Azərbaycanda avtomobilərin icbari sığortası ilə məşğul olan şirkətlərin gəlirləri kəskin artıb.
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR, 2023)
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, 2023-cü ilin yanvar ayında şirkətlərin avtomobillərin icbari sığortası üzrə torladıqları sığorta haqları 11 milyon 271 min manat təşkil edib.
Bu dövrdə həmin sığota növü üzrə ödənişlər isə 7 milyon 920 min manat olub.
2022-ci ilin eyni dövrü, yəni yanvar ayı ilə müqayisədə toplanan sığorta haqları 53%, sığorta ödənişləri isə 21% artıb.
Başqa sözlə, bir il əvvəllə müqayisədə şirkətlərin sığorta haqlarının artım sürəti ödənişlərin artım sürətini 2 dəfədən çox üstələyib.
Başqa formada ifadə etsək, 2022-ci ildə avtomobillərin icbari sığortası üzrə zərərəlilik əmsalı (ödəniş-yığım nisbəti) 88% olduğu halda, 2023-cü ilin yanvarında bu göstərici 70%-ə düşüb.
Qeyd edək ki, 2022-ci ilin yanvarına aid 88% zərərlilik göstəricisi – ölkə üzrə orta rəqəmdir, Bakıda bu göstərici bəzi şirkətlərdə 100%-i keçir, hətta 130%-dən yüksəlirdi.
Avtosığortada zərərin azalması və sığorta şirkətlərinə daha çox gəlirin qalması bu sektorda baş verən obyektiv və subyektiv dəyişikliklərlə bağlıdır, amma bu hal müvəqqətidir.
Belə ki, 2022-ci ilin oktyabrında Azərbaycanda avtomobilərini icbari sığortası üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılıb.
Yeni qaydalara görə, sığorta haqqı hesablananda təkcə avtomobilin mühərrikinin həcmi deyil, sürücünün yaşı, sürücülük təcrübəsi, avtomobili idarə etmək hüququ olan şəxslərin sayı da nəzərə alınır. Bu dəyişikliklər və hər bir yeni göstərici üzrə tətbiq edilən yeni əmsallar eyni avtomobil üçün sığorta haqqını orta hesabla təqribən 2,5-3 dəfə artırıb. Nətcədə sığorta şirkətlərinin gəlirləri kəskin artıb.
Sığorta şirkətlərinin xeyrinə olan, amma qanunsuz yenilik isə şirkətlərin xeyirsiz hesab etdikləri avtomobillərin sığorotasından maksimum yayınması olub. Ötən il sığorta şirkətləri mühərriki kiçik (ona görə də sığorta haqqı məbləği az) olan, eyni zamanda taksidə aktiv istifadə edilən (ona görə də zərərlilik riski böyük olan) avtomobillərin sığortasından hər üsulla yayınmağa çalışıblar.
Məsələ elə bir həddə çatıb ki, Azərbaycan Mərkəzi Bankı həm də sığorta sektorunun requlyatoru olduğu xatırlayaraq bu prosesə müdaxilə etməli oldu. Eləcə də İcbari Sığorta Bürosunun səyləri ilə bu sektorda nizam intizam bərpa olundu – daha dəqiqi kiçik mühərrikli avtomobillərin də rahat sığortasına şərait yaradıldı. Bu proses 2023-cü ilin fevralın 1-dən başlayıb.
Başqa sözlə, 2023-cü il yanvar ayının rəqəmləri hələlik sığorta şirkətləri üçün komfortlu dövrün göstəriciləridir. Sonrakı aylarda isə sığorta haqları ilə yanaşı, zərərliliyin də artması gözlənilir.