Bu yazıdan biləcəksiniz:
- CARGO sığorta nədir? Terminin etimologiyası;
- Daşınan yükləri sığortalamaq niyə vacibdir?;
- Yük sığortası müqaviləsi bağlayarkən nələrə xüsusi diqqət ayırmaq lazımdır?
- ICC (Institute Cargo Clauses) - Beynəlxalq yük sığortası qaydaları haqqında;
- Beynəlxalq Ticarət Palatası, incoterms və yük sığortası;
- Azərbaycanda yük sığortasının cari durumu və inkişaf imkanları
Yük sığortası kimi kifayət qədər geniş mövzunu bir yazıda tam əhatə etmək nə qədər də çətin olsa, biz, yalnız ən vacib məqamlara qısa toxunmaq şərtilə bunu etməyi lazım bildik. Çünki, tələbələrimiz də, gənc sığorta mütəxəssisləri də sahəni öyrənmək üçün fərqli mənbələrə baş vurmağa, bir qayda olaraq, tənbəllik edirlər.
“Cargo” sığorta nədir?
Yük sığortası dünya sığorta bazarında ən çox tətbiq edilən sığorta növlərindən biridir. Bu, beynəlxalq sığorta biznesində daha çox Karqo (Cargo) sığorta kimi tanınır. Sözün etimologiyası da maraqlıdır. Belə ki, “Cargo” qədim Latın dilində “carcar” (yükləmək) və “carricare” (arabaya və ya vaqona yükləmək) sözlərindən yaranmışdır. “Cargo” latın mənşəli müasir ispan dilində də “yük” mənasını verir. Oxford lüğətinə görə “cargo” gəmi, təyyarə və yerüstü nəqliyyat vasitələri ilə daşınan yük və malları nəzərdə tutur. Bu termin ilk dəfə 1657-ci ildə işlədilmiş və indi bütün dünya sığortaçıları tərəfindən beynəlxalq termin kimi istifadə olunur və anlaşılır. Ümumiyyətlə, yük sığortası əmlak sığortası növlərindən biridir. Yüklərin sığortası daşınma prosesində müxtəlif növ sığorta hadisələri nəticəsində yük sahiblərinin əmlak mənafelərinin müdafiəsi məqsədilə dəymiş zərər və itkilərə görə sığorta təminatının verilməsini nəzərdə tutur. Hazırda bu, ən sabit və ən zərərsiz sığorta növlərindən hesab edilir. Lakin onu da unutmaq olmaz ki, qlobal istiləşmə və onun nəticəsində artan ağır katastrofik hadisələr ehtimalı yük sığortasına da mənfi təsir göstərməkdədir. Belə ki, Qara dəniz və Aralıq dənizi bölgələrində məlum konfliktlər (Yaxın Şərq ölkələrində, o cümlədən, Suriya, Liviya və s., habelə Rusiya-Ukrayna cəbhəsində hərbi gərginliklər) Şərq-Qərb istiqamətində və əksinə yükdaşıma marşrutlarının seçilməsində təbii çətinliklər yaradır.
Daşınan yükləri sığortalamaq niyə vacibdir?
Yük sığortası iş adamının mallarını zərər və itkilərdən, habelə gecikmədən qorumaqla, bütövlükdə onun bu sahəyə yatırmış olduğu sərmayəni də qorumuş olur. Yük sığortası olmadan, bütün yüklərin daşınması, saxlanılması və yenidən başqa mərkəzə nəql edilməsi riski şəraitdən asılı olaraq, yük sahibinin (yükgöndərənin) və ya alıcının üzərinə düşmüş olardı. Yük sahibi olan sahibkarın nə qədər tədbirli və ehtiyatlı olmasına baxmayaraq, o, öz yükünün saxlanması və ya daşınması ilə bağlı gözlənilməz hadisələrlə qarşılaşa, ciddi maliyyə itkisinə məruz qala bilər. Yüklərin təhlükəsiz və vaxtında çatdırılması, öz biznesini bu sahədə qurmuş hər bir kəsin əsas məqsədidir. Lakin sığortaya sərmayə qoymadan bu məqsədə çatmaq, davamlı, stabil, dinamik artan və etibarlı biznes qurmaq əsla mümkün deyildir.
