Bir ildən çoxdur davam edən pandemiya şəraitini nəzərə alaraq, Media Təhlil Mərkəzi (MTM) tərəfindən 17-21 may tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.
Eləcə də bax: Əhalinin 15%-i hər gün taksidən istifadə edir - ARAŞDIRMA - QRAFİK
FED.az xəbər verir ki, sorğunun nəticələrindən məlum olub ki, respondentlərin 33,6%-nin aylıq gəliri 200-500 AZN aralığındadır.
Aylıq qazancı 500-700 AZN olanlar iştirakçıların 13,4%-ni təşkil edir. Cavab verənlərin 8,6%-i ayda 700-1000, 15,6%-i 1000 AZN-dən çox qazandığını, 28,8%-i isə gəlirinin olmadığını bildirib.
Sorğuda iştirak edən kişilərin 28, qadınların isə 41 faizinin aylıq gəliri 200-500 AZN-dir.
Respondentlər sorğuda iştirak etməklə aylıq xərclərini də açıqlayıblar. Belə ki, cavab verənlərin 64%-i ay ərzində 200-500 AZN, 14,4%-i 500-700 AZN, 9,7%-i isə 700-1000 AZN xərclədiyini söyləyib. Ay ərzində 1000 AZN-dən çox vəsait xərcləyənlər iştirakçıların 11,9%-ni təşkil edib.
Sorğuda iştirak edən kişilərin 59, qadınların 71 faizi ay ərzində 200-500 AZN xərcədiklərini qeyd ediblər.
Təqdim edilən sualla respondentlərin ay ərzində ən çox nəyə pul xərclədiyini müəyyənləşdirmək olub. Bir neçə cavab variantını seçmək imkanı olan iştirakçıların fikirləri aşağıdakı kimidir:
Ərzaq məhsulları – 82,3%;
Kommunal xidmətlər – 47,6%;
Nəqliyyat – 46,9%;
Geyim və ayaqqabı – 35,3%;
Təhsil – 26,5%;
Tibbi xidmətlər və dərman – 25,6%;
Kafe və restoran – 22,9%;
Parfüm və kosmetik vasitələr – 8,2%;
İçki və tütün məhsulu – 7,4%;
Məişət texnikası – 4,2%;
Turizm və səyahət – 3,3%.
Respondentlərin 60,3%-i yalnız zəruri ehtiyaclarına pul xərcləməklə aylıq gəlirlərinə qənaət etdiyini vurğulayıb. Cavab verənlərin 9,8%-i aylıq qazancının müəyyən hissəsini xərclədiyini qeyd edib.
Pul yığdığı üçün qənaət edənlər sorğu iştirakçılarının 12,2%-ni, qənaət etməyənlər isə 17,7%-ni təşkil edib.
Respondentlərin 21,7%-i aylıq xərclərinin qeydiyyatını apardığını, 48,5%-i yadında saxladığını, 29,8%-i isə ümumiyyətlə xərclərini hesablamadığını bildirib.