FED.AZ biznes maliyyə portalı İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyevlə olan müsahibəni təqdim edir.
- Hörmətli Vüsal müəllim, 2025-ci ildə icbari sığorta bazarının təkmilləşdirilməsi istiqamətində nə kimi yeniliklərin həyata keçirilməsini planlaşdırırsınız və 2025-ci illə bağlı proqnozlarınız hansı yöndədir?
- 2011-ci ildən fəaliyyət göstərən İcbari Sığorta Bürosunun əsas məqsədi icbari sığorta sisteminin sabitliyini təmin etmək, sığorta olunanların və üçüncü şəxslərin maraqlarını qorumaqdır. Son illərdə icbari sığorta sistemində texniki və institusional islahatlar aparılıb, kadrların peşəkarlıq səviyyəsinin və ictimaiyyətin sığorta savadlılığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Bundan sonrakı fəaliyyətimizdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektoruna yeniliklər gətirməyi hədəfləyirik. Bu istiqamətdə cari ildə görüləcək işlər barədə məlumat vermək istərdim.
2025-ci ili sığorta sektorunda “InsurTech” layihələrinin tətbiqi ili olaraq xarakterizə etmək olar. Dünyada sığorta sektoru sürətlə texnologiya əsaslı həllərə yönəlir və ölkəmiz də bu prosesdən kənarda qala bilməz. Rəqəmsal transformasiya yalnız şirkətlər üçün deyil, həm də sığortalılar üçün böyük üstünlüklər yaradır. Daha sürətli, şəffaf və rahat sığorta xidmətləri təqdim edilməsi bazarın inkişafını sürətləndirəcək və vətəndaş məmnuniyyətini artıracaq.
Azərbaycanda "Yaşıl Kart" sisteminin elektronlaşdırılması istiqamətində mühüm işlər aparılır. Bu prosesin əsas məqsədi beynəlxalq avtomobil sığortası sistemində sənədləşmənin rəqəmsal formata keçirilməsi, sərhəd keçidlərində prosedurların sadələşdirilməsi və sürücülər üçün əlavə rahatlığın təmin edilməsidir. Xaricdə rəsmiləşdirilən Yaşıl Kartların tam elektronlaşdırılması prosesi bu ilin əvvəlində başa çatdırılıb. Bu yenilik sığorta müqavilələrinin elektron formata keçməsini və müqavilələrin QR kod vasitəsilə yoxlanmasını təmin edib. Elektronlaşdırma sənəd saxtakarlığının qarşısını almaqla yanaşı, əməliyyat sürətini də artırır.
Sığorta hadisəsi zamanı qiymətləndirmə prosesi ilə bağlı bir yenilik də tətbiq edilməkdədir. Sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş ziyanın qiymətləndirilməsi zamanı narazılıq yarandıqda və ya sığortaçı 7 iş günü ərzində əmlaka dəymiş zərərin qiymətləndirilməsini təmin etmədikdə vətəndaşlar İcbari Sığorta Bürosunun sisteminə daxil olaraq elektron xidmət vasitəsilə müstəqil ekspert seçimini edə biləcəklər.
2025-ci ildə tətbiq ediləcək digər mühüm layihələrdən biri vətəndaşın yazılı razılığı əsasında sığorta hadisəsi barədə məlumatların elektron şəkildə sığortaçılara ötürülməsidir. Bu sığortaçılara könüllü sığortalar üzrə risk modelləri hazırlamağa imkan verəcək.
"Insurebus Gateway" layihəmiz isə sığorta əməliyyatlarını API servisləri vasitəsilə sığorta şirkətlərinə ötürməyi hədəfləyir. Bu layihə sığorta şirkətlərinə məlumatların verifikasiyasını İSB-nin sistemində aparmaq imkanı verəcək, əməliyyatları daha sürətli və düzgün yerinə yetirməyə şərait yaradacaq.
Sərhəd sığorta müqavilələrinin qeydiyyatını asanlaşdırmaq məqsədilə yeni www.tpl.az platforması yaradılacaq. Bu platforma vasitəsilə xaricdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sahibləri sığorta müqavilələrini onlayn şəkildə əldə edə biləcəklər. Eyni zamanda, ödənişlərin birbaşa sayt üzərindən həyata keçirilməsi sərhəd keçid məntəqələrində sıxlıq və vaxt itkisini aradan qaldıracaq.
Digər layihəmiz daşınmaz əmlakla bağlıdır. Azərbaycan seysmik zonada yerləşdiyi üçün daşınmaz əmlakın icbari sığortasında risklərin düzgün qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq təbii fəlakətlər üzrə risklərin qiymətləndirilməsi üçün də xüsusi bir model hazırlanır. Türkiyənin “T RUPT” şirkəti ilə əməkdaşlıq çərçivəsində “CatMod Azərbaycan” hazırlanan model sayəsində sığorta şirkətləri zəlzələlərin potensial zərərlərini əvvəlcədən proqnozlaşdıracaq.
Ümumilikdə 2025-ci ildə həyata keçiriləcək digər mühüm layihələr İSB-nin informasiya sisteminin təhlükəsizliyini və dayanıqlığını artırmağa yönəlib. Bu layihələr sığorta sektorunun rəqəmsal transformasiyasını dərinləşdirəcək.
- Bildiyimiz kimi, hazırda Azərbaycanda qeydiyyatda 1,6 milyondan çox avtomobil var. Avtomobillərin icbari sığortasının yenilənməsi ilə bağlı 1 ay müddət qalmış avtomobil sahiblərinə 9707 qısa mesaj xidmətindən SMS-lər göndərilir. Bu isə öz növbəsində il ərzində təxminən 150-200 min manat civarında xərc deməkdir. Məlumdur hər gün ölkəyə onlara avtomobil idxal olunur. Bilmək istərdik ki, İSB-nin 2025-ci il üzrə büdcə xərclərində bu məbləğdə dəyişiklik olacaqmı?
- Hazırda avtomobillərin icbari sığorta müddətinin başa çatmasına bir ay qalmış nəqliyyat vasitəsi sahiblərinə 9707 qısa nömrəsi vasitəsilə SMS bildirişlərin göndərilməsi təmin edilir. Sözügedən proses müəyyən maliyyə vəsaiti tələb edir və qeyd etdiyiniz kimi bu xərclər göndərilən SMS-lərin sayından asılı olaraq formalaşır.
Avtomobil parkının genişlənməsi nəticəsində bu xidmətə ayrılan vəsait də dinamik olaraq artır. Bu da İcbari Sığorta Bürosunun büdcəsində nəzərə alınır.
Məhz bu səbəbdən 2025-ci il üzrə SMS xidmətlərinin avtomatlaşdırılması və daha rəqəmsal formatlara keçid istiqamətində tədbirlər nəzərdən keçirilir. Bu məqsədlə myGov və e-sosial mobil tətbiqləri üzərindən bildirişlərin çatdırılmasını təmin etməklə SMS sayını azaltmaq niyyətindəyik. Məqsəd həm maliyyə resurslarına qənaət etmək, həm də xidmətin daha effektiv və müasir üsullarla vətəndaşlara təqdim olunmasını təmin etməkdir.
- Üç il əvvəl icbari sığorta tariflərində tətbiq edilən yeniliklər – yeni qayda ilə hesablanma - avtomobil bazarının risklərini qarşılamağa imkan verirmi? Çünki son vaxtlar avtomobil sığortasının zərərliliyi yenidən artmaqdadır.
- Yeni qaydalara əsasən, icbari avto-sığortada baza sığorta haqqı 50 manat səviyyəsində sabit saxlanılmış, lakin risklərə uyğun əmsallar yenidən tənzimlənmişdir. Bakı şəhərində yüksək risk ehtimalı nəzərə alınaraq əmsal 1,1, Sumqayıt və Abşeron üçün 1,05, digər bölgələrdə isə 0,95 müəyyən edilmişdir. Avtomobilin istismar müddəti də risk qiymətləndirməsinə təsir edir: 10 ildən çox istifadə edilən nəqliyyat vasitələrinə 1,05, 20 ildən çox istifadə edilənlərə 1,1 əmsalı tətbiq edilir. Əgər avtomobili bir neçə şəxs idarə edirsə, baza sığorta haqqına əlavə 1,15 əmsalı tətbiq olunur. Sürücünün yaşı və sürücülük təcrübəsi də nəzərə alınaraq risk səviyyəsinə uyğun olaraq 1-dən 1,35-ə qədər əmsallar təyin edilir. Zərərliliyin artmasına səbəb isə avtomobil parkının sürətlə genişlənməsi, yeni və daha bahalı avtomobillərin bazara daxil olması, onların ehtiyat hissələrinin baha başa gəlməsi və yol-nəqliyyat hadisələrinin intensivliyinin artmasıdır. Qeyd etmək lazımdır ki, sığorta sektorunun nəzarət qurumu kimi Azərbaycan Mərkəzi Bankı bu risklərin idarə olunması və sığorta bazarında sabitliyin qorunması məqsədilə davamlı islahatlar aparır, sığorta məhsullarının şəffaflığı və istehlakçı məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. Mərkəzi Bankın bu sahədəki fəaliyyəti nəqliyyat vasitələrinin icbari sığortası mexanizminin daha ədalətli və dayanıqlı inkişafına mühüm dəstək verir.
- Vüsal müəllim, bildiyimiz kimi, hazırda ölkənin avtomobil bazarında ciddi dəyişiklər prosesindədir. Ənənəvi avtomobil parkını sürətli şəkildə hibrid və elektrik avtomobiləri əvəz edir. Avtomobil parkının tərkibinin dəyişməsi yol qəzalarında özünü necə göstərir? Yəni, qəzalarla bağlı vəziyyət də dəyişirmi?
- Avtomobil parkının tərkibində baş verən dəyişikliklər, xüsusilə hibrid və elektrik nəqliyyat vasitələrinin sayının artması təkcə Azərbaycanda deyil, qlobal miqyasda da sığorta sektoruna birbaşa təsir göstərir. Bu tip nəqliyyat vasitələri ənənəvi avtomobillərlə müqayisədə daha mürəkkəb texnoloji komponentlərlə – bahalı batareyalar, elektron idarəetmə sistemləri və inkişaf etmiş təhlükəsizlik avadanlıqları ilə təchiz olunurlar. Bu isə qəza hallarında təmir və bərpa xərclərinin daha yüksək olmasına səbəb olur.
Digər tərəfdən, əvvəlki illərdə avtomobil bazarında iri mühərrik həcminə malik avtomobillər üstünlük təşkil edirdisə, hazırda hibrid və elektrik avtomobillərin mühərrik həcmləri daha kiçikdir. Mühərrik həcminin azalması sığorta haqqının hesablanmasında daha aşağı əmsalların tətbiqinə səbəb olur. Lakin yol-nəqliyyat hadisəsi baş verdikdə bu nəqliyyat vasitələrinin yüksək texnoloji komponentlərinin təmiri baha başa gəldiyindən orta sığorta ödənişi məbləğində artım müşahidə olunur. Bu tendensiya hazırda beynəlxalq sığorta bazarlarında da özünü göstərir.
- Yaşıl kartlardan istifadə ilə bağlı işlər nə yerdədir? Son bir il ərzində yaşıl kart istifadəçilərinin səbəb olduğu sığorta hadisələrinə görə zərərçəkmiş üçüncü şəxslərə hansı məbləğdə ödənişlər edilib? Azərbaycan yaşıl kartlarına sahib yerli və xarici sürücülərlə əlaqədar ödənilən sığorta məbləğlərini qeyd etməyinizi xahiş edirik.
- 2024-cü il Azərbaycanın Yaşıl Kart sistemi çərçivəsində fəaliyyəti fonunda mühüm göstəricilərlə yadda qalıb. Ümumilikdə 50 207 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilib və bu müqavilələr üzrə 7,2 milyon manat sığorta haqqı toplanıb. Müqavilələrin 40 mindən bir qədər çoxu Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə münasibətdə bağlanıb ki, nəticədə 2,5 milyon manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə isə 10 169 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilib və 4,7 milyon manat sığorta haqqı toplanıb.
Ötən il Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 yol-nəqliyyat hadisəsi üzrə 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8314 manat təşkil edib. Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkə xaricində səbəb olduğu 314 yol-nəqliyyat hadisəsi üzrə isə 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib Ümumilikdə, Yaşıl Kart sistemi çərçivəsində xarici ölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2,5 milyon manat sığorta ödənişi icra olunub.
- Yaşıl kart üzrə sığorta ödənişlərinin diversifikasiyasına nəzər salmaq istərdik. Azərbaycanda ən çox qəzanı hansı ölkənin sürücüləri törədir? Azərbaycanlı sürücülər daha çox hansı ölkələrdə qəza edir?
- Azərbaycanda ən çox qəza törədən xarici sürücülər Türkiyə qeydiyyatlı avtonəqliyyat vasitələrinin sahibləridir. Ötən il həmin sürücülər Azərbaycanda 20 qəza törədib və bu hadisələrə görə zərərçəkmiş yerli vətəndaşlara 36 966 manat sığorta ödənişi edilib. Türkiyədən sonra Ukrayna sürücüləri 13 qəza ilə ikinci, Rusiya sürücüləri isə 5 qəza ilə üçüncü yeri tutmaqdadır. Həmin ölkələrin sürücülərinin səbəb olduğu yol-nəqliyyat hadisələri üzrə zərərçəkmiş şəxslərə müvafiq olaraq 24 084 manat və 13 429 manat sığorta təzminatı verilib. Bundan əlavə, Çexiya, Moldova, Macarıstan və Polşadan olan sürücülər tərəfindən törədilən 4 qəza üzrə də sığorta ödənişləri də həyata keçirilib. Ümumilikdə, xarici sürücülərin Azərbaycanda törətdiyi 42 qəza üzrə 87 087 manat sığorta öhdəliyi yerinə yetirilmişdir.
2024-cü ildə Azərbaycan Yaşıl Kart sahiblərinin isə ən çox yol-nəqliyyat hadisəsi törətdiyi ölkə Türkiyə olub ki, bu ölkədə 191 qəza baş verib. Türkiyədən sonra növbəti ölkə Rusiyadır, burada 105 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Latviyada 4, Polşada 7, Belarusda 2, Rumıniyada 2, Estoniyada 1, Niderlandda 1 və Belçikada 1 qəza baş verib. Ümumilikdə, 2024-cü ildə Yaşıl Kartla sığortalı olan Azərbaycan qeydiyyatlı avtonəqliyyat vasitələrinin təqsiri ilə xarici ölkələrdə baş vermiş qəzaların sayı 314-ə bərabər olmuşdur.
Müsahibəni apardı: Elnur Hüseynquluyev, FED.az-ın Baş redaktoru