Yük sığortası üzrə beynəlxalq Qaydalara əsasən təminat verilən sığorta riskləri üç qrupa bölünür: 1) bütün risklərə görə; 2) xüsusi qəza riskinə görə; 3) qəza halı istisna olunmaqla, dəyən zərərlərə görə
Hazırda ən çox tələb olunan təminat “bütün risklərə görə” verilən sığorta təminatıdır. Bu halda sığorta xərclərinin aşağı olması səciyyəvidir, çünki fərqli risklərə görə ayrı-ayrılıqda təminat almaq bundan baha başa gələ bilərdi.
Yük sığortasına tələbatın az olmasının səbəblərindən biri də yükdaşıyıcıların məsuliyyətinin sığortasına hədsiz inamla bağlıdır. Belə ki, yük sahiblərinin çoxu hesab edirlər ki, bir halda ki, daşıyıcıların məsuliyyəti sığortalanıb, o zaman zərər istənilən halda ödəniləcək. Lakin unutmaq olmaz ki, bu növ sığorta ilə bəzi risklərə görə tam təminat verilmir. Digər tərəfdən, müvafiq beynəlxalq konvensiyalarda bu sığortaya məhdudlaşdırıcı müddəalar nəzərdə tutulmuşdur. Bundan başqa, gələcəkdə, zəruri hallarda yükdaşıyıcı tərəfindən məhkəmə qərarını icra etmək imkanı və həvəsi də sual altındadır.
Yükdaşıma Təhlükəsizliyi Şurasının məlumatına görə hazırda daşınan yüklərlə bağlı zərər və itkilərə görə qlobal maliyyə itkisi 50 milyard dollardan çoxdur. Yükdaşıyıcıların məsuliyyət sığortası üzrə isə itirilmiş yükün hər funtu üçün ödəniş yalnız 2 dolları əhatə edir. Bu isə o deməkdir ki, sığorta hadisəsi baş verərsə, siz, 1000 funt yükə görə yalnız cəmi 2000 dollar dəyərində qazanc əldə edəcəksiniz.
Bütün bunlardan o nəticə çıxır ki, sizin verəcəyiniz yeganə düzgün qərar sığortaya qoyulan sərmayəni kəsməməklə bağlı olmalıdır. Məşhur iş adamı Con Rokfellerin bir zaman söylədiyi kimi: “Heç vaxt reklam, təhlükəsizlik və sığorta xərclərini kəsməyin və işləriniz uğurlu gedəcək”.
Yük sığortası müqaviləsi bağlayarkən nələrə xüsusi diqqət ayırmaq lazımdır?
Yük sığortası qaydaları bir sıra digər sığorta növləri ilə müqayisədə daha geniş, əhatəli və təfərrüatlarla zəngindir. Təcrübəli yük sığortaçıları İnstitute Cargo Clauses-də bu sığorta ilə bağlı hər bir məqamın necə detallı şəkildə təsrif olunduğundan xəbərdardırlar. Yük sığortası müqaviləsinin bağlanmasına görə məsul olan şirkət nümayəndəsi müvafiq qaydalarla, o, nə qədər geniş olsa belə, tanış olmalı, o cümlədən, sığorta müqaviləsinin bütün şərtlərinə ciddi əməl etməlidir. Lakin o, bəzi müddəaların klassifikasiyasına xüsusilə diqqətlə yanaşmalıdır. Belə ki, həmən o, bəzi müddəalara etinasızlıq gələcəkdə daha çox ziddiyyət yarada və tərəflər arasında mübahisələrə səbəb ola bilər: 1) Müqavilənin preambulası – bu bənddə sığortaçı tərəfindən müqaviləni imzalayacaq şəxsin kimliyi dəqiqləşdirilməlidir. Bu çox vacibdir. Əgər burada uyğunsuzluq aşkar edilərsə, müqaviləni imzalayan şəxsin dərhal dəyişdirilməsi tələb edilməli və ya müqavilənin bağlanmasından imtina edilməlidir. 2) Sığorta ərazisi, yükün hansı marşrut və ya yollarla daşınması və daşınma üsulu da müqavilənizin vacib məqamlarıdır. Əgər müqavilədə bunları göstərməyi unutmusunuzsa, bu barədə dərhal sığortaçıya məlumat verməli və dəyişiklik məqsədilə müqaviləyə əlavə tərtib etməlisiniz. 3) Sığorta hadisəsi, sığorta riskləri – bunlar müqavilənin ən vacib bəndləridir. Belə ki, yükünüzün hansı təhlükə və təsadüfi hadisələrdən sığortalanması məhz bunlardan asılıdır. 4) Sığorta təminatından istisnalar – bu bənd sığorta riskləri olan maddə qədər vacibdir, çünki bu, sığorta təminatına hansı məhdudiyyətlərin tətbiq edildiyini göstərir. 