Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müavini Ceyhun Salmanov ASAN Xidmət-in işində gözlənilən yenilikləri açıqlayıb.
Onun sözlərinə görə, Agentliyin inkişaf etdirmək niyyətində olduğu sahələrdən biri Proaktiv xidmətlərin genişləndirilməsidir.
Bunun üçün “myGov” konseptinin genişləndirilməsi və daha çox vətəndaş məlumatlarının şəxsi kabinetdə formalaşdırılması, daha çox məlumata çıxışın təmin edilməsi, arayışların sayının artırılması, ağıllı bildiriş sisteminin daha çox xidmətə tətbiqi üzərində işlər aparılır. Vətəndaşların ”myGov” platforması üzərindən dövlət orqanlarına sorğuların göndərilməsi və müvafiq elektron cavabların alınması prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. “myGov” platforması vasitəsilə vətəndaşlar özləri barədə məlumatların dəqiqləşdirilməsi, dövlət orqanlarına müvafiq məlumatlarda düzəlişlərin və əlavələrin edilməsi barədə sorğular göndərə bilirlər.
Yeni ideyalar toplanır və tətbiq edilir
Ceyhun Salmanov bildirib ki, dövlət orqanlarının fəaliyyəti və yeniliklər barədə vətəndaşların rəy və təkliflərinin əldə edilməsi, mövcud problemlərə dair həll yollarının tapılması məqsədilə “Vahid İdeya Bankı” platforması istifadəyə verilib. İndiyədək İdeya Bankı üzərindən 25-dən çox müxtəlif məzmunlu müsabiqə keçirilib və 7 minə yaxın ideya qəbul edilib ki, onlardan 700-dən çoxu reallaşdırılıb və ideya qaliblərinə mükafat verilib.
«ASAN Xidmət»lər daha da sadələşəcək
Sədr müavini bildirib ki, hazırda əsas çağırışlardan biri “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin daha da sadələşdirilməsi və izafi addımların aradan qaldırılmasıdır: «Biz hazırda mərkəzlərdə yeni texnologiyaların tətbiqi istiqamətində işlər aparırıq. Bildiyiniz kimi vətəndaşların mərkəzlərə gəlmədən xidmətlərə növbə tutması və növbəni rahat şəkildə idarə etməsi üçün “ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Vətəndaşlar mobil tətbiq vasitəsi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilərlər. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq və müvafiq mərkəzi seçmək imkanı da yaradılıb».
Təqdim olunan “Növbəni izlə” funksional bölməsi vasitəsi ilə vətəndaşlar növbə üzrə müraciətlərinin statusu ilə tanış ola bilər, həmçinin müraciətlərindən imtina edə və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər. Bir çox vətəndaşlar tərəfindən maraqla qarşılanan bu layihə hazırda daha da inkişaf etdirilir.
Bununla yanaşı mərkəzlərdə dövlət qurumları tərəfindən göstərilən xidmətlərin prosedurlarının təhlil edilməsi və sadələşdirilməsi ilə bağlı aidiyyatı dövlət qurumları ilə birgə işlər aparılır.
Süni intellekt texnologiyası tətbiq ediləcək
ASAN-ın süni intellekt obrazının yaradılması və süni intellekt əsaslı məhsullarının hazırlanması həyata keçirilir. Süni intellekt texnologiyalarının tətbiqi ilə Dövlət Agentliyinin “Çağrı Mərkəzi” tərəfindən vətəndaşların müraciətlərinin cavablandırılması prosesinin avtomatlaşdırılması üzrə işlər görülür. Eyni zamanda maşın öyrənmə alqoritmi əsasında “ASAN xidmət” mərkəzlərində mövcud olan təhlükəsizlik kameralarının ağıllı qurğulara çevrilməsi və “əşyaların tanınması”, “emosiyaların müəyyən edilməsi”, “ vətəndaş axınının sayının və izlənilməsinin təşkili” kimi funksionallıqların təmini nəzərdə tutulur.
Həmçinin, Əşyaların interneti texnologiyasının ölkədə tətbiqi və bu sahədə yerli məhsulların yaradılması istiqamətində fəaliyyət nəzərdə tutulur. Dövlət Agentliyinin «INNOLAND» Inkubasiya və Akselerasiya mərkəzində əşyaların interneti tətbiqi nəticəsində ictimai xidmətlər sahəsində yeni qurğu və avadanlıqlar, idarəetmə platformaları yaradılacaq. INNOLAND tərəfindən mühüm ictimai əhəmiyyət kəsb edən sahələrdə ağıllı həllərin hazırlanması üzərində iş aparılır.
«ASAN Xidmət» də yeniliklər gözlənilir - DETALLAR
16:24
15 Avq 2019