Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib. FED.az xəbər verir ki, məhkəmə bu dəfə A.Əliyevin və “Caspian Service” MMC-nin şikayətləri üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu araşdırıb.
Araşdırma zamanı məlum olub ki, bu mübahisənin tarixi 15 il bundan əvvələ gedib çıxır. 2004-cü ilin aprelin 1-də «Aran Qala» MMC ilə «Caspian Service» MMC arasında müqavilə bağlanılıb. Həmin müqavilə ilə «Aran Qala»nın Beyləqan rayonu Allahyarlı kəndində yerləşən kərpic zavodu 3 il müddətinə aylıq icarə haqqı 17 min dollardan «Caspian Service»ə icarəyə verilib.
Qeyd edək ki, «Caspian Service» ili tikinti şirkətidir və kərpicə böyük ehtiyacv vardı. Ola bilsin ki, zavod da məhz ona görə icarəyə götürülüb.
Amma məsələ icarə ilə bitməyib. 2008-ci ilin 28 fevralında «Aran Qala»nın təsisçisi və sahibi Ə.Hüseynov MMC-nin nizamnamə kapitalındakı 100% payını «Caspian Service» MMC-nin təsisçisi A.Əliyevə satıb. Amma Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2009-cu il tarixli qətnaməsi ilə həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilib.
Sonradan “Aran Qala” MMC “Caspian Service” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qarşı tərəfdən 2 milyon 40 min dollar məbləğində icarə haqqı borcunun alınmasını və icarəyə verilmiş zavodun geri qaytarılmasını tələb edib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 avqust 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mübahisəli kərpic zavodunun “Caspian Service” MMC-dən alınaraq icarəyə verən “Aran Qala” MMC-yə təhvil verilməsi qət edilmiş, icarə haqqının ödənilməsi tələbi isə təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə “Aran Qala” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası da bu qərarı dəyişməyib və 15 mart 2016-cı il tarixli qərarı ilə “Aran Qala” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Beləliklə, tərəflər arasında mübahisəli kərpic zavodu ilə bağlı qeyd olunan məhkəmə çəkişməsi yalnız həmin zavodun mülkiyyətçinin sahibliyinə qaytarılmasının təmin edilməsi, icarə haqqının ödənilməsi tələbinin rədd edilməsi ilə nəticələnmiş, məhkəmə aktı icra olunmamışdır.
Həmçinin iş materiallarından görünür ki, A.Əliyev cavabdeh “Aran Qala” MMC-yə, 3-cü şəxs Beyləqan rayon İcra şöbəsinə qarşı 1 yanvar 2008-ci il tarixindən 2015-ci ilin iyun ayına kimi, sonrakı ödənilmiş aylar da nəzərə alınmaqla zavodun mühafizəsi üçün 48 855 manat əmək haqqı kimi verilmiş vəsaitin ona qaytarılması barədə iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Daha sonra “Aran Qala” MMC yenidən “Caspian Service” MMC-yə qarşı kərpic zavodunun qanunsuz sahiblikdə və istifadədə saxlanıldığı 1 may 2007-ci ildən 1 may 2017-ci ilədək olan dövr üçün dəymiş ziyana görə 2.040.000 ABŞ dolları məbləğində pulun və zavodun bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi üçün 450.000 manat pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
İş üzrə məhkəmə icraatı zamanı “Caspian Service” MMC-nin təsisçisi A.Əliyev cavabdeh tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə “Aran Qala” MMC-nin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qətnaməsi ilə “Caspian Service” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
«Aran Qala» MMC istəyinə 2018-ci ildə çatıb. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarı ilə “Aran Qala” MMC-nin kassasiya şikayəti qismən təmin edilib. Yəni apellyasiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, «Caspian Service» MMC-dən onun təsisçisi olan A.Əliyevin vəsaiti hesabına 391 000 ABŞ dolları və 450 000 manat məbləğində pul vəsaitinin «Aran Qala» MMC-nin xeyrinə tutulması qərara alınıb.
Nəticədə bu dəfə A.Əliyev və «Caspian Service» MMC Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin sözügedən qərarının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edib.
Şikayətlər onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 52 və 87-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, həmin Məcəllənin 705-ci maddəsi tətbiq edilməli olmadığı halda tətbiq edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 57 və 82.3-cü maddələrinin tələblərinə əməl olunmamış və həmin Məcəllənin 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə ərizəçilərin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində, 59-cu maddəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur.
İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, “Aran Qala” MMC-nin “Caspian Service” MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair işə baxarkən kassasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2016-cı il tarixli qərarının 2.040.000 ABŞ dolları məbləğində icarə haqqının tutulmasının təmin edilməməsi hissəsində preyudisiallığını nəzərə alaraq iddianı 2007-ci ildən 2014-cü ilədək müddətdə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində təmin etməmişdir. Həmçinin məhkəmə belə qərara gəlmişdir ki, mübahisəli kərpic zavodu 2014-cü ilin may ayından 2016-cı ilin mart ayına qədər, yəni 23 ay ərzində iddiaçının sərəncamında olmamışdır. Bu səbəbdən məhkəmə həmin dövr üçün 391.000 ABŞ dolları məbləğində pulun (aylıq 17.000 ABŞ dolları olmaqla) tutulmalı olması qənaətinə gəlmişdir. Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası belə qənaətə gələrkən tərəflər arasında olan mübahisəli zavodun mühafizəsi üçün əmək haqqı kimi verilən vəsaitin geri qaytarılması tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qərarı ilə mübahisəli kərpic zavodunun 2008-ci ildən 2015-ci ilin iyun ayınadək A.Əliyevin istifadəsində olmadığı, ondan hər hansı fayda əldə etmədiyi, həmin əmlakın həbsdə olması səbəbindən, sadəcə icra məmurunun tapşırığı əsasında əmlakın mühafizəsini həyata keçirdiyi faktının müəyyən edildiyini nəzərə almamışdır.
Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının preyudisiallığını nəzərə almayaraq Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin, eləcə də həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqeləri ilə uzlaşmayan qərar qəbul etmişdir.
Konstitusiya Məhkəməsi izah edir ki, Mülki Məcəllənin 52-ci maddəsinə görə, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
Lakin hazırk iş üzrə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iddia tələbinin təmin edilməsinə dair qəbul etdikləri məhkəmə aktlarında tələb olunan pulun cavabdeh “Caspian Service” MMC-dən tutulmasını qət etsələr də, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən dəyişdirərək pul vəsaitinin “Caspian Service” MMC-dən onun təsisçisi olan A.Əliyevin vəsaəti hesabına tutulmasını qərara almışdır.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Mülki Məcəllənin 52 və 87-ci maddələrinin tələblərinə zidd olaraq, mövqeyini əsaslandırmadan məsuliyyətin hüquqi şəxsin təsisçisinin üzərinə qoyulması ilə nəticələnən qərar qəbul etmişdir. Halbuki, Mülki Məcəllənin 52 və 87-ci maddələrinin məzmununda məhdud məsuliyyətli cəmiyyətin təsisçisi ilə cəmiyyət arasında öhdəliklərə görə məsuliyyətin hədləri dəqiq müəyyən edilmiş, hüquqi şəxsin təsisçinin öhdəliyinə, təsisçinin isə hüquqi şəxsin (nizamnamə payına qoyulmuş maya həddindən artıq) öhdəliyinə görə məsuliyyət daşımadığı birmənalı göstərilmişdir.
Ali Məhkəmə Mülki Prosessual Məcəllənin bir sıra normalarının da pozub. Belə ki, Məcəllənin 57-ci maddəsinə əsasən, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin üzərinə hər hansı bir vəzifə qoyulması və ya üçüncü şəxsin digərlərindən tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər prosesin tərəfi olmadığından onların üzərinə iddiadan irəli gələn vəzifələr qoyula bilməz.
İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, “Caspian Service” MMC-nin təsisçilərindən olan A.Əliyev iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb olunmuşdur. A.Əliyevə qarşı iddiaçı tərəfindən hər hansı tələb irəli sürülmədiyi halda kassasiya instansiyası məhkəməsi təsisçisi olduğu hüquqi şəxsə yönəlmiş tələbin onun vəsaiti hesabına ödənilməsinə dair qərar qəbul etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Mülki Prosessual Məcəllədə kassasiya instansiyası məhkəməsinin öz təşəbbüsü ilə məhkəmə aktlarının mübahisələndirilməyən hissəsinin qanuniliyinin yoxlanılması səlahiyyəti nəzərdə tutulmamışdır. Bu baxımdan, kassasiya məhkəməsinin öz təşəbbüsü ilə qərarı mübahisələndirilməyən hissədə yoxlaması Konstitusiyanın 60-cı və Mülki Prosessual Məcəllənin 4-cü maddələrindən irəli gələn dispozitivlik prinsipinə ziddir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının belə mövqeyi, həmçinin Mülki Prosessual Məcəllənin 416-417-ci maddələrinin tələblərindən kənara çıxma kimi qiymətləndirilməlidir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Aran Qala” MMC-nin “Caspian Service” MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416 və 417.1.4-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərara uyğun olaraq mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.