Həyatın yığım sığortası ölkəmizdə müəyyən təbəqələr tərəfindən müsbət qarşılanır və 2010-cu illərin əvvəllərindən başlayaraq artan templə bu sığorta məhsuluna vəsaitlər ötürülür. Sözügedən sığorta məhsulunun populyarlığı həmin sığorta növü üzrə qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştləri ilə izah edilir.
Adıçəkilən sığorta məhsulu mürəkkəb olduğundan keçən dövr ərzində həmişə suallar doğurmuş və həmin suallara cavablar bu günədək verilməmişdir. Bu, həmçinin, məhsulun özündə müxtəlif hüquq sahələri üzrə müddəaların əks etdirilməsindən irəli gəlir. Məhsulun mürəkkəbliyi və vəsaitlərin cəlb olunması ilə bağlı məsuliyyətliyi baxımından bəzi Avropa ölkələrində bu məhsulun satışı ilə məşğul olan şəxslərə xüsusi bilik tələbləri qoyulub.
Problemlər sırasında sığortaçılarla sığortalılar və sığorta olunanlar arasında bağlanan üçtərəfli sığorta müqavilələrinə daxil edilmiş, sığortaçının müştərinin təkidi (xahişi, istəyi) ilə müvafiq banka investisiya edilmiş vəsaitlər üzrə həmin bank müflis olduğu halda məsuliyyətin sığortaçı tərəfindən daşımaması üzrə müddəalardır.
Məsələni izah edim: X bankın əməkdaşları istəyirlər ki, onların əmək haqları, verilən mükafatlar həyatın yığım sığortası üzrə yığıma yönəldilsin. Bank istəyir ki, həmin vəsaitlər sığortaçının məhz həmin bankda açılan depozit hesabında saxlanılsın, qırağa getməsin. Bankın sahibləri və rəhbərləri hesab edirlər ki, onların bankı etibarlıdır və əməkdaşlarının vəsaitlərinin toxunulmazlığı yalnız onların öz bankında saxlanılaraq təmin edilə bilər. Digər tərəfdən, bank həmin vəsaitlərdən istifadə etmək istəyir və hesab edir ki, buna haqqı var, çünki müvafiq əməkdaşları iş yerləri ilə təmin edib. Sığortaçı öz növbəsində bankın etibarlı olub-olmamasını bilmir və məsələyə şübhə ilə yanaşır. Buna görə də sığortaçının təşəbbüsü ilə yığım sığorta müqaviləsinə belə bir bənd salınır ki, sığortalı olan bank müflis olduğu halda və ya hər hansı bir digər səbəbdən öhdəliklərini yerinə yetirə bilmədiyi halda, sığortaçı heç bir məsuliyyət daşımır. Bu razılaşma həm işəgötürən olan sığortalı bank, həm həmin bankın işçisi sığorta olunan, həm də sığorta şirkəti tərəfindən imzalanır.
Üstündən bir il keçir və bank müflis elan edilir. Təbii ki, müflis bankın işçiləri kütləvi olaraq işdən azad edilirlər, çünki işəgötürən olan bank artıq ləğv prosesindədir. Sığortaçı da yuxarıda qeyd olunan bəndə istinadən deyir ki, mən heç bir məsuliyyət daşımıram, özünüz istədiz sizin işlədiyiniz bankda vəsaitləri saxlayım. Aramızda üçtərəfli müqavilə bağlanıb və orada göstərilib ki, işəgötürən bank müflis olduqda, mən sığortaçı olaraq ödənişdən azadam və heç bir məsuliyyət daşımıram. Hüquqi baxımdan pat vəziyyət yaranır.
Razılaşaq ki, qeyd olunan sxem qüsürludur. Bəzi hüquqşünaslar hesab edirlər ki, əgər tərəflər arasında müqavilə varsa, onlar buna riayət etməli və belə bir vəziyyət yarandıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər. Lakin, bu belə deyil.
“Sığorta fəaliyəti haqqında” qanunun 62-ci maddəsinə əsasən sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədi ilə bu öhdəliklərinin strukturunu adekvat əks etdirən səmərəli investisiya siyasətini müəyyənləşdirməli və ona əsasən fəaliyyət göstərməlidir. Hər hansı bir şəxsin sığortaçının investisiya fəaliyyətinə müdaxiləsi qanunvericiliklə nəzərdə tutulmayıb və belə bir müdaxilə və ya vəsaitlərin yönəldilməsi qeyri-qanunidir. Sığortaçı peşəkar maliyyə qurumudur və öz investisiya fəaliyyəti üzrə itkiləri digər şəxsin üzərinə ata bilməz, hətta müştəri ona sifariş etdiyi halda belə. Bizim qanunvericilikdə nəzərdə tutulmayıb ki, müştəri sığortaçıya sifariş etsin ki, mənim ödədiyim sığorta haqqını daşınmaz əmlaka yönəlt, və ya filan bankda saxla və ya hansısa qiymətli kağızları əldə et. Müqavilə azadlığı prinsipi burada işləmir. Bizim qanunvericilik buna imkan vermir.
Qeyd edim ki, qərb ölkələrində sığortalının sifarişi ilə həyat sığortası üzrə vəsaitlərin yerləşdirilməsi geniş yayılıb və bu sığorta sinifi unit linked adlandırılır. Həmin ölkələrin qanunvericiliyində tərəflərin öhdəlikləri, həmin sinif üzrə ehtiyatların adekvat hesablanması konkret göstərilib. Yığım sığortasından unit linked sığorta sinifinin fərqi ondan ibarətdir ki, unit linked sığortada müqavilənin sonunda sığorta ödənişinin tam ödənilməsinə qarantiya yoxdur. Müştəri vəsaitlərin hara investisiya olunmasını özü seçir. Unit linked müştəri üçün investisiya baxımından daha gəlirli sığorta sinifidir və burada investisiyanın əlverişsiz olduğu halda gələcəkdə məruz qalacaq itkilər üzrə məsuliyyət müştəri ilə sığortaçı arasında bölüşdürülür. Bu sığorta sinifi üzrə sığorta məbləği yalnız ölüm halında dəyişməz stabil olaraq qeyd edilir, yaşam hallarında investisiya fəaliyyətindən asılı olaraq dəyişkən olur. Bu növ müqavilələr üzrə öhdəliyin bir qisminin müştərinin üzərinə qoyulması səbəbindən sığortaçının kapitalına təziq az olur. Ümumiyyətlə unit linked sığorta sinifi üzrə sığortaçının öhdəliyi mahiyyətcə sığorta öhdəliyi sayılmır. Və bu fəaliyyət daha çox investisiya şirkəti və qiymətli kağızlar üzrə broker fəaliyyətinə bənzəyir.
Göstərilən xüsusiyyətlərə malik sığorta sinifi bizim qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də bir daha qeyd edirəm ki, bizim qanunvericiliyə əsasən sığortaçı öz investisiya uğursuzluqlarını müştərinin üzərinə ata bilməz və bu cür sövdələşmələrin heç bir qanuni əsası və hüquqi nəticələri yoxdur.
Həmçinin, Mülki Məcəllənin tələblərinə əsasən işəgötürənlə işçi arasında əmək münasibətləri bitdikdə işəgötürən tərəfindən həmin işçilər barəsində bağlanmış yığım sığortası müqavilələrinə də xitam verilməlidir. Bu, sığorta marağının itirilməsi ilə bağlıdır. Belə ki, Məcəllənin 889.3.-cü maddəsinə əsasən “Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur.” 889.6.-cı maddəyə əsasən “Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir.” Deməli, işçi ilə ləğv prosesində olan bank arasında əmək münasibətlərinə xitam verildikdə, sığorta marağı itirildikdə, işəgötürən bankın sığortaçı ilə bağladığı yığım sığortası müqaviləsinə də xitam verilir. Sığortaçı isə qaytarılan məbləğin ödənilməsini təmin edir. Bu, qanunun tələbidir və buna riayət edilməlidir. Bu zamanədək müqavilə 3 ildən az müddətdə qüvvədə olubsa, bütün vergilər büdcəyə ödənilməlidir, çünki vergi imtiyazları VM-nin 102-ci madədəsinə əsasən bu müqavilələrin 3 il və ya ondan çox müddətdə qüvvədə olduğu halda nəzərdə tutulub.
Firdovsi Qasımov
“Yığım sığortası” ilə bağlı cavabsız qalan suallar – FİRDOVSİ QASIMOV
11:18
18 Mart 2019