5) Franşiza – onun həcminə, eyni zamanda ayrı-ayrı daşımalara, yoxsa, müqavilədə göstərilən ümumi məbləğə tətbiq edildiyinə diqqət yetirilməlidir. Şərtli və ya şərtsiz fransıza olduğuna diqqət ayrılmalıdır. 6) Müqavilənin qüvvədə olma müddəti və sığorta müddəti. Məsələn, müqavilənin qüvvədə olma müddəti, bir qayda olaraq, düz bir il göstərilir, lakin sığorta müddəti fərqli ola bilər: məsələn, yükləmənin başlandığı andan, və yaxud, nəqliyyat vasitəsinin hərəkətə başlaması anından və s. 7) Nəhayət, müqavilədə “Əlavə şərtlər” adı altında bir bəndin də verilməsi mümkündür. Bu şərtlər əksər hallarda müqavilənin lap sonunda yerləşdirilir və onların nəzərdən qaçırılması mümkündür. Amma heç bir halda onları gözdən qaçırmaq olmaz, ən azı ona görə ki, burada sizin üçün heç də xoş olmayan bəzi “hiyləgər” müddəalar əks etdirilmiş ola bilər.
İnstitute Cargo Clauses (İCC), Beynəlxalq Yük Sığortası Qaydaları haqqında
Dünya iqtisadiyyatının inkişaf tendensiyası, qloballaşma və iqtisadi inteqrasiya proseslərinin intensivləşməsi yük sığortasına tələbatın artmasını şərtləndirir. Bu sığorta növü kifayət qədər mürəkkəb və geniş klassifikasiya olunan qaydalarla tənzimlənir. Hətta bəzi sığortaçılar öz Qaydaları ilə yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, xarici ticarətdə ‘İnstitut Cargo Clauses’ kimi tanınan Beynəlxalq Yük Sığortası Qaydalarına da istinad edirlər və ya etməli olurlar. Daha doğrusu, ölkədaxili daşımalar istisna olmaqla, bütün beynəlxalq ticarət və daşımalarda ‘İnstitute Cargo Clauses’ müddəaları tətbiq edilir. Müəllif hüququ 2009-cu ildən Lloyds Market Assosiasiyası (LMA) və London Beynəlxalq Anderraytinq Assosiasiyasına (LUA) məxsus olan həmin Qaydaların A, B və C variantları (müddəaları) xarici ticarətdə çox geniş yayılmışdır. Hər bir variant sığortaçının müxtəlif risk dərəcələrinə görə məsuliyyətinin həddini müəyyənləşdirməklə, sığortalıların müxtəlif səviyyədə müdafiəsini təmin edir.. Bu prinsiplərin qısa şərhini vermək nə qədər çətin olsa da, bunu etməyə çalışaq: Məsələn, Qaydaların ‘A’ hissəsinə əsasən daşınan yükə görə, bir sıra istisnaların nəzərə alınması şərtilə bütün risklərə görə təminat verilir. ‘B’ hissəsinə görə daşınan yüklərə yalnız siyahısı sığorta müqaviləsində qeyd olunmuş risklərə görə təminat verilir. Qaydaların ‘C’ hissəsinə görə isə xüsusi qəza hallarında məsuliyyətə görə riskinə əsasən gəmi, o cümlədən hava gəmisi və ya digər nəqliyyat vasitələri qəza, toqquşma, yanğın və ya partlayış nəticəsində tam və ya qismən zərər və itkilərə məruz qaldıqda ödəniş nəzərdə tutulur. Bütün hissələrdə çoxsaylı xüsusi istisnalar nəzərdə tutulur və unutmaq olmaz ki, bu istisnalar bir növ ‘ICC’-nin məşhur üç müddəalar toplusunun (A, B, C) mayasında dayanır və məğzini təşkil edir. Beləliklə, İCC müddəalar toplusunun A hissəsi daha geniş və hərtərəfli, B və C hissəsinə daxil olan müddəaları isə ona nisbətdə daha aşağı təminat səviyyəsini nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, bu Qaydalara istinad edilməsi sonradan risklərin təkrarsığortada yerləşdirilməsində sığortaçıların əlavə problemlərdən qurtulmasına da kömək edir. Çünki xarici təkrarsığortaçılar yalnız həmin Qaydaları tanıyır və onu rəhbər tuturlar. Digər tərəfdən, sığortaçıların maliyyə təhlükəsizliyi və müştərilərin mənafelərinin daha dolğun təmin edilməsi baxımından da bu əhəmiyyətlidir və yeganə düzgün seçim kimi dəyərləndirilməlidir..
