən kişilərin, istərsə də qadınların həyatın böyük bir ölçüsü evdən kənarda olurdu. Evə qapanmaq məcburiyyəti onların normal həyat ritmini tamamilə pozdu».
Psixoloqun sözlərinə görə, karantin dövründə yaranan münaqişələr ölkədə boşanmaların ən azı iki də artmasına səbəb olacaq: «Karantin müddətində Avropada ailədaxili şiddətin payının ortalama 35%, Türkiyədə 40%-ə qədər artdığı rəsmi olaraq elan edildi. Azərbaycanda bu rəqəmlər statistik olaraq hələ ki, açıqlanmır, amma bizdə də vəziyyət təqribən belədir».
Karantin dövründə psixoloqa müraciət edənlərin bir hissəsi kiçik və ort sahibkarlardır: «Sahibkarlar ciddi stress keçirirlər. Daha çox kiçik və orta sahibkarlıq subyektləri və böyük şirkətlərdə menecer qismində işləyən insanlar müraciət edirdilər. Özüm “İş adamları” klubunun üzvüyəm, əksəriyyəti ilə şəxsi tanışlığım var. Demək olar ki, şəxsi münasibətdə olduğum insanların əksəriyyətindən psixoloji yardım üçün müraciət aldım».
Taryel Faziloğlu onu da qeyd edib ki, sahibkarların əksəriyyəti daha çox post dramatik stress pozuntusundan və psixozdan əziyyət çəkirdi: «Sahibkarlar bütün gücünü, investisiyasını ortaya qoyaraq bir iş qurublar. Kiçik və ya orta fərq etmir, onların 3-5, hətta 40 nəfər işçisi var. Bəlli bir məsuliyyəti və iş proqramı var və bir anda həmin şəxslər iki ay evdə oturmağa məcbur olurlar. Hökumət də sahibkarlar qarşısında heç kəsi işdən çıxarmamaq, işçilərin maaşının verilməsi tələbini qoydu. Kiçik və orta sahibkarlıq subyektlərinin əksəriyyətinin o qədər də maliyyə hazırlığı yox idi. Heç bir gəlir yoxdur, amma xərclər öz yerində qalır. Bu da sahibkarlara ciddi bir şəkildə stress yükü oldu».
Psixoloq bildirir ki, hazırki vəziyyətdən ən çox narahatlıq keçirən sahibkarları tanıyır: «Bizneslərinin həcmini soruşmasaq da, müraciət edən sahibkarların danışıqlarından belə başa düşürük ki, illik dövriyyəsi maksimum 200-250 min manat qədər olan mikro sahibkarlıq daha çox zərər gördü. Əksəriyyəti fərdi işini qapatmaq məcburiyyətində qaldı ki, bu da o insanlarda paranoya psixozun yüksək səviyyədə artmasına gətirib çıxardı. İşsizlik qorxusu, maddi sıxıntılar, bank kreditləri kiçik və orta sahibkarlıqla məşğul olan insanların əksəriyyətinin psixoloji gərginliyini yüksəltdi».
Taryel Faziloğlu deyir ki, ona müraciət edə iş adamları əsasən iki məsələ ilə bağlı məsləhət istəyiblər: «Birinci, bugünkü itkilərindən daha çox öz güclərinə fokuslanmağı müzakirə etdik. Bu vaxta qədər qurduğu işləri özü yaradıbsa, deməli, bunu bir daha edə bilər. Onlar öz gücünə inanaraq sıxıntılardan daha rahat şəkildə çıxa bilərlər. İkinci, hansı yenilikləri edə bilmələri ilə bağlı araşdırma etmələrini və bu yeniliklərlə özlərini qurtara biləcəyi inama hədəflənməkləri üzərində dayandıq».