Korporativ müştərilər arasında populyarlığına görə kasko sığortasından sonra 2-ci yerdə qərarlaşan sığorta növü korporativ tibbi sığortadır. Hələ nefdollarlarının ölkə iqtisadiyyatına sürətlə daxil olmasından xeyli əvvəl, “Əsrin müqaviləsi” bağlandığı dövrdən könüllü tibbi sığorta öz ilk addımlarını atmağa başlamışdı. Ekspatların dominantlıq etdiyi qazma, quraşdırma şirkətlərinin kaprizləri böyük olan əməkdaşları üçün tibbi sığorta təminantının olması əsas tələblərdən biri idi. Bazar qanunların uyğun olaraq tələb təklifin yaranmasına rəvac verdi. İlk dövrlər özəl tibb müəssisələrinin sayının azlığı, dövlət tibb müəssisələrinin tibbi təhcizat və təmanat səviyyələrinin çox bərbad olması səbəblərindən təqdim edilən xidmətin keyfiyyəti qənaətbəxş deyildi. Lakin zamanla bu sahədə böyük pul dövriyyəsinin olmasını müşahidə edən sahibkarlar sığorta şirkətləri ilə daha da intensiv əməkdaşlıq əlaqələri qurmağa, tibb müəssisələrinin xidmət səviyyələrini yüksəltməyə, maddi-texniki təhcizata xüsus diqqət ayırmağa başladılar.
Mahiyyətcə özündə qarşılıqlı sığortanın elementlərini ehtiva edən tibbi sığorta kifayət qədər personala malik olan müştərinin ödədiyi sığorta haqqlarından formalaşan fondun sığorta şirkəti tərəfindən koordinasiya edilməsindən ibarətdir. Yəni, müştərinin sağlam işçilərinin ödədiyi sığorta haqqı hesabına sığorta müddəti ərzində xəstələnən əməkdaşların müalicəsinin təşkil edilməsi sığorta şirkəti tərəfindən təmin edilməlidir. Ənənəvi təsnifatda və inkişaf etmiş ölkələrin sığorta bazarlarında qeyd etdiyimiz prinsipə əsaslanan könüllü tibbi sığorta əksər sahələrdə olduğu kimi Azərbaycan reallıqlarında öz “unikal”lığı ilə seçilməkdədir. Əsasən eyni tibb müəssisələri ilə demək olar ki, eyni qiymət diapazonunda əməkdaşlıq edən bəzi sığorta şirkətlərinin potensial müştərilərin rəsmi yaxud qeyri-rəsmi tenderlərində bir-birlərindən kəskin fərqlənən maksimum təminat çərçivəsində minimal sığorta haqqları və çox rahat ödəniş qrafikləri təklif etmələrini sırf sığorta biznesi baxımından anlamaq imkansızdır. Bundan daha da təhlükəli tendensiya isə KTS üzrə ən çox sığorta haqqı ödəyən və çox böyük personala məxsus böyük müştərilərin məhdud saylı sığorta şirkətlərində inzibati yollarla təmərküzləşməsidir. Belə süni təmərküzləşmə nəticəsində xidmət keyfiyyətinin zamanla pisləşməsi kimi ümumi bazarın reputasiyasını zədələyə biləcək təhlükənin səviyyəsi çox yüksək olaraq qalacaqdır. Şirkətlərarsı sərbəst rəqabət mühitinin formalaşdırılması, mövcud bazar payını digər şirkətlərdən qopartmaqla deyil, yeni bazar seqmentlərini əhatə edə biləcək, tibbi sığortanın kütləviləşməsinə rəvac verən sığorta məhsulları hazırlamaqla və onları bazarda irəlilətməklə tibbi sığortada son dövrlərdə baş verən tənəzzülün qarşısını almaq olar.
Son illərdə “İcbari Tibbi Sığorta haqqında” qanunun tələblərinə müvafiq olaraq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmış, onun təşkilati strukturu formalaşdırılmışdır. Bu sahə üzrə kifayət qədər təcrübəsi olan peşəkarlardan ibarət işlək bir komanda təşkil edilmişdir. Artıq ölkəmizin 2 regionunda- Yevlax və Mingəçevirdə pilot layihə olaraq həyata keçirilən icbari tibbi sığorta üzrə müəyyən işlər görülmüşdür. Pilot layihənin tətbiqi uğurlu olarsa sığortanın əhatə dairəsi digər regionlara da şamil ediləcəkdir. Şəxsi qənaətimcə, dövlət tərəfindən çoxsaylı işsiz əhalinin sığorta haqqının hansı vəsaitlər hesabına kompensasiya edilməsi konkretləşdirilməsə layihənin bütün ölkə üzrə normal işləməsi sual altında qalacaqdır. Dərman, avadanlıq və tibbi ləvazimatların əksəriyyətini idxal etdiyimizdən, yaxın gələcəkdə devalvasiya dalğasının davam edəcəyi ehtimalının böyük olduğundan sığorta haqqlarında davamlı artım olması, işsizlər ordusunun sayının iqtisadi böhran, UDM-nin azalması nəticəsində daha da çoxalması,yaxın qonuşlarımızın acı təcürbələrinə əsasən icbari sığortanın kütləvi tətbiqinin ilk dövrlərində korrupsiya səviyyəsinin yüksək olması kimi neqativ tendensiyalar İcbari Tibbi Sığortanın inkişaf perespektivləri kontekstində böyük maneələr kimi qəbul edilməlidir.
Digər bir mühüm məqam isə İcbari Tibbi Sığortanın tətbiq edilməsindən sonra Könüllü Tübbi Sığorta üzrə sığortalanan müştərilərə hansı məshsulun təklif edilməsinin müəyyənləşdirilməsidir. Fikrimcə, bu məsələdə biz nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icabri sığortası üzrə sığorta limitlərinin əhəmiyyətli artımından sonra avtomobillərin kompleks sığortası üzrə üçüncü şəxslər qarşısında mülki məsuliyyətin könüllü sığortası üzrə təminatın nisbətən arxa plana keçməsi ilə analogiya apara bilərik. İcbari Tibbi Sığortanın baza paketinə daxil olan təminatları daha genişləndirməklə, rinoplastika, xroniki xəstəlikər, varikoz genişlənmə, dişlərə estetik qulluq, implantasiya və s kimi standard sığorta təminatına düşməyən tibbi xidmətləri, xaricdə müalicə kim əlavə opsiyaları təklif etməklə könüllü tibbi sığorta üzrə sığorta şirkətlərinə loyal olan müştəri seqmentini qoruyub saxlamaq mümkün olacaqdır.
İlkin Nəcəfov, Cİİ Cert. Sığorta eksperti