Beynəlxalq Ticarət Palatası, incoterms və yük sığortası
Dünya ticarətini asanlaşdırmaq üçün Beynəlxalq Ticarət Palatası (İCC) rəsmi olaraq beynəlxalq kommersiya şərtləri kimi tanınan inkoterms (incoterms – international commercial terms/beynəlxalq kommersiya terminləri) toplusunu dərc edir. Qlobal səviyyədə tanınan inkoterms satıcı və alıcıların öhdəliklərini aydınlaşdırmaqla xarici ticarət müqavilələrində mümkün çaşqınlıqları və ya anlaşılmazlıqları aradan qaldırır. İnkoterms əksər hallarda su üzərindən daşımalara tətbiq edilir.
İnkoterms-də sığortaya da aidiyyatı olan kifayət qədər terminlər verilir. Aşağıda onlardan bir neçəsini şərh etməyə çalışacağıq. Məsələn, CİF (cost, insurance and freight) şərtləri əsasında beynəlxalq yükdaşıma müqavilələri çox məşhurdur. CİF müqavilə şərtlərinə görə satıcı alıcının sifarişi ilə bütün xərcləri, o cümlədən, sığorta və daşıma xərclərini ödəyir. CİF beynəlxalq daşıma müqaviləsi yalnız su yolu ilə, dəniz və yaxud okeanla daşınan yüklərə tətbiq olunur. Mallar yerüstü nəqliyyat vasitəsinə yükləndikdən sonra zərər və ya itkilərlə bağlı risklər satıcıdan alıcıya keçir.
CİF-ə bənzəyən başqa bir müqavilə forması CİP (carriage and insurance paid to) adlanır. Onların arasında yeganə fərq ondan ibarətdir ki, CİF yalnız su yolları ilə daşımalarda istifadə olunduğu halda, CİP istənilən növ nəqliyyat vasitələri ilə daşımalarda istifadə edilə bilər.
Qeyd etmək lazımdır ki, hazırda yük sahibləri üçün ən əlverişli yükdaşıma müqaviləsi forması “anbardan anbara (warehouse to warehouse)” adlandırılan və sığorta təminatını da özündə ehtiva edən müqavilə formasıdır. Bu halda tranzit prosesindən əvvəl və yük anbara yerləşdirildikdən sonra buna ayrıca sığorta təminatı əldə etmək tələb olunur.
İnkoterms-də verilən bir sıra digər terminlərin dolayısı ilə sığortaya da aidiyyatı olduğunu söyləyə bilərik. Məsələn, FOB (free on board) və ya FOB Origin/ FOB Point Sipping və ya FAS (free alongside ship) şərtilə daşıma onu nəzərdə tutur ki, daşınan yük gəmiyə yükləndikdən sonra yükgöndərən (satıcı) məsuliyyətdən azad olunur və bütün məsuliyyət ya daşıyıcı şirkətin, ya da alıcının üzərində qalır. Alıcı yükə/mala mülkiyyət hüququna sahib olur və bütün daşıma ərzində dəyən zərər və itkilərə görə məsuliyyət daşıyır. FOR (free on rail) şərtilə daşımada yük dəmir yol nəqliyyat vasitəsinə, FOT (free on truck) şərtilə daşımada isə yerüstü nəqliyyat vasitəsinə yükləndikdən sonra yükgöndərən və ya satıcı məsuliyyətdən azad olur. Beləliklə, sonrakı mərhələdə daşınan yüklə bağlı ümumi təhlükəsizliyi təmin etmək üçün iki seçim imkanı qalır: 1) alıcı özü daşınan yükün sığortasını həyata keçirir; 2) yükdaşıyıcı şirkət 3-cü şəxs qarşısında mülki məsuliyyətinə görə (freight forwarders’ third party liability insurance) sığorta təminatı əldə edir.
