FED.az xəbər verir ki, işsizliyin xoşbəxt cəmiyyət anlayışının formalaşmasında da öz payı vardır ki, işsizlik səviyyəsi yüksək olan mühitdə xoşbəxtlikdən danışmaq çətin olar. Belə ki, insanlar öz təminat və digər minimum xərclərini qarşılamaqda çətinlik çəkir, nəinki istirahət hətta öz minimum ehtiyaclarını da ixtisara salmağa məcbur olurlar.Nəticədə, arzuolunan mühitdən əsər-əlamət qalmır və daha aqressiv, qeyri-leqal meyilli bir kütlə formalaşır.
Dünya praktikasında olduğu kimi ölkəmizdə də işsizliyin səviyyəsinin maksimum səviyyədə azaldılması və əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi əhalinin sosial müdafiəsi sahəsində ən mühüm məsələlərdən biridir.
Bəs işsizlərə nələr təklif edilir? Məsələni ətraflı izah edək:
1. İşsizlər aşağıdakı haqqı ödənilən ictimai işlərə cəlb oluna bilərlər: (Məşğulluq haqqında qanun (MHQ) – Maddə 8.2.3)
- ərazi, küçə və parkların abadlaşdırılması
- qocalara, əlillərə qulluq xidmətləri
- xəstəxana, məktəb, yataqxana, qocalar və əlillər üçün internat evlərinin,habelə, digər sosial sfera obyektlərinin təmir və tikintisi işləri
- yol və körpülərin, istilik və qazanxana sistemlərinin tikintisi və təmiri işləri
2. Hər il ölkənin bütün regionlarında əmək yarmarkaları,əmək birjaları və yeni iş yerləri təşkil edilir. (MHQ- Maddə 8.2.6)
İşəgötürən və iş axtaranlar arasında əlaqə yaradılmasıüçün kifayət qədər perspektivli addımdır ki, mövcud şəraitə və qabiliyyətə uyğun olaraq vakant iş yerləri barədə ətraflı məlumat əldə etmək və seçilmək üçün yaxşı imkanlar vardır. Əmək yarmarkaları vasitəsilə hər il müxtəlif ixtisaslı kadrlar işlə təmin olunmuşdur.
BUNA DA BAXIN: Azərbaycanda ən az işsiz olan rayonlar – SİYAHI
3. Xərcləri dövlət tərəfindən qarşılanan müxtəlif peşə-ixtisas kursları (MHQ – Maddə 8.2.2)
İşsiz olmağın bir səbəbi də iş axtaranlarda peşə-ixtisashazırlığının olmaması və yaxud zəif olmasıdır. Beləliklə, sözügedən problemlə bağlı xərcləri dövlət tərəfindən qarşılanan müxtəlif peşə-ixtisas kursları təşkil olunur. Təhsil Nazirliyinin, Məşğulluq mərkəzlərinin bazasında təşkil olunan kurslar iş axtaranların psixoloji xüsusiyyətləri və bacarıqları nəzərə alınmaqla 2-3 aylıq olaraq müxtəlif istiqamətlərdə aparılır.
Məsələn :
a) dərzilik kursları 3 aylıq
b) bərbərlik 2 aylıq
c) toxuculuq 2 aylıq
ç) mebel ustası sənəti 2 aylıq
d) ayaqqabı fərdi tikiş ustası 2 aylıq və s.
4. Özünəməşğulluğun təmin edilməsi (MHQ - Maddə 8.2.5)
Fərz edək ki, sizin həyata keçirmək istədiyiniz kiçik biznes planınız var və yaxud arzuladığınız müəyyən bir işlə məşğul olmaq istəyirsiniz. Lakin lazım olan vəsaitiniz yoxdur. Əgər sizin biznes-plan mövcud kriteriyalara uyğundursa və bəyənilərsə bu işlə bağlı bütün maliyyə xərcləri dövlət tərəfindən qarşılanaraq sizin işlə təmin olmağınız prosesi uğurla həyata keçirilir.
Məsələn, siz hər hansı bir regionda yaşayırsınız və kompüter salonu açmaq istəyirsiz. Lakin maddi vəziyyətiniz buna imkan vermir. İlkin olaraq, siz məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmalısız. Beləliklə, bütün məsələlər uğurla həyata keçdikdən sonra kompüter salonu üçün bütün tekniki avadanlıq və vasitələrlə pulsuz olaraq təmin olunursuz.
Yuxarıda bəhs etdiyimiz məsələlər Azərbaycan Respublikasının Məşğulluq haqqında qanunun 8.2 – ci maddəsinə əsasən işsiz və yaxud iş axtaranlara verilən təminatlardır. Onu da qeyd edək ki, məşğulluq orqanlarının göndərişi ilə işə qəbul olunan və təhsil almağa göndərilən şəxslərin tibbi müayinəsi Məşğulluq haqqında qanunun maddə 8.2.8 bəndinə əsasən pulsuz olaraq təşkil olunur. Həmçinin, bir yaşayış yerindən digərinə peşə-ixtisas kurslarına cəlb olunan şəxslərin çəkdiyi xərclər kompensasiya edilir və qanunvericiliyə uyğun olaraq təqaüdlər verilir.
İş axtarmaq üçün məşğulluq orqanlarında qeydiyyata alınmış əmək qabiliyyətli şəxslər üçün 11 gün ərzində məşğulluq təmin edilməzsə, bu zaman onlarınmövcud şərtlər nəzərə alınmaqla işsizlik müavinəti almaq hüququ yaranmış olur.
Hərkəs yuxarıda sadalanan təkliflərdən uyğun olanı seçib yararlana bilər və ətraflı olaraq qeydiyyatda olduğu məşğulluq mərkəzlərinə müraciət edə bilərlər.