Azərbaycanda əhalinin ən çox baxdığı televiziya kanalı məlum olub.
FED.az xəbər verir ki, bu, “Business İnsight” şirkətinin apardığı sorğuda məlum olub.
Araşdırmanın məqsədi “istehlakçı davranışları” üzrə statistik məlumatları istehsal etmək və il ərzində müqayisəli hesabat hazırlamaqdır.
“Xəzər” TV son zamanlar populyar TV kanalı kimi mövqeyini qoruyur. “Xəzər” TV 35,3%-lə əsas kanal kimi izləndiyi halda, “ATV” bu göstərici üzrə 24,8% səs toplaya bilib. 19% respondent isə ya ümumiyyətlə, TV izləmədiyini, ya da yerli TV-ləri izləmədiyini qeyd edib. 1255 respondentlərdən 1%-i televizorunun olmadığını qeyd edib.
Təhlillər göstərir ki, ilk sırada yer alan “Xəzər” TV və “ATV”nin izləyiciləri arasında xanımlar daha çoxdur (Xəzər TV – kişi 42%, qadın 58%), (ATV – kişi 40%, qadın 60%). Yaş kateqoriyasına baxdıqda “Xəzər” TV-nin auditoriyası “ATV”yə nisbətən daha gəncdir. (Xəzər TV 17/35 yaş 36%, ATV 17/35 yaş 30%).
Sosial Ekonomik Statusu (SES) analizlərinə görə isə, “ATV”nin tamaşaçıları “Xəzər” TV-yə nisbətən daha yüksək statusu malikdirlər (Ailə gəlirlərinə görə, 1000 manatdan yuxarı ailə gəliri olalar “ATV” tamaşaçıları arasında daha çoxdur).
Rəyi soruşulanlardan 5,2%-i “AzTV”yə baxdığını qeyd edib. Sıranı daha sonra 3,8%-lə “ARB” TV, 2,9%-lə “İTV” davam etdirib. Maraqlı göstəricilərdən biri də “Space TV”nin izləyicilərinin “Real TV”nin izləyicilərdən çox olmasıdır. Belə ki, “Space TV” 2,5%-lə altıncı yerdə qərarlaşıb. İzləyici reytinqinə görə, 2,3%-lə “Real TV” yeddinci yerdə olub.
Televiziya verilişlərinin izlənilmə xəritəsindən məlum olub ki, televiziya izlənmə vərdişləri dəyişib. Cənub zonası televizor qarşısında daha çox vaxt keçirməyə başlayıb.
Rəyi soruşulanların 19%-i yerli televiziya kanallarına baxmadığını deyib. Yerli kanallara baxmayanlar Bakı və Sumqayıt şəhərlərində üstünlük təşkil edib (25%). Gəncə-Qazaxda yerli televiziyalara baxanların 12% təşkil edib. Lənkəran-Astarada isə əhalinin 93%-i yerli kanallara baxır.
Qeyd edək ki, sorğu Azərbaycanda ümumilikdə 8 şəhər və rayonda aparılıb. 1255 respondent arasında keçirilən sorğu iştirakçıları təsadüfi seçilib. Respondentlərin orta yaş həddi 43, yarısı kişi, yarısı qadından ibarətdir. Respondentlərin 45,6%-i orta təhsilli, 18,3%-i orta ixtisaslı, 36,1%-i isə ali təhsilli olub.