Azərbaycanda yük sığortasının cari durumu və inkişaf imkanları
İndi isə qayıdaq başlıqdakı suala. Ölkəmizdə yük sığortası ilə bağlı real vəziyyət nə yerdədir?
Məlumdur ki, Azərbaycanda sığortaçılar tərəfindən təxminən 35-40 sığorta məhsulu təklif edilir. Bunların arasında yük sığortasının payı hələ ki, heç 1 faizi də aşmır. Lakin buna baxmayaraq, zərərlilik nisbəti bir sıra digər sığorta məhsulları ilə müqayisədə çox aşağı olub, son illərə görə 1-5 faiz arasında dəyişməkdədir. Ölkəmizlə bağlı israr etməsək də, bir sıra MDB ölkələrində ümumi yük dövriyyəsində sığortalanmış yüklərin payı 20-30 faiz civarında dəyişir. Müqayisə üçün qeyd edək ki, Avropada bütövlükdə yüklərin 85 faizi sığortalanır. Bu rəqəmlər bizə onu deməyə əsas verir ki, yük sığortası ilə bağlı böyük işlər hələ qabaqdadır. İrəlidə bunları əsaslandırmağa çalışacağıq.
Azərbaycanda yük sığortası ilə bağlı müəyyən qənaətə gəlmək üçün kiçik bir statistika cədvəlinə diqqət yetirək.
Yük sığortası üzrə son üç ildə yığım, ödəniş və zərərlilik göstəriciləri:
Sıra |
İllər |
Sığorta haqları (ümumi) |
Sığorta haqları (yük) |
Ümumi sığorta haqlarında yük sığortasının payı |
Ödəniş (yük) |
Zərərlilik |
1 |
2020 |
|
4 566 000 |
0,7% |
33 700 |
0,7% |
2 |
2021 |
|
4 894 000 |
0,57% |
253 600 |
5,2% |
3 |
2022 |
|
5 428 000 |
0,56% |
42 000 |
0,8% |
4 |
Ümumi |
|
14 888 000 |
|
329 300 |
4,4% |
Cədvəldən də göründüyü kimi, yük sığortası ən rentabelli sığorta növlərindən biridir.
O zaman bu növ sığortanı ölkəmizdə daha da inkişaf etdirmək üçün bizə mane olan nədir?
Cəsarətlə demək olar ki, burada nəinki hər hansı maneçilik yoxdur, əksinə, bu növ sığortanın inkişafı üçün indi həmişə olduğundan daha çox imkanlar yaranmışdır. Belə ki, bölgədə tətbiq edilən bəzi məhdudlaşdırıcı tədbirlər, məlum iqtisadi sanksiyalar yeni nəqliyyat marşrutlarının açılmasına səbəb olur. Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi həmin marşrutların bir çoxunun hazırda məhz ölkəmizdən keçməsinə real şərait yaratmışdır. Biz heç bir halda kütləvi informasiya vasitələrində israrla beynimizə yeridilən, ‘bir kəmər, bir yol’ və onun tərkib hissəsi olan Böyük İpək Yolu, ‘transxəzər layihəsi’, ‘şərq-qərb’, ‘şimal-cənub’ marşrutu, və s. layihələrin yük sığortasına birbaşa müsbət təsir edəcəyini düşünmürük. Təbiidir ki, bütün bunlar ölkəmizin ümumi iqtisadiyyatının inkişafı üçün çox vacib və əhəmiyyətlidir. Biz, eyni məntiqlə Ələt Azad İqtisadi Zonası, Zəngəzur dəhlizi, Bakı-Tiflis-Qars dəmir yolu və s. yolların da perspektivdə yük sığortasını qaldıracağında təkid etmirik. Başqa sözlə, bütün yuxarıdakı imkanlar bütövlükdə sosial-iqtisadi sahələrin, o cümlədən sığortanın inkişafına əlavə imkanlar yaradacaq, amma bunun, yük sığortasında iqtisadi “boom” effekti yaratmayacağı dəqiqdir.
