Sığorta hadisələri zamanı ödənişlərin ləngiməsinin və yaranan narazılığın əsas səbəblərindən biri yol polisinin tərəfindən verilən «4 saylı arayış»dır. FED.az xəbər verir ki, bu məsələ
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşəbbüsü ilə ASAN Xidmət və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşündə müzakirə edilib.
Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Agentliyin sədrinin müşaviri, Elektron Hökümət və Rəqəmsal İnnovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov və İSB-nin İcraçı direktoru Rəşad Əhmədov iştirak edib.
Görüşün əsas müzakirə mövzusu avtonəqliyyat hadisələri zamanı Dövlət Yol Polisi tərəfindən verilən 4 saylı arayışın Agentlik tərəfindən təmin edilməsi olub. Birliyin sədri bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsinin gecikdirilməsi, bilavasitə, sığorta ödənişlərinin gecikməsinə səbəb olur.
Bu isə sığortalıların sığortaya və sığorta şirkətlərinə olan inam və etimadın zəifləməsinə gətirib çıxarır. Məsələnin sosial əhəmiyyətliliyini vurğulayan ASA rəhbəri bildirib ki, 4 saylı arayışı ASAN Xidmət versə, sığorta ödənişləri daha tez veriləcək, bununla da, sığorta bazarından məmnun müştərilərin sayını artıracağını qeyd edib. Bu məsələdə İSB-nın mövcud elektron sistem infrastrukturunun faydalı olacağı diqqətə çatdırılıb.
Bununla yanaşı, səfər sığortasının Asan Visa vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Ölkəyə səfər sığortası olmadan səyahət edən və ölkədən gedən şəxslərin bu yolla səfər sığortasını asanlıqla əldə edə biləcəyi qeyd edilib.
Eyni qaydada, səfər sığortasının səyahətdə olan şəxslərin gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosial yönümlü bir məhsul olduğunu nəzərə alınaraq, bu addımın ictimaiyyət üçün təşviqedici xarakter daşıdığı bildirilib.
Görüşün yekununda təklif edilən məsələlər üzrə İşçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilmişdir.Görüşlə bağlı diqqəti çəkən ən maraqlı detal burada Dövlət Yol Polisi idarəsinn nümaynədələrinin olmamasıdır. ASA yol polislərinin bu görüşə dəvət edilmədiyini bildirsə də, səbəbini açıqlamayıb. Amma bunun səbəbini anlamaq çətin də deyil. Çünki indiyədək baş verənlər - arayışın ləngidilməsi, bunun nəticəsində sığorta ödənişlərinin gec verilməsi və bunun nəticəsində müştərilərin sığorta şirkətlərindən narazılığı və sığorta sektoruna inamsın azalması prosesində DYP-nin də özünəməxsus "rolu" var.
Görünür, bu strukturla məsələnin müsbət həll olunacağına ümidini itirən şirkətlər prosesin birbaşa ASAN Xidmətin nəzarətinə keçməsini istəyirlər.