Maliyyəçi-ekspert Emin Kazımov «Sosial sığorta haqqında» qanuna dəyişikliklər və həmin dəyişikliklərə uybun olaraq 2020-ci ilin əvvəlindən etibarən fərdi sahibkarların ödədiyi sosial sığopta haqlarının növbəti dəfə artımına münasibətini FED.az-la bölüşüb.
Ekspert bu sahədə yanaşmanın dəyişməsini və sosial sığorta haqlarının məbləğinin regionlar üzrə fərqləndirilməsini təklif edir. E.Kazımov yazır:
Bildiyimiz kimi, məcburi dövlət sosial sığorta haqlarının tətbiqi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tənzimlənməkdədir.
Yuxarıda adı qeyd edilən Qanunun 1 yanvar 2020-ci il tarixdən quvvəyə minən bəzi tələblərinin, özəlliklə sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarına cəlb edilmə mexanizmində sosial və iqtisadi ədalət prinsipinin pozulduğunu düşünməkdəyik və bunu qısaca nəzərinizə çatdırmağa, fikrimizi əsaslandırmağa çalışacayıq.
Qanunun 14-cü maddəsində məcburi dövlət sosial sığorta haqlarının sığortaedənlərin fəaliyyət növünə uyğun müəyyən edilərək hesablanması və toplanması qaydaları öz əksini tapmışdır.
Belə ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının ticarət və tikinti sahəsində- 50 faizi, digər sahələrdə isə 25 faizi nisbətində məcburi dövlət sosial sığorta haqqı hesablayıb ödəmək məcburiyyətindədirlər. Qeyd etməliyik ki, Qanunun dəyişiklərdən öncəki halında digər sahələrdə 20 faiz tətbiq edilirdi və əsas məqam odur ki, bu faizlər eyni zamanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi əraziyə görədə fərqli tətbiq edilməkdə idi. Yani Bakı şəhərində həmin faizlərin tamamı, Gəncə və Sumqayıtda həmin faizlərin 90 faizi, Respublika tabeli şəhərlərdə 60 faizi və kənd yerlərində 50 faizi tətbiq edilirdi. Məsələn Bakıda ticarət fəaliyyəti ilə məşğul olan bir fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs aylıq 125 manat (minimum aylıq əmək haqqının 50 faizi), hər hansı bir rayonun kəndində eyni sahədə fəaliyyət göstərən başqa bir şəxs isə 62.50 manat (minimum aylıq əmək haqqının 50 faizinin yarısı) miqdarında sosial sığorta haqqı ödəyirdi. Son dəyişikliklərdən sonra isə bu fərqləndirmə aradan götürülərək hər iki şəxsə eyni qayda tətbiq edilməklə 125 manat tətbiq edilir. Bu o demekdir ki, məsələn, Bakıda aylıq dövriyyəsi on minlərlə ölçülən ticarət fəaliyyəti ilə məşğul olan bir fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə hər hansı bir rayonun ucqar dağ kəndində eyni fəaliyyətlə məşğul olan və dövriyyəsi hec 800 manata çatmayan bir şəxs eyni məbləğdə-125 manat məcburi dövlət sosial sığorta haqqına cəlb ediləcəklər.
Müasir sosial dövlət anlayışı sosial və iqtisadi ədalətin vətəndaşlara bütün sahər üzrə yansımasını tələb etməkdə və bəzi hallarda sosial və iqtisadi ədalət eyni və bərabər şərtlərin və qaydaların tətbiqi ilə əksinə pozulmuş olar. Yuxarıda qeyd etdiyimiz misaldanda göründüyü kimi eyni sosial sığorta ödənişinin tətbiqi əslində heçdə sosial iqtisadi ədalətə xidmət etmir.
Ümumiyyətlə imkan düşdükcə biz daima sosial sığorta ödəmələrinin minimum aylıq əmək haqqına nisbətdə hesablanmasının düzgün olmadığını demişik. Unutmaq lazım deyil ki, bu indekslənmələr məhs həmin minimum əmək haqqının yüksəlməsini yavaşlatmaqdadır. Təsəvvür edək ki,minimum aylıq əmək haqqı 500 manat dəyərində müəyyən edilməsi planlaşdırılır (Fikrimizcə bu göstərici çoxdan bu həddi haqlamalı idi). Bu zaman kənd yerində xırda dükanı olan bir insanımızın aylıq 250 manat dəyərində sosial sığorta haqqı ödəməli olduğunu duyanda keçirəcəyi hissləri siz özünüz düşünün artıq...İstənilən məcburi ödəmələr təyinatı nə olursa olsun (vergi ya sosial sıöorta və ya bu yaxın zamanda tətbiqi gözlənilən icbari tibbi sığorta və s.) yalnız mükəlləfiyyət sahiblərinin qazancları nisbətində tətbiq edilməlidir. Necə deyərlər damara görə qan alınmalıdır. Qazancları məhdud olan şəxslərin isə köməyinə məhs Sosial Dövlət gəlməlidir və sosial iqtisadi ədalətin bərqərar olmasını təmin etməlidir. Tənqid təklif olmadan natamam sayıldığını düşünürük və bu səbəblə də təklifimiz məcburi dövlət sosial sığorta haqlarının fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi sahədən və məkandan asılı olmayaraq birbaşa gəlirlərinə müəyyən edilmiş bir nisbətdə bağlanması və aşağı hədd tətbiq etməkdənsə yuxarı həddin tətbiq edilməsidir.
Bu fikirlə razılaşmayan bəzi mütəxəssis dostlarımız belə tətbiqin gəlirlərin gizlədilməsi meyillərinin artmasına səbəb olaraq məcburi ödənişlərin həcmində azalmalara gətirib çıxaracağını deyirlər.Amma bunun qarşısını almaq üçün müvafiq dövlət orqanları var.Onlar işlərini peşakarcasına quracaqları təqdirdə belə neqativ halların qarşısını vaxtında almaq olacaq. Sosial Rifah Dövlət anlayışından çıxış edərək sonda deməliyik ki, önəmli olan doğru və sosial ədaləti bərqərar edəcək qərarlar almaqdır. Onların tətbiqi sırasında isə yaranacaq problemləri həll etmək bu sahədə cavabdeh müvafiq dövlət orqanlarımızın vəzifə borclarıdır.
Düşünürük ki, yaxın vaxtlarda “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa yenidən baxılmalı və bu qaldırılan məsələ öz laiqli həllini tapmalıdır.