Ölkəmizdə yük sığortasının inkişafı bütün yuxarıdakılarla bərabər bir sıra başqa böyük işlərin də ən yüksək səviyyədə həyata keçirilməsini zəruri edir. Özəlliklə də post-neft erasının başlanması büdcə gəlirlərini təmin edəcək digər fəaliyyət sahələrinin inkişaf etdirilməsini tələb edir. Ölkəmizdə bir tərəfdən neft maşınqayırma, metallurgiya, cihazqayırma, qida sənayesi və s. inkişaf etdirilməli və paralel şəkildə korrupsiyaya qarşı mübarizə gücləndirilməli, azad rəqabət təmin edilməli, “kölgə” iqtisadiyyatı azaldılmalı və şəffaflığın artırılması təmin edilməlidir.
Dövlətimizin yeni iqtisadi və sosial inkişaf strategiyası uzunmüddətli perspektivdə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsini nəzərdə tutur. Bu barədə kifayət qədər elmi işlər yazılmış, araşdırmalar aparılmış və dissertasiya işləri də müdafiə olunmuşdur.
Lakin mövzumuz yük sığortasının inkişafı ilə bağlı olduğundan diqqətimizi daha çox bir mühüm istiqamətə yönəltməli olduğumuzu düşünürük. Belə ki, yük sığortasının artırılması üçün post-neft dövründə rəqabətqabiliyyətli məhsulların ixrac potensialı yüksəldilməli və ümumi xarici ticarət dövriyyəsində ixracat nisbəti daha da artırılmalıdır.
Ümumi ixrac potensialının artırılmasında həlledici rol oynayacaq sahələrdən biri və bəlkə də, birincisi aqrar-sənaye kompleksidir. Aqrar-sənaye kompleksi bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyini nəzərdə tutur. Hazırda ölkəmizdə aqrar sektorun inkişaf etdirilməsi üçün kifayət qədər mükəmməl qanunvericilik bazası yaradılmışdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda aqrar islahatların əsas istiqamətləri müəyyən edilmişdir. Bundan başqa, ölkədə aqrar sahələrin inkişafını dəstəkləyən kifayət qədər qurumlar təsis edilmiş və fəaliyyət göstərirlər. Bildiyimizə və eşitdiyimizə görə onlar müxtəlif üsullarla aqrar sahibkarlığın inkişafına çalışırlar. İngilislər biznesdə “finance, science and performance” (maliyyə, elm və icra) deyə, uğur düsturu təqdim edirlər. Bu sırada həlledici mərhələ olan “maliyyə” hissəsini təmin edən qurumlar da kifayət qədərdir. AR-nin Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi QSC (BOKT), həmin Nazirliyin sədrlik etdiyi Subsudiya Şurası, AR-nin Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrolizinq ASC, AR-nin Sahibkarlığın İnkişafı Fondu, AR-nin İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Birgə İnvest” MMC – DAİM, ABAD xidmət və s. Bir sözlə, aqrar sektorun inkişafı üçün dövlət səviyyəsində bütün təşkilati işlər görülmüş və müvafiq qurumlar yaradılmışdır. Amma yenə də nə isə çatışmır!
Ola bilsin ki, yuxarıdakı istinadlar bir qədər mətləbdən uzaqlaşma kimi görünə bilər. Lakin əgər hədəfimiz yük sığortasının inkişafıdırsa və biz, bunun aqrar sahibkarlığın inkişafı ilə bağlı olduğuna inanırıqsa, bu istinadların yerində olduğu şübhəsizdir. Nə qədər ki, aqrar sahibkar mini və ya kiçik sahibkarlıq subyektini işlədəcək, o, yalnız bir təhər “dolanmağa” üstünlük verəcək. Aqrar ixrac potensialını artırmaq üçün aqrar sahibkarlıq orta və ya iri sahibkarlıq subyektinə çevrilməlidir. Pomidor becərən sahibkar, tomat pastası, alma becərən, cem, meyvə şirəsi, üzüm becərən, spirt və ya şərab, nar becərən, nar-şərab, maldarlıqla məşğul olan sahibkar konserv, yağ, qaymaq və s. istehsalçısına çevrilməsə, yük sığortasının artması da bizim üçün xülya olaraq qalacaqdır.
Bu gün dünya bazarına avtomobil, kompüter və ya mobil telefon çıxarmağımız hələ ki, inandırıcı görünmür. Lakin yük sığortasının gələcək inkişafı dünya bazarına rəqabətədavamlı məhsulların (o cümlədən, aqrar emal məhsullarının) çıxarılmasından və bu sahədə ixrac gücümüzün artırılmasından keçir.
Şükür Hüseynov
Sığorta eksperti