FED.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin müsahibəsini təqdim edir:
Eləcə də bax: "Minlərlə şəhid ailəsi üzvünü və müharibə qazilərini işlə təmin edəcəyik" - MÜSAHİBƏ
- Mustafa müəllim, bir müddətdir “Məşğulluq marafonu”na start verilib. Məqsəd şəhid ailələrinin və Vətən müharibəsi qazilərinin iş ilə bağlı olan məsələlərinin həll edilməsidir. Əlbəttə ki, bu məqamda işəgötürənlərin dəstəyi mühümdür. Marafonla bağlı son məlumatları verərdiniz.
- Son dövrlər ən aktual mövzulardan biri Vətən müharibəsindən qayıdan qazilərin, eləcə də şəhid ailə üzvlərinin işlə təmin olunması məsələsidir. Bu istiqamətdə Agentlik olaraq “Məşğulluq marafonu”na start verdik. Qısa müddət ərzində marafon kifayət qədər geniş yayıldı. Hazırda təxminən 250-dən çox şirkət üzrə 1100-dən çox vakansiyalar təqdim olunub. Vakansiyalar kifayət qədər geniş spektrı əhatə edir. Sevindirici hal ondan ibarətdir ki, vakansiyalar üzrə müxtəlif növ vəzifələr və əməkhaqqı kateqoriyaları təqdim edilib. Proses geniş şəkildə davam edir.
- Qazi və ya şəhid ailəsi üzvü marafona necə müraciət edə bilər? Bunun üçün hansı müraciət üsulları nəzərdə tutulub?
- İlk müddətdə həmin şəxslərin müraciət etmədən məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər görməyə başladıq. Hazırda 3000-ə yaxın şəhid ailəsi üzvü, 12 000-ə yaxın qazi var. Onların hər birinin məlumatı bizdə mövcuddur. Bu məlumatlar əsasında təhlil aparıb bizə təqdim olunan vakansiyalara ən uyğun namizədlərin seçilməsini özümüz həyata keçiririk. Lakin qərara gəldik ki, həmin vətəndaşların da özünün müraciətini təmin edək. Onlayn müraciət qaydası müəyyənləşdi. Qazilər və şəhid ailə üzvləri onlayn resurs vasitəsilə (dma.gov.az) öz məlumatlarını doldurub vakansiyalara uyğunluğunu məlumatlar əsasında təyin edib müvafiq işlərlə təmin edilməsinə yardımçı olacağıq.
- Sözsüz ki, qeyd olunan kateqoriyadan olan şəxslərin işlə təmin olunması, onlara bu istiqamətdə dəstək göstərilməsi hər bir işəgötürənin borcudur. Marafona qoşulan, öz vakansiyasını təqdim edən işəgötürənlər üçün hər hansı dəstək və ya həvəsləndirici tədbir nəzərdə tutulub?
- Əlbəttə işəgötürənlər koorporativ sosial məsuliyyət çərçivəsində, eyni zamanda parlaq qələbəyə bizim şirkətlərin töhfəsi baxımından kifayət qədər önəmlidir. Amma biz dövlət olaraq marafona qoşulacaq şirkətləri digərlərindən ayıraq. Bununla bağlı işəgötürənlərin cədvəli müəyyən edilir, onların təbliğatı aparılacaq. Daha çox vakansiya təqdim edən, qazi və ya şəhid ailəsi üzvlərini işə götürənləri bu və ya digər formada tanıtmağa çalışacağıq.
- Bilirik ki, ümumilikdə nazirlik tərəfindən əhatəli postmüharibə tədbirləri həyata keçirilir. Və burada məşğulluq da mühüm istiqamətlərdən biridir. Müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin məşğulluq məsələləri ilə bağlı başqa hansı işlər görülür?
- Müharibə bitdikdən sonra Nazirlikdə və Agentlikdə tədbirlər planı hazırlanaraq təsdiq edildi. O dövrdən başlayaraq tədbirlər planının icrası çərçivəsində kifayət qədər geniş məşğulluq tədbirləri həyata keçirilib. Bu dövrdə 6 500-dən çox şəxsin məşğulluğunu bu və ya digər şəkildə təmin edilib. Onlardan 5 000-dən artığı özünüməşğulluq proqramına cəlb olunub. 400-ə yaxın şəxs işlə təmin olunub, 1 000-ə yaxın şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi həyata keçirilib. Hazırda 15 minə yaxın qazi və şəhid ailələrinin təxminən 50 %-ə yaxının məşğulluğu təmin edilmiş vəziyyətdədir.
- İyunun 30-u Dövlət Məşğulluq Agentliyinin publik-hüquqi şəxs olaraq fəaliyyətə başlamasının 1 ili tamam oldu. Bu 1 il ərzində Dövlət Məşğulluq Agentliyi hansı göstəriciləri əldə etdi? Məşğulluq məsələlərinin həlli üçün hansı tədbirlər görüldü və bu proses davam edir?
- Bu müddət ərzində daha çox islahat işlərinə köklənmişdik. Çünki həmin bir il ərzində Agentliyi yenidən formalaşdırmağa çalışdıq, təşkilati hüquqi forma dəyişdi, yerli məşğulluqlar ləğv edilərək Ərazi Məşğulluq Mərkəzləri yaradıldı, işçi heyəti önəmli ölçüdə optimallaşdırıldı, işçilərin peşə və kvalifikasiya səviyyəsi artırıldı. Agentliyin aparatında həmçinin təkmilləşmə işləri aparıldı. Belə ki, 5 şöbə 13 departament formasında yenidən təşkil edildi. Agentliyin 23 ana, 8 yardımçı fəaliyyət istiqaməti müəyyən edildi. Ümumilikdə 31 istiqamətin formalaşdırılması həyata keçirildi. Bunun nəticəsi olaraq xidmət keyfiyyətimizi artırmağa nail olduq. Şəfafflıqla bağlı önəmli işlər həyata keçirildi.
- Bu ilin sonuna kimi hansı yeniliklər gözlənilir və əsas hədəflər nələrdir?
- Qarşıda böyük hədəflərimiz var. Agentliyin fəaliyyətini tam elektronlaşdırmağı, rəqəmsallaşdırmağı hədəf kimi müəyyən etmişik. Bizim 8 geniş rəqəmsallaşdırma layihəmiz həyata keçirilir. Əmək və məşğulluq alt-sistemi, ictimai işlər portalı, “Bacar” innovativ layihəsi, elektron şəxslərin reyestri, məşğul şəxslərin reyestri və digər innovativ layihələrin nəticəsində biz Agentlik olaraq ölkənin məşğulluğunu böyük ölçüdə rəqəmsallaşdıracağıq. İnanırıq ki, rəqəmsallaşma nəticəsində xidmətlərin əlçatanlığı maksimum həddə çatacaq. Eləcə də vətəndaş məmur təması da sıfıra düşdüyü üçün xidmətlərdə obyektivlik təmin olunacaq.
- Azərbaycanda iş yerlərinin sayı, yoxsa işsiz insanların sayı çoxdur? Bunu müqayisə etmək mümkündür?
- Bu mövzu hər zaman aktualdır. Əmək bazarının təhlilini apararkən müşahidə edirik ki, iki fərqli qütb var. Bir tərəfdə kifayət qədər çox işçi axtaran, digər tərəfdə isə işə ehtiyacı olan şəxslər var. Başlıca işlərimizdən biri bunu müqayisə etmək və bunun nəticəsində ortaya təhlillər çıxarmaq, eləcə də əmək bazarının gedişatını dəyişməkdir. Çünki müşahidələrimiz göstərir ki, bu iki məfhum arasında böyük qopuqluq var. Tərəfləri günahlandırmaq doğru deyil. Daha çox peşə ixtisası olmayan və bu günün əmək bazarının tələblərinə cavab verməyən işaxtaranlar çoxdur. Digər tərəfdən isə müasir mütəxəssislərə, yeni yanaşma ilə fərqli əmək bazarı tələbləri olan peşəkarlara ehtiyac var. Əvvəlki mühitdə formalaşan əmək bazarı iştirakçıları var ki, onlar bu gün müasir əmək bazarının tələblərinə uyğun deyil. Agentlik olaraq peşəyönümü, karyera planlaması istiqamətində köklü addımlar atmalıyıq ki, yeni nəsil müasir əmək bazarının tələblərinə uyğun yetişsin.
- Özəl yoxsa dövlət qurumlarında vakant yerlərin sayı çoxdur? Hansı formada işəgötürənlərə müraciət edilməlidir ki, işsiz statusunda olanlar daha tez işlə təmin oluna bilsinlər? Çünki bəzən işsiz vətəndaş narazılıq edir ki, uzun müddət qeydiyyatda olsam da bu günə kimi heç bir dəvət almamışam.
- Deyərdim ki, bu gün vakansiyaya çıxarılan iş yerlərinin çoxu dövlət sektoruna aiddir. Çünki dövlət sektorunun kadr potensialının gücləndirilməsində inkişaf dövrü yaşanır. Bu gün əksər dövlət orqanları işçi heyətini köklü şəkildə dəyişməyə və yeniləməyə meyllidirlər. Proses sürətlə gedir. Bunun da özü ciddi rəqabət mühiti formalaşdırır və dövlət orqanları öz aralarında yaxşı mənada rəqabətdədirlər. Nazirliyin və Agentliyin timsalında peşəkar ixtisaslı və müxtəlif növ yeni bacarıqlara sahib olan işçi heyətinə ehtiyac var. Bununla bağlı mütərəqqi yanaşmalardan istifadə edirik. Eyni zamanda işə qəbul vaxtı yeni qiymətləndirmə metodu tətbiq edilir. Çalışırıq ki, müxtəlif yeni vərdişlərə sahib gənclər işlə təmin olunsun.
Daha çox sürücü, bağban, fəhlə, yəni ali və peşə təhsilinə ehtiyacı olmayan şəxslər işaxtaran kimi müraciət edir. Bu növ işçilərə də tələb azdır. Səbəb böyük müəssisədə daha çox peşəkar və peşəsi olan işçilərə ehtiyacın olmasıdır. Peşə və ixtisası olmayan üçün ictimai işlərin kvotası bu il üçün 56 min şəxs ətrafında nəzərdə tutulub. İctmai işlər üçün də kifayət qədər müraciət var. Bu işlər üçün təqdim olunan vakansiyalar mütəmadi olaraq yenilənir. İşaxtaran kimi müraciət edib sonradan narazı qalan vətəndaşlara gəlincə, peşə ixtisası olmayan biri hansısa peşə ixtisası tələb olunan vakansiyaya müraciət edirsə təbii ki, həmin şirkət vakansiyaya uyğun olmadığını müəyyən etdikdə geridönüş etmir. Özəl sektor da öz işçi heyətini özü formalaşdırır. Biz Agentlik olaraq bu işdə sadəcə vasitəçilik həyata keçiririk. Agentliyin məqsədi işə ehtiyacı olan işəgötürənlərlə ən doğru işçini tapıb onlar arasında körpü rolunu oynamaqdır. Bu günün əmək bazarının tələbinə uyğun gələn peşə ixtisaslı şəxs qısa müddətdə öz məşğulluğunu təmin edə bilir. Odur ki, bu məsələdə işəgötürənləri günahlandırmaq doğru deyil.
- İşədüzəltmə vasitəçilərinin reyestri hazırlanır. Proses necə həyata keçiriləcək və bu sistemin üstünlüyü nə olacaq?
- Reyestr artıq formalaşıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən vasitəçilərin reyestrə daxil edilməsi ilə məşğuluq. Onlara müraciət ünvanlanıb. Əsas üstünlük odur ki, əvvəllər bu sahədə olan sui-istifadə hallarının qarşısı alınacaq. Hətta bəzi hallarda dələduzluq faktları da olurdu. Bəzi hallarda isə vətəndaşlar aldadılırdı. Reyestrin mahiyyəti ondan ibarətdir ki, dövlət tərəfindən vasitəçilərə nəzarət həyata keçirilsin və neqativ hallar olmasın. Nəzarət istiqamətində vətəndaşlara münasibətdə olan üstünlükdür. Biz həmçinin vasitəçilərin özlərinə də üstünlüklər müəyyən edirik. Belə ki, rəqəmsallaşma nəticəsində ölkənin bütün vakansiya bankını fərdi məlumatlar qorunmaq şərtilə vasitəçilərlə məlumat mübadiləsini həyata keçirəcəyik. İşəgötürən vasitəçilər dövlətin bazasında olan həm vakansiyalar barədə, həm də dövlətin bazasında olan işaxtaran barədə müvafiq məlumatlarla qidalanacaqlar. Əminik ki, proses nəticəsində hər iki tərəf ciddi üstünlüklərə sahib olacaqlar.
- Özünəməşğulluq proqramı ilə bağlı neqativ hallarla rastlaşırsınızmı? Buna necə nəzarət edilir?
- Ötən il Azərbayacnda 12 minə yaxın vətəndaşımız özünüməşğulluq proqramına cəlb olundu. Bu il isə 16 min şəxsin özünüməşğulluğunun təmin edilməsi hədəf kimi müəyyən edilib. Təbii ki, bu sahədə mütəmadi təkmilləşmə işləri həyata keçirilir. Bir çox hallarda sosial şəbəkələrdə neqativ hallarla rastlaşırıq. Onların böyük əksəriyyəti həqiqəti əks etdirmir. Vətəndaşlara verilən aktivlərə nəzarət mexanizmi olaraq geniş alətlərdən istifadə edirik. Ən vacib alət ondan ibarətdir ki, təqdim edilən aktivin foto və video görüntüsü çəkilir, təhvil-təslim aktı, vətəndaş tərəfindən məmnunluğun görüntüsü çəkilir və açıq resursa yerləşdirilir. Bu müddətdən qısa vaxt keçəndən sonra vətəndaş narazılıq edirsə, dərhal sənədlər nümayiş etdirilir. Təəssüf ki, bəzi hallarda neqativ məlumatların yayılması pozitiv məlumatların yayılmasından daha çox olur. Yəni insanlar daha çox neqativi görür. Əminliklə deyə bilərəm ki, 90 faiz hallarda yayılan pozitiv məlumatlar insanlara çatmır.
Digər nəzarət mexanizmləri də var. Misal olaraq, əvvəllər növbəlilik barədə narazılıq vardı. Biz növbəlilik məsələsini bal sistemilə müəyyən etdik. Şəxsin özünüməşğulluğa müraciət etdikdə onun aid olduğu vətəndaş qrupuna müxtəlif ballar verilir və bunun nəticəsində özünüməşğulluq balı müəyyən edilir, növbəliliyi formalaşır. Növbəlilik nəticəsində təlimlərə cəlb edilir və sonradan aktivlərlə təmin olunur. Aktivlərin böyük əksəriyyəti xaricdən gətirilir və bu da müəyyən vaxt tələb edir. Bu da müəyyən narazılıqlar yarada bilir. Əksər hallarda müşahidə edirik ki, verilən aktivlər təyinatı üzrə istifadə olunmur. Belə olan halda aktivlər vaxtından tez korlanır. Agentlik aktivləri təqdim edəndə ona zəmanət də veririk. Bunu da resursa yerləşdiririk. Yaxud da aktivlər verilir, ancaq ümumiyyətlə istifadə olunmur. Bəzi hallarda aktivlər qanunsuz yolla özgəninkiləşdirilir. Adətən vətəndaşlara kənd təsərrüfatı aktivləri verilir və təbii ki, onlara qulluq ciddi şəkildə həyata keçirilməlidir. Kənd təsərrüfatı aktivlərinə müraciət daha çoxdur. Hesab edirəm ki, ən rahat satıla bilən aktivlərə müraciət edilir. Bunu mütəmadi təhlil edirik və həmin aktivləri sıradan çıxarırıq. Misal olaraq, oyun klublarının yaradılması (playstation) aktivləri var idi. Monitorinq zamanı məlum olurdu ki, bu aktivləri istifadə etmirlər, yaxud satırlar. Biz bu aktivi ləğv etdik. Özünüməşğulluq proqramının əsas mahiyyəti odur ki, vətəndaşlar kiçik sahibkara çevrilsin. Bu zaman da aktivlər dayanıqlı olmalıdır. Bakı üzrə kənd təsərrüfatı aktivləri təqdim edilmir, çünki paytaxtda lazımi şərait yoxdur.
- Yaxın vaxtlarda ölkənin məşğulluq xəritəsinin təqdim olunacağını demişdiniz. İşlər hansı mərhələdədir?
- Xəritə artıq hazırdır. Hazırda məlumatların doldurulması və uyğunluğu prosesi həyata keçirilir. Hesab edirəm ki, yaxın bir ay ərzində onun tam ictimai açıqlığını təmin edəcəyik. Burada bütün vətəndaş kateqoriyalarının məlumatları yerləşdiriləcək. Həm dövlət, həm də özəl təşəbbüslər üçün zəruri resursa çevriləcəyinə ümid edirik. Nəticədə istənilən vətəndaş kateqoriyasını ölkənin vətəndaş bazasının içərisindən seçmək, eləcə də istənilən bölgənin demoqrafik göstəricilərini müəyyən etmək mümkün olacaq. Bəzi yerlərdə məktəblərin tikilməsi, yaxud ixtisasların müəyyən edilməsi, hansısa istiqamətdə fabrik, zavodların tikilməsi və digər məsələləri artıq səthi araşdırmalar nəticəsində deyil, daha detallı məlumatlar əsasında formalaşdırmaq mümkün olacaq.
- İşsizlikdən sığorta ilə bağlı işlər necədir? Hansı yeniliklər gözlənilir?
- Keçən ildən müddətli əmək müqaviləsinin bitməsi sığorta halı hesab edilir. Şərtlər də kifayət qədər yumşaldı. Ştaj tələbini azaltdıq, gözləmə müddətinin azaldılması qanun layihəsi təqdim edildi. Ən vacib məsələ prosesin elektronlaşması oldu. Əvvəllər işsizlikdən sığorta ödənişlərinin alınması üçün təxminən 20-ə yaxın sənəd tələb olunurdusa, hazırda heç bir sənəd tələb olunmur. Proses yaxın üç ay ərzində tam elektronlaşdırılacaq ki, müraciətə belə ehtiyac olmayacaq. Bu addımlar işsizlikdən sığorta ödənişi təyinatlarında artıma səbəb olub. Ən azı bu sahədə ödənişin sayını iki qat artırmağa nail olmuşuq. İlin sonuna qədər bu rəqəmi bir az da artırmağı planlaşdırırıq. (Report)