Azərbaycanda turizm xidmətlərinin keyfiyyətin yaxşılaşdırılması və ölkəyə gələn turistlərin məmnunluğunun artırılması, bu məqsədlə turagentlərin və turoperatorların fəaliyyətinin tənzimlənməsi və standart mexanizmin qurulması məqsədilə Dövlət Turizm Agentliyi “Turizm haqqında” qanun lahiyəsi hazırlayıb.
Eləcə də bax: Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi - FƏALİYYƏT GÖSTƏRƏCƏK
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, sənədin əsas məqsədi turizm sahəsinin tənzimlənməsi olmaqla bərabər, turagentlərin və turoperatorların fəaliyyətləri ilə bağlı olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə üçüncü şəxslər (turistlər) qarşısında mülki məsuliyyətin sığorta etdirilməsidir. Bununla bağlı ASA-nın təşkilatçılığı ilə Dövlət Turizm Agentliyinin səlahiyyətli şəxslərinin sığorta şirkətlərinin, turagentlərin və turoperatorların, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib, qanun lahiyəsi və görüləcək işlər barədə məlumat verilib.
İclasda turizm sahədində mülki məsuliyyət sığortasının tətbiqi zamanı əldə ediləcək fayda, yaranacaq problemlər və risklər müzakirə olunub, proitet məsələlərin müəyyənləşdirilməsi istiqamətində danışıqlar aparılıb. Sonda turagentlərə və turoperatorlara bu modelin tətbiqi zamanı qarşıya çıxa biləcək risklərin müəyyən edilməsi barədə tapşırıq verilib, bu risklər əsasında modelin yenidən müzakirə edilməsi üçün növbəti iclasın tarixi müəyyən edilib.
Xatırladaq ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən və üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi İctimai Birliyin üzvüdür.