Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən ərazilərdə geniş sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Artıq bununla bağlı tədbirlər üçün təkliflərin hazırlanmasına başlanılıb.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin oktyabrın 31-də bu gün keçirilən Kollegiya iclasında bildirib.
Nazir deyib ki, hər il genişlənən sosial müdafiə və aktiv məşğulluq proqramlarında məcburi köçkünlərə də üstünlük verilib. Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunacaq.
Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramından istifadə olunacaq.
Nazir bildirib ki, azad edilən ərazilərdə DOST mərkəzləri, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələri yaradılacaq. Hazırda bununla bağlı layihələndirmə işləri aparılır.
S.Babayev deyib ki, ölkədə hərbi vəziyyət olsa da, əmək, məşğulluq, sosial müdafiə sahəsində problem yoxdur. Pensiya, müavinət və təqaüdlər, sosial yardımlar vaxtında ödənilir,
Hökumət iş yerlərində ixtisarların olmamasına da nəzarət edir. Bu nəzarət elektron sistem üzərindən həyata keçirilir. İşçilərin işdən əsassız yerə, ciddi səbəb olmadan çıxarılması halı baş verəındə işəgötürənlərlə danışıq aparılır və belə halların qarşısı alınır.
S.Babayev xatırladıb ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam edir. Bu il həmni şəxslərə 710 mənzil və fərdi ev verilib, ilin sonunadək bu rəqəm 1500-ə çatacaq.
Nazir deyib ki, pandemiya dövrü bir sıra məhdudiyyətlər yaratsa da, bu ilə nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də mənzillə və avtomobillə təminat, özünüməşğulluq proqramları, elektronlaşdırma proqramı davam edəcək, ilin sonunadək yeni e-xidmətlər işə salınacaq, yeni reabilitasiya müəssisələri istifadəyə veriləcək.
İclasda hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub və Kollegiya tərəfindən həmin standartların təsdiq edilməsi qərara alınıb.