Vaxt itkisi və viza stresi olmadan xaricə səyahət etmək hər kəsin arzusudur. Tez-tez xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları isə ölkədə tətbiq olunan tək pasportlu sistemə görə bəzi problemlərlə üzləşirlər. Məsələn, viza almaq üçün hər hansı dövlətin səfirliyinə xarici pasportunu verən şəxs viza alma proseduru gedən müddətdə təcili də olsa başqa bir ölkəyə səfər etməsi mümkün olmur. Digər problem möhür vurulan səhifələrinin dolduğu səbəbi ilə xarici pasportu dəyişən zaman aktiv olan vizaların itmə ehtimalı ilə bağlıdır.
FED.az qeyd edilən problemlə bağlı araşdırmanı təqdim edir:
Bəzi xarici dövlətlərdə vətəndaşların rahatlığı üçün onlara iki pasport verilir. Bir neçə pasportlu sistemin tətbiq edilməsində məqsəd isə təbii ki, müasir dövrdə insanların işlərini asanlaşdırmaqdır. Pasportunu hansısa prosedur üçün müvafiq dövlət orqanına və ya viza almaq üçün hansısa ölkənin səfirliyinə təqdim edən şəxs bu müddət ərzində digər pasportu ilə işlərini davam etdirir, səyahətinə gedə bilir.
Azərbaycanla həmsərhəd olan Rusiya və Türkiyə ikipasportlu rejimi artıq tətbiq edir. Rusiyada əmək fəaliyyəti ilə əlaqədar xarici ölkələrə tez-tez gedib-gələn Rusiya vətəndaşları eyni müddətə iki xarici pasport ala bilirlər. Qanun layihəsinin müəlliflərinin fikrincə, ikinci xarici pasport bir səfərə çıxan zaman digər ölkəyə səfər məqsədilə viza almaq üçün sənədləri konsulluğa təhvil verərkən, eləcə də aralarında münaqişə olan ölkələrə səfər edərkən lazım olur. Bundan əlavə, ikinci pasportun verilməsi Rusiya federal büdcəsinin gəlir hissəsinin artmasına səbəb olur.
Azərbaycanda isə vəziyyət fərqlidir, ölkədə hələ də birpasportlu sistem tətbiq olunur.
Xarici pasportla bağlı yaranan bir problem də möhürlə dolan pasportun dəyişilməsi məsələsidir ki, bu zaman köhnə pasportda olan etibarlılıq müddəti bitməyən vizaların taleyi qeyri-müəyyən qalır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, ümümvətəndaş pasportu verilən zaman köhnə vəsiqədə etibarlılıq müddəti bitməyən viza olduqda pasportun ilk səhifəsi yararsız hala salınıb vətəndaşa geri verilir: "Ümümvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi üçün qeydiyyat ünvanından asılı olmayaraq vətəndaşlar istənilən ASAN xidmət mərkəzlərindən birinə müraciət edə bilərlər".
Hüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli "Report"a açıqlamasında bildirib ki, şəxsiyyəti təsdiq edən sənəd, pasport daim məxsus olduğu şəxsin üzərində olmalıdır: "Şəxsin birdən çox pasportunun olması onun fərqli yerlərdə istifadə olunma ehtimalı yarada bilər. Hökumət bu səbəbdən ikipasportlu sistemin tətbiq olunmasına icazə vermir. Təbii ki, alternativlər həmişə var. Viza üçün müraciət edərkən təcili lazım olması ilə bağlı əsaslı məlumat verdikdə, onun tez zamanda hazır olması mümkün olur, yəni viza daha sürətli verilir. Azərbaycanda viza üçün maksimum müddət iki həftədir, amma təcili lazım olduqda iki gün içində də almaq olur. Viza proseduru səbəbindən yaranan problemlər düzgün planlaşdırılma olmadıqda baş verir".
Ə.Məmmədlinin sözlərinə görə, ikipasportlu sistem tətbiq edilmək əvəzinə ölkənin elektron sistemində şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkün olsa, o zaman bu problem daha tez həll olunar: "Yəni, şəxsiyyət vəsiqələri beynəlxalq sistemə inteqrasiya olunsa səyahət etmək daha rahat olar".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli "Report"a açıqlamasında bildirib ki, pasport və vəsiqə şəxsiyyəti müəyyən etdiyi üçün mütləq şəxsin üzərində olmalıdır: "Bəzən müəyyən zəruri məsələlər, xüsusən xarici səfərlərlə bağlı pasportlar vacib dövlətlərin aidiyyəti qurumlarında, təşkilatlarda və s.-də saxlanılır. Əlbəttə ki, bu zaman şəxsin hüququ pozulur. Vətəndaşın şəxsiyyət vəsiqəsi üzərində olmur, lazımi tədbirləri həyata keçirə bilmir".
Onun sözlərinə görə, bir sıra dövlətlərdə belə qadağalar yoxdur: "Bəzi dövlətlərin qanunvericiliyində müəyyən edilib ki, insanlara bir neçə sənəd vermək olar. Hətta bəzən görmək olar ki, şəxsin üzərində 4-5 ədəd pasportu olsun. Digər ölkələrdə insanların üzərində ən azı iki xarici pasport olur. Vəsiqələrə elektron nəzarət qoyulduğu üçün, bir neçə sənədin olmağı heç bir problem yaratmır. Pasportlar bir-birinin sürəti kimi, yəni eyni olduğuna görə, cinayətkarlıq və axtarışla bağlı qorxu törətmir. Azərbaycanda hələlik bu sistem yoxdur. Təbii ki, bu sistemin Azərbaycanda tətbiqi çox yaxşı olardı, heç bir təhlükəsi də yoxdur. Çünki Azərbaycanda şəxsiyyətin müəyyən edilməsi ilə bağlı vahid elektron sistem var".