Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqlarının hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi.
Sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.
Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.
İşəgötürən işçilərə hesablanmış əməyin ödənişi fondunun öz hesabına 22 faizi miqdarında, əmək müqaviləsi ilə işləyən işçilərin aylıq əmək haqqından isə 3 faizi miqdarında məcburi sosial sığorta ayırmalarını hesablayaraq tutmalıdır.
Mülki hüquqi xarakterli müqavilələrlə işləyən və vergi orqanlarında uçotda olmayan fiziki şəxslərə hesablanmış məbləğdən isə ödəmə mənbəyində gəlirlərin 25 faizi miqdarında məcburi sosial sığorta ayırması tutulmalıdır.
Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
Bununla belə, “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən işəgötürən hər ay hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında öz hesabına, 0,5 faizi miqdarında isə işçinin əmək haqqından məcburi işsizlikdən sığorta haqqı hesablayaraq tutmalı, əmək haqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna ödəməlidir.
İşəgötürənlər (sığortaedənlər) hər rüb və hər il “Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”, o cümlədən “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı təqdim edirlər. Rüblük hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda (ilin əvvəlindən artan yekunla deyil) təqdim edilməlidir. İllik hesabat isə hər il üçün növbəti ilin mart ayının 1-nə kimi təqdim edilməlidir.
İşəgötürənlər (sığortaedənlər) məcburi dövlət sosial sığortası məqsədləri üçün fəaliyyət növünün hər kodu üzrə (məcburi dövlət sosial sığorta haqqının hər fərqli dərəcəsinə görə) ayrı-ayrılıqda hesabat təqdim etməlidirlər.
muhasibat